Medianews.az
“Yeni Müsavat” həftəliyə keçir –
151 baxış

“Yeni Müsavat” həftəliyə keçir – Hansı gün və neçə səhifədə çıxacaq?

“Yeni Müsavat” qəzeti dövriliyini dəyişir.

Əsası 1989-cu ildə qoyulan “Yeni Müsavat” 1990-cı illərin ikinci yarısından gündəlik nəşrdir, 2000-ci illərdə uzun müddət həftənin bütün günləri çıxıb.

Hazırda həftədə beş dəfə işıq üzü görən qəzet 2026-cı ilin yanvarından həftəliyə keçir.

“Yeni Müsavat”ın baş redaktoru Nazim Sabiroğlu dekabrın 22-də Medianews.az-a açıqlamasında deyib ki, həftəlik nəşri ilkin olaraq 16 səhifə həcmində həyata keçirməyi planlaşdırırlar: “Amma sonrakı dövrdə səhifələrin sayının artırılacağı, qəzetimizin 24 səhifə həcmində çıxacağı istisna deyil”.

Bəs “Yeni Müsavat” həftənin hansı günü işıq üzü görəcək?

Baş redaktor bildirib ki, böyük ehtimalla gələn ildən qəzet həftənin çərşənbə günü köşklərdə olacaq.

Xatırladaq ki, Medianın İnkişafı Agentliyi 2026-cı ildən qəzetlərin yalnız həftədə bir nömrəsinin çapına maliyyə yardımı göstərəcək. Onlara internet versiyası ilə birlikdə ayda 8000 manat ödənəcək. “Yeni Müsavat” qəzetinin dövriliyini dəyişməsi bununla əlaqədardır.

Medianın İnkişafı Agentliyi hazırda “Yeni Müsavat”la yanaşı daha beş gündəlik qəzetin (“525-ci qəzet”, “Yeni Azərbaycan” “Bakı xəbər”, “Şərq”, “Səs”) həftədə 5 nömrəsi maliyyələşdirir, bu qəzetlərə internet versiyası ilə birlikdə ayda 18000 manat yardım ayırır.

2026-cı ildən “525-ci qəzet”in, “Səs” və “Şərq” qəzetlərinin də dövriliyində dəyişiklik olacaq.

Medianews.az qeyd edir ki, hazırda ölkədə daha dörd gündəlik qəzet çıxır: “Azərbaycan”, “Xalq qəzeti”, “İki sahil”, “Novoye vremya”. Bu qəzetlərdən yalnız biri maliyyə dəstəyini Medianın İnkişafı Agentliyindən alır: rus dilində çıxan “Novoye vremya”nın həftədə bir nömrəsinə vəsait ayrılır.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun