Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Günter Qrassın "Mənim yüzilliyim" əsəri yüz hekayə və novelladan ibarət özünəməxsus xronikadır.
Mühüm hadisələrdən, xatirələrdən ibarət olan əsərdə tarix ani çəkilişlər kimi təsvir olunub. Qrassın gözündə XX əsr müharibələr, Xolokost, bədbəxtliklər əsridir. Bu əsrdə hər bir dürüst insan Günahı özündə axtarır. O günahı ki, ya onda iştirak edib, ya da etməyib. O günahı ki, ya danışıb, ya da susub.
XXI əsr yalan və saxtakarlıqlara dolu əsrdir. Kollektiv günah anlayışı yoxa çıxıb. Diqqət edək: kofeinsiz qəhvə, spirtsiz pivə, az kolorili və az şəkərli sərinləşdirici içkilər (bizə bunların içməli olduğunu inandıra biliblər), şəkərsiz və xolesterolsuz keks, virtual seks, sözsüz kitablar, düşmənsiz müharibələr; real həyat əvəzinə realiti-şoular, real mənəvi işlər əvəzinə burjuylar kimi həftəsonu keçirmək, şəxsiyyətsiz insanlar, mənasız sözlər, həqiqi dostlar əvəzinə feysbuk dostları, qayğıkeşlik və canıyananlıq əvəzinə nəzakətli ifadələr, real həyatımızı əvəz edən sonu olmayan teleseriallar, passiv idman növləri, vaxtını və pulunu görünüşlərini dəyişməyə sərf edən insanlar, bilik və fəhm əvəzinə mənasız axtarışlar...
Bütün bunlar hələ azdır...
Filosof Naim Şapira belə bir sual qoyur: "Həqiqi olan nəsə qalıb? Məncə, ağrı həmişə həqiqdir, həqiqi sevgi də mövcuddur. Təəccüblü deyil ki, gənclər Həqiqət axtarışında həmişə dalana dirənirlər."
Orta və yaşlı nəsil öyrətmir, müşahidə edir...
Etibar Əliyev,
təhsil eksperti