Medianews.az
“O, mənim kimi eyni qanı daşıyır. Eyni dildə danışırıq. Çox istedadlı insandır”
1,399 baxış

“O, mənim kimi eyni qanı daşıyır. Eyni dildə danışırıq. Çox istedadlı insandır”

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib.

Medianews.az xəbər verir ki, avqustun 26-da yayımlanan müsahibədə dövlət başçısı İranla bağlı sualı da cavablandırıb və Prezident Məsud Pezeşkiandan danışıb.

Zəngəzur dəhlizi ilə bağlı sual verən müxbir İranın münasibətindən söz açaraq deyib: “İran Prezidenti Azərbaycana səfər edib. Onun kökləri azərbaycanlılarla bağlıdır. O, burada Azərbaycan dilində danışırdı. Hazırkı geosiyasi dəyişikliklərdən sonra Azərbaycan ilə İran arasında münasibətləri necə görürsünüz?”

Prezident İlham Əliyevin cavabı belə olub: “Bəli, haqlısınız. İran Prezidenti Azərbaycana səfər edib, əslində, iki dəfə səfər edib. Birincisi, rəsmi səfər idi, ikincisi isə Xankəndi şəhərində, azad edilmiş Qarabağda İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşünə qatıldı. Biz onunla çox yaxşı işgüzar münasibətlər qurmuşuq.

Bəli, siz tamamilə haqlısınız, o, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi və heç bir qeydə ehtiyacı yox idi. Çox istedadlı insandır.

Bizim şəxsi münasibətlərimiz və onun administrasiyası ilə mənim administrasiyam arasında münasibətlər çox konstruktiv, çox mehribandır. İranın yeni hadisələrlə bağlı rəsmi mövqeyinə gəlincə, biz bunu çox əsaslı və çox müsbət hesab edirik. Mən rəsmi mövqe deyəndə Prezidentin, xarici işlər nazirinin mövqeyini nəzərdə tuturam. Bu, rəsmi mövqe hesab olunur.

Biz siyasətimizi İran xalqı tərəfindən seçilən və öz vəzifəsini yerinə yetirmək səlahiyyətinə malik olan, yəni Prezident kimi siyasətçilərə əsasən qururuq. Hazırda müşavir kimi adlandırılan bəzi keçmiş rəsmilər tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Nə məsləhətlər verirlər, bilmirəm. Dərhal reaksiya oldu”.

“Siz rəhbərin müşavirini və digərləri nəzərdə tutursunuz?” sualına İlham Əliyev belə cavab verib: “Bəli. Bu mövqe bizim üçün heç cür əhəmiyyətli deyil. Bizim üçün bunun əhəmiyyəti sıfırdır, çünki dövlətlərarası münasibətlərimiz hökumətlər, prezidentlər, xarici işlər nazirləri arasında qurulur. Buna görə də dırnaqarası müşavirlərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq. Beləliklə, bizim üçün hər şey aydındır. Prezidentin mövqeyi tamamilə məntiqlidir və ona əsaslanır ki, Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil. Bəzi media orqanlarında, bəzi internet saytlarında Azərbaycanın Zəngəzuru işğal edəcəyinə, İranla Ermənistan sərhədini kəsəcəyinə dair planlar barədə çoxlu şayiələr yayılıb. Bu, tamamilə yalandır. Bizim belə bir niyyətimiz yoxdur. Hər halda, etmək istəsəydik, edərdik. 2020-ci ilin noyabr ayında bunu etmək çox asan idi. Bu son beş il ərzində də bunu etmək çox asan idi. Cəmi 40 kilometrdir, hərbi baxımdan çox vaxt aparmayacaqdı. Sadəcə, hər iki tərəfdən - Naxçıvandan və Azərbaycanın bu tərəfindən gəlirsən və götürürsən.

Biz təcavüzkar olmadığımız üçün bunu etmədik. Biz işğal edən ölkə deyilik, biz əraziləri azad edən insanlar və ölkəyik. Bizim işimiz bundan ibarət idi və bizim müharibə də ədalətli idi. Müharibəmiz azadlıq müharibəsi idi. Müharibəni öz torpaqlarımızda, ədalətin bərpası naminə aparmışıq. Beləliklə, bu baxımdan hesab edirəm ki, bizim indi Ermənistan-İran sərhədini kəsməyi planlaşdırdığımızla bağlı bütün bu söz-söhbətlər tamamilə əsassızdır. Bunu hamı bilir”.

1954-cü il təvəllüdlü Məsud Pezeşkian Güney Azərbaycan türküdür. Həkimdir. Təbriz Tibb Universitetinin rektoru, səhiyyə naziri, parlament sədrinin birinci müavini olub. O, 2024-cü ilin ümumxalq seçkisində prezident seçilib.

İranda prezident hökumət başçısı funksiyası daşıyır. Ölkənin ali rəhbəri (dövlət başçısı) Əli Xamneyidir.

Medianews.az

Bizə qoşulun