Medianews.az
Klub turnirlərində neçə komanda qalır?
118 baxış

Klub turnirlərində neçə komanda qalır?

UEFA Konfrans Liqasının 2025-2026 mövsümündə liqa mərhələsi başa çatıb.

Medianews.az-ın məlumatına görə, 8 komanda, o cümlədən Ukrayna “Şaxtyor”u birbaşa 1/8 finala çıxıb. 1/16 finalda 16 komanda, o cümlədən Türkiyə “Samsunspor”u və Ermənistan “Noa”sı yarışacaq. 12 komanda, o cümlədən Ukrayna “Dinamo”su turnirdən ələnib.

Çempionlar Liqası və Avropa Liqasının liqa mərhələlərində səkkiz turun altısı oynanıb. 36 komandalıq bu raundları dəf etmək üçün azı 24-cü yeri tutmaq gərəkdir. Çempionlar Liqasında 5, Avropa Liqasında 6 komandanın 2025-2026 mövsümünü davam etdirəcəyi dəqiqləşib.

Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının liqa mərhələsində 22-ci yerdədir.

2025-2026 mövsümündə 34 UEFA üzvünün 96 komandası qalır. Azərbaycan UEFA-nın yenilənmiş klub reytinqində 55 üzv arasında 28-ci pillədə göstərilir. Türkiyə 9-cu, Ukrayna 24-cü, Rusiya 30-cu, Moldova 33-cü, Ermənistan 34-cü, Qazaxıstan 37-ci, Latviya 39-cu, Estoniya 43-cü, Litva 46-cı, Belarus 50-ci, Gürcüstan 53-cüdür.

Reytinq klub turnirlərinin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır.

Çempionlar Liqasının liqa mərhələsinə düşən komandalar 6 bonus xalı alır, həmin raundda ilk 8 pilləni tutan komandalara 6 bonus xalı, 9-16-cı yerləri tutan komandalara 4 bonus xalı, 17-24-cü yerləri tutan komandalara 2 bonus xalı verilir, 1/8 finaldan başlayaraq hər mərhələ 1,5 bonus xalı qazandırır.

Avropa Liqasının liqa mərhələsində ilk 8 pilləni tutan komandalar 6 bonus xalı, 9-16-cı yerləri tutan komandalar 4 bonus xalı, 17-24-cü yerləri tutan komandalar 2 bonus xalı alır, 1/8 finaldan başlayaraq hər mərhələ 1 bonus xalı gətirir.

Konfrans Liqasının liqa mərhələsində ilk 8 pilləni tutan komandalar üçün 4 bonus xalı, 9-16-cı yerləri tutan komandalar üçün 2 bonus xalı, 17-24-cü yerləri tutan komandalar üçün 1 bonus xalı nəzərdə tutulur, 1/8 finaldan başlayaraq hər mərhələ 0,5 bonus xalına bərabər olur.

Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır. Azərbaycan bu mövsüm 5,125 əmsal əldə edib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun