Oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycanı təmsil edənlərdən biri də 1News.az saytının baş redaktoru Kəmalə Məmmədova olub.
Oktyabrın 23-də Kəmalə Məmmədova səfərlə bağlı Medianews.az-ın suallarını cabablandırıb.

- Görüşdə əsas müzakirə mövzusu nə oldu?
- Bildiyiniz kimi, bu il avqustun 8-də Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Birgə Bəyannamə imzalayıblar. İrəvanda vətəndaş cəmiyyətləri nümayəndələrinin ikitərəfli görüşü Birgə Bəyannamənin sülh gündəliyinə uyğun olaraq təşviqinə yönəlmişdi. Müzakirələrdə bir sıra məsələlər qaldırıldı. İki ölkənin cəmiyyətlərini narahat edən mövzular, əsasən də münasibətlərin normallaşdırılması, etimadın möhkəmləndirilməsi, humanitar xarakterli məsələlər müzakirə olundu.

- Ermənistanın ictimaiyyət nümayəndələrinin mövqeyi ilə Ermənistan hökumətinin mövqeyi üst-üstə düşürmü?
- Bəli, mənim müşahidəmə görə, həmin mövqelər xeyli dərəcədə üst-üstə düşür. Eyni zamanda Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri ilə Ermənistanın vətəndaş cəmiyyəti təmsilçilərinin də əksər məsələdə mövqeyi üst-üstə düşürdü. Görüşlərimizin, apardığımız müzakirələrin çox konstruktiv atmosferdə keçdiyini, hamının fikrinin sülhə yönəldiyini söyləyə bilərəm.
- Görüşdə iştirak edən ermənilər arasında çoxdan tanıdığınız şəxslər var idimi? Əgər var idisə, onlarda mövqe dəyişikliyi müşahidə etdinizmi?
- Ermənistan heyətinin görüşdə iştirak edən üzvləri ilə buna qədər ünsiyyətim olmamışdı. Amma bizim nümayəndə heyətinin üzvləri arasında onlarla əvvəllər də ünsiyyətdə olmuş şəxslər var idi.

- İndiyədək oxşar dəyirmi masalar çox olub. Amma demək olar formal xarakter daşıyıb. Bu görüşün formal xarakter daşımadığına əminsinizmi?
- Bəli, çox dəyirmi masa, görüşlər olub. Lakin onlar üçüncü tərəfin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Bizim görüşümüz isə vətəndaş cəmiyyətlərinin təmsilçiləri arasında üçüncü tərəf olmadan, yalnız tərəflərin özünün təşəbbüsü, təşkilatçılığı və iştirakı ilə reallaşan, yəni bu formatda keçirilən ilk görüş idi. İki ölkənin dövlət strukturları bu görüşə dəstək vermişdi. Amma diqqət edin, yenə də söhbət üçüncü ölkənin yox, iki ölkənin özlərinin dövlət strukturlarının dəstəyindən gedir. Ona görə bu görüşə formal bir məsələ kimi baxmaq düz olmazdı. Üstəlik, bu formatda ilk görüş yeganə görüş kimi qalmayacaq. Vətəndaş cəmiyyətləri arasında təmasların davamı nəzərdə tutulub.

- Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da görüşmüşünüz. Həmin görüş barədə nə deyə bilərdiniz?
- O görüş də konstruktiv atmosferdə keçdi. Biz öz mövqeyimizi çatdırdıq. Əsasən qarşılıqlı etimadın möhkəmləndirilməsi məsələlərini qaldırdıq. Müəyyən suallarımızı ünvanlandıq və suallarımıza cavablar aldıq. Armen Qriqoryan vətəndaş cəmiyyətləri nümayəndələrinin ikitərəfli formatda ünsiyyət qurmasını yüksək qiymətləndirdi.
- Növbəti görüşün harada və nə vaxt olacağı bəllidirmi?
- Növbəti görüş Bakıda planlaşdırılır. Sadəcə olaraq hələ ki, vaxt təyin olunmayıb. Amma bu görüşlərin davamlı olacağına ümidvarıq.
Nailə Qasımova,
Medianews.az

