Medianews.az
“Təsadüfi və ayaqüstü görüşdən böyük nəticələr gözləməyə dəyməz” -
1,275 baxış

“Təsadüfi və ayaqüstü görüşdən böyük nəticələr gözləməyə dəyməz” - Ekspert

“Rusiya Prezidenti Vladimir Putinin Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış qələbənin 80-ci ildönümü ilə bağlı keçirilən təntənəli tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevlə əl sıxıb görüşməsi, eyni zamanda ölkəmizin Birinci xanımı Mehriban Əliyeva ilə salamlaşması həm təsadüfi, həm də ayaqüstü bir hadisə idi. Belə təsadüfi və ayaqüstü görüşdən böyük nəticələr gözləməyə dəyməz”. Bu fikirləri siyasi ekspert Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında vurğulayıb.

Ekspert bildirib ki, Rusiya-Azərbaycan əlaqələrinin normallaşması üçün Kreml ilk növbədə AZAL təyyarəsinin vurulması ilə əlaqədar Bakının irəli sürdüyü tələblərə əməl etməlidir: “Təbii ki, Azərbaycan Rusiya ilə münasibətlərin gərginləşməsində maraqlı deyil. Azərbaycanla Rusiya qonşu ölkələrdir və tərəflər arasında bir çox sahədə əməkdaşlıq yüksək səviyyədə olub. Amma Rusiya Azərbaycanın müstəqil siyasət aparmasını qəbul etmir və Cənubi Qafqazda yeni geosiyasi nizamı narahatlıqla qarşılayır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın AZAL təyyarəsinin vurulması kimi bir hadisənin üstündən sükutla keçib, əvəzində bir neçə rusun Bakıda həbsdən azad olunmasını tələb etməsi isə siyasi etikaya ziddir.

Azərbaycanla fundamental problemləri Rusiya özü yaradıb. Bunu aradan qaldırmaq üçün Moskva ciddi addımlar atmalıdır. Göründüyü kimi, Rusiyanın anti-Azərbaycan siyasəti öz əleyhinə çevrilib. Putin Çindəki mətbuat konfransında siyasi böhranı etiraf etsə də, hələ ki, konkret addımlar atmayıb”.

M.Əsədullazadə qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda geri dönüşü olmayan yeni geosiyasi reallıqlar yaradıb: “Avropa İttifaqı, ABŞ və Çin Azərbaycanı dəstəkləyir. Belə olan təqdirdə Rusiyanın Azərbaycana təzyiqləri heç bir nəticə verməyəcək”.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun