“Vergi Məcəlləsinə” gələn ildən “ƏDV geri al” mexanizmi ilə bağlı yeni dəyişikliyin edilməsi nəzərdə tutulub. Layihə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dəstəklənərək plenar iclasa tövsiyə edilib.

İqtisadçı deputat Vüqar Bayramovun Medianews.az-a dediyinə görə, yeni dəyişikliklərə əsasən, gələn ildən vətəndaşlara “ƏDV geri al” üzrə daha çox vəsaitin ödənilməsi nəzərdə tutulur: “Belə ki, təklif edilən layihəyə əsasən, bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə “ƏDV geri al” mexanizminin tətbiqi həyata keçiriləcək. Bu o deməkdir ki, bu xidmətlərdən istifadə edən vətəndaşlarımız ödədiyi verginin bir hissəsini geri ala biləcəklər”.
Deputat vurğulayıb ki, yeni qaydalarda məqsəd qeyd olunan sektorlarda şəffaflığı gücləndirmək və nağdsız ödənişləri stimullaşdırmaqdır: “Bu eyni zamanda, həmin xidmətlərdən istifadə zamanı vətəndaşlarımızın ödəşinin bir hissəsinin geri qaytarılması yolu ilə istehlakçılara vəsait ödənilməsinə imkan verəcək. Bu isə birbaşa stimullaşdırıcı xarakteri daşıyır. Bu baxımdan, yeni qaydalar istehlakçıların ödədikləri vəsaitin bir hissəsini geri almağa imkan yaratmaqla yanaşı, sözügedən sahənin “ağarması” prosesini sürətləndirəcək”.
Nailə Qasımova,
Medianews.az