Gizir Xanı - Səyyaf Əhmədov ən çox hörmət etdiyim, dəyər verdiyim adamlardandı.
Adam bir əfsanə idi. Birinci müharibədə döyüşdü, atəşkəs dönəmində dəfələrlə düşmən arxasında oldu.
44 günlük müharibədə könüllü can qoydu. Müharibədən əvvəl heç, müharibə vaxtı onunla səngərləri qarış-qarış gəzdik. Qeyri-adi adam idi. Onun yanında adam ölümə gülə-gülə getmək istəyirdi.
Postların birində əsgərlər yeri göstərib dedi ki, qumbaraatanla vurdular, ancaq partlamadı. Baxdı, dedi, ay Səxavət, nizamnamə ilə buna kəndir bağlamalıyıq, gedib kənardan çəkməliyik, ancaq dayın bunu öz nizamnaməsinə uyğun çıxaracaq. Əli ilə dartıb, qoydu yerə. Həm özündə qorxu hissi yox idi, həm də ətrafındakıları bu hissdən uzaqlaşdırırdı.
Raquf Orucov, Gizir Xanı, Zahid Əliyev, Soltan dayı bir döyüşüb, bir xidmət etmişdilər. Raquf Orucov özündən çox Xanıdan, Xanı dayı da Raquf Orucovdan, Zahid Əliyevdən danışardı.
2020-ci noyabrın 24-ü gecə saat iki olardı, Ağdamdan çıxırdıq. Zahid dayı, Soltan dayı məscidə yaxınlaşanda dedilər, Xanı, Qarabağ şikəstəsini indi oxumayıb, nə vaxt oxuyacaqsan? Ürəklə oxudu. Dilim dinc durmadı, dedim, Xanı dayı, bu kəşfiyyatçılar niyə incəsənətə meyilli olur? Güldü. Dedi, kəşfiyyat da ordunun incə sənətidir də.
Deyir, su təstisi su yolunda qırılar. Həyatı müharibəylə keçdi, ölümü də müharibənin nəticəsinin əlindən oldu.
44 günlük müharibə yekunlaşdı, səhərisi gün səngərdə idik, dedi, Saxı, əvvəl yerlim idin, dostum idin, bilirsən də, bir aydı səngərlərdəyik, səngərdə dost olmur, day qardaş olduq.
Allah rəhmət eləsin sənə, qardaş! Xatirən əbədi yaşasın!
Səxavət Məmməd,
jurnalist