“Qələbədən sonra baxdım ki, nə yazım, nə yazım?! İstədim ki, mahnı yazım. Gördüm ki, mahnını hamı yazır. “Qarabağnamə” baletinə başlamışdım, yarım saxladım. Hələ ki, yazmıram. Bu yaradıcılıqdır da. Bir də görürsən gedir, bir də görürsən getmir. Başladım bir neçə nömrə yazdım, sonra gördüm ki, ardı gəlmir. Ona görə hələlik kənara qoymuşam. İlham gələn vaxtı yazacam. Bu sifariş deyil, nəsə başqa bir əsər deyil. Bu sırf daxildən gələn bir mövzudur. Həm də neçə vaxtdır digər musiqilərlə məşğulam” Bunu Medianews.az-a açıqlamasında xalq artisti, tanınmış bəstəkar Eldar Mansurov deyib.

O daha sonra son illər gənclərə daha çox dəstək olduğunu bildirib:
“Mən gənclərə dəstək olmayım, kim olacaq? İndi mənim onlara əl tutan vaxtımdır da. Onlar da istedadlıdırlar. Maşallah yaxşı oxuyanlarımız var. Nə kömək lazımdırsa edirəm. Mən deyə bilmərəm ki, mahnılarımı oxumayın. Mahnı kimin üçün yazılır? Mahnı xalq, camaat üçündür də. Onda belə çıxır ki, Rəşid Behbdudovun, Müslüm Maqomayevin oxuduğu əsərləri heç kim oxumamalıdır? Belə şey olmaz axı. Əlbəttə ki, mahnını korlamaq, qol-qabırğasını sındırmaq olmaz. Baxıram görürəm ki, düzgün oxumayıblar, özlərindən nələrsə əlavə ediblər. Məndən çox bilməyəcəksən ki. Cavan uşaqsan da, təzə başlamısan bu sahəyə. Gəl məndən soruş deyim ki, burasını belə, orasını belə et”.
Eldar Mansurov əsərlərinin xaricdə oxunmasından da söz açıb:
“Təkcə “Bayatılar”-ı bütün dünya oxudu. Elə bundan sonra bütün əsərlərimi Əqli Mülkiyyət Agentliyindən qeydiyyatdan keçirdim. Yeganə bəstəkaram ki, bu addımı atmışam və müəllif hüquqlarım qorunur. Xaricdə ya anonim yazırdılar, ya da başqa bir müəllifin adını qeyd edirdilər. Demək olar ki, bütün əsərlərimin müəllif hüququ qorunur” deyə bəstəkar bildirib.