Medianews.az
Nobel mükafatı bağışlana və ya geri alına bilərmi?  
300 baxış

Nobel mükafatı bağışlana və ya geri alına bilərmi?  

2025-ci ildə sülh üzrə Nobel mükafatına layiq görülmüş Mariya Maçado mükafatını ABŞ Prezidenti Donald Trampa təhvil verməyə hazır olduğunu bəyan edib.

Müxalifət lideri bu addımını Trampın Venesuelada həyata keçirdiyi hərbi əməliyyatların “sülhə xidmət etməsi” ilə əsaslandırıb. Amerika lideri onun bu hərəkətini hörmət əlaməti kimi dəyərləndirib.

Alfred Nobelin məşhur "Vəsiyyətnamə"sində mükafatın bağışlanması və geri alınması yer almayıb. Ancaq sülh üzrə Nobel mükafatına namizədlərin verilməsi prosedurunda bu sahə üzrə Nobel mükafatına layiq görülənlərin namizəd irəli sürmək hüququ var. Maçado bu il üçün Trampın namizədliyini irəli sürə bilər.

Mükafatın geri alınması ilə bağlı cəhdlərə iki maraqlı nümunə göstərəcəm.

1998-ci ildə Portuqaliya yazıçısı Joze Saramaqo «xəyaldan, mərhəmətdən və kinayədən yoğrulan pritçaları ilə addımbaşı bizdən qaçmağa çalışan gerçəkliyi dərk etməyimizə imkan yaratdığına görə» ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.

Saramaqonun 1991-ci ildə yazdığı «İsanın İncili» romanı katolik kilsəsi tərəfindən təhqir kimi qəbul edildi. Kilsənin etirazında bildirilirdi: «Bu kafir kitab tarixi həqiqətləri ələ salır, Əhdi-Cədidin əsas personajlarının xarakterini təhqir edir». Buna baxmayaraq əsər 25 dilə tərcümə olunur və təkcə Portuqaliyada 20 dəfə nəşr edilir.

2001-ci ildə Vidyadhar Naypol «əsərlərində oxucunu zülmkar mədəniyyətə qarşı gözünü açmağa məcbur edən qərəzsiz və incə təhkiyə ustalığına görə» ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.

Trinidad yazıçısı Naypol «İnananlar arasında» romanını müsəlmanların həyatına həsr edib. O, İrandan və Pakistandan tutmuş İndoneziya və Malayziyaya qədər bütün islam dünyasını islam fundamentalizmində günahlandırıb, bəşər sivilizasiyasına yüksək mənəvi və əxlaqi dəyərləri ilə daxil olan islam dinini «yarıtmaz» adlandırıb. Qeyd edib ki, «dəyişməz və geridə qalmış islam cəmiyyəti» yeni dövrlə ayaqlaşmaq niyyətində deyil.

Yazıçı Nobel mükafatına layiq görüldükdən sonra islama münasibətinə görə Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatı (İSESKO) Nobel komitəsinə məktub göndərərək ona verilən mükafatın geri alınmasını xahiş edib. Məktubda qeyd olunub ki, Naypola belə bir nüfuzlu mükafatın verilməsi «islama qarşı fitnəkarlıqdır».

Lakin mükafatın geri alınmasının mexanizmi olmadığına görə nə Saramaqo, nə də Naypol mükafatdan məhrum edilə bilməzdi.

Etibar Əliyev,
təhsil eksperti

Bizə qoşulun