Medianews.az
Övladını idarə edə bilməyən valideyn
467 baxış

Övladını idarə edə bilməyən valideyn uşağa səsini qaldıran müəllimi təhdid edir

Təhsil eksperti Kamran Əsədov Göygöl rayonunda 11-ci sinif şagirdinin də ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Medianews.az-a açıqlama verib.

O deyib ki, bu hadisə hamımızı sarsıtdı: "Baxın, hər gün məktəblərdə sizin evdən yola saldığınız elə həmin uşaqlarla — adrenalin, macəra, “maraqlı olmaq” hissi ilə dolu gənclərlə — tənqid etdiyiniz müəllimlər işləyir. Onlar təkbaşına 30-35 uşağın həm təlimi, həm də tərbiyəsi ilə məşğuldurlar.

Evdə iki övladını idarə edə bilməyən valideyn, məktəbdə 35 uşağa səsini bir az qaldıran müəllimi təhdid edir, tənqid yağışına tutur. Müəllimdən həm təlimçi, həm psixoloq, həm də ata-ana olmağı tələb edirik, amma ona heç bir dəstək vermirik.

Son vaxtlar baş verən bıçaqlanma, etik olmayan video çəkilişləri, avtoqəzalar — hamısı da həmin evlərin, həmin ailələrin tərbiyə mühitindən gəlir. Uşaqlar evdən gətirdikləri neqativi məktəbə daşıyır, biz isə hər dəfə “müəllim günahkardır” deyib məsuliyyəti üzərimizdən atırıq.

Bu kimi hadisələrdə günahkar müəllim deyil — ailədir, valideyndir. Biz uşaqları bu qədər başımıza çıxarmışıq.

Məktəbi və müəllimi tənqid etməzdən əvvəl, bir anlıq güzgüyə baxın — o uşağın tərbiyəsi, davranışı, dəyərləri harda formalaşmalı idi? Evdə”.

Nailə Qasımova,

Medianews.az

Bizə qoşulun