Medianews.az
Nəcməddin Sadıqov haqda xəbər doğrudurmu? -
2,034 baxış

Nəcməddin Sadıqov haqda xəbər doğrudurmu? - AÇIQLAMA-EKSKLÜZİV

Böyük Britaniyanın “Middle East Eye” saytında 2020-ci ilin Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, general-polkovnik Nəcməddin Sadıqovun Türkiyəyə aparıldığı və orada dindirildiyi haqda məlumat yayılıb.

Diplomatik mənbələrə istinad edən saytın Ankara bürosunun müxbiri Ragıp Soylu yazıb ki, 44 günlük müharibə zamanı Ankara Azərbaycanı təkcə dronlar, elektron döyüş sistemləri, kəşfiyyat vasitələri ilə təmin etməyib, Türkiyə rəsmiləri Azərbaycan ordusunun sıralarında Rusiyapərəst ünsürlərin müəyyən olunmasında da iştirak ediblər: “Bu "ünsürlərdən" biri Rusiyayönlü, Rusiyaya simpatiyada şübhəli bilinən Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqov idi. Vəziyyətdən xəbəri olan mənbə “Middle East Eye” nəşrinə bildirib ki, Türkiyə hakimiyyəti 2020-ci il müharibəsi zamanı onun deportasiyasını təşkil edib. Nəcməddin Sadıqov dindirilmək üçün Türkiyəyə gətirilib və yalnız bundan sonra onun Rusiyaya qayıtmasına icazə verilib".

Məsələ ilə bağlı Medianews.az saytı hərbi ekspert Üzeyir Cəfərova müraciət edib.

Üzeyir Cəfərov bildirib ki, Nəcməddin Sadıqovun 2020-ci ildə Türkiyəyə aparıldığı və orada dindirildiyi barədə ilk dəfədir eşidir: “Ümumiyyətlə, Nəcməddin Sadıqovun hansısa hüquqi prosedurlara cəlb olunduğunu, onunla bağlı hüquqi çərçivədə hər hansı iş aparıldığını eşitməmişəm. Bu səbəbdən “Middle East Eye” saytının xəbərini təsdiq və ya təkzib edə bilmərəm. Məsələyə Nəcməddin Sadıqov birbaşa özü, yaxud vəkili vasitəsilə aydınlıq gətirə bilər”.

Medianews.az xatırladır ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Qarabağ bölgəsində hərbi əməliyyatlara başlayandan bir müddət sonra Nəcməddin Sadıqovun adı Müdafiə Nazirliyinin rəsmi saytının “Rəhbərlik” bölməsindən çıxarılıb. Ancaq onun vəzifədən götürülməsi barədə hər hansı qərar açıqlanmayıb. 2021-ci il yanvarın 28-də Müdafiə Nazirliyindən media quruluşlarının birinə verilən rəsmi açıqlamada Nəcməddin Sadıqovun hərbi xidmətdə olmadığı bəyan edilib. 2021-ci il iyulun 23-də isə Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.

Nəcməddin Sadıqov Silahlı Qüvvələrin Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini vəzifəsindən konkret olaraq hansı gün gedib?

Medianews.az-ın bu sualına cavab olaraq Üzeyir Cəfərov deyib ki, həqiqətən 2020-ci ildə Qarabağda hərbi əməliyyatlar başlayandan bir müddət sonra Nəcməddin Sadıqovun adı Müdafiə Nazirliyinin rəsmi saytının “Rəhbərlik” bölməsindən çıxarılıb: “Həmin vaxt onun nazirliyin rəhbərliyindən uzaqlaşdırıldığını eşitmişdik, bilirdik. Qərarın ictimaiyyətə açıqlanmamasına gəlincə, sonradan da izah edildiyi kimi, müharibə aparan ölkədə bəzən generalların, mühüm post tutan şəxslərin vəzifədən uzaqlaşdırılması haqda qərarlar geniş auditoriyada açıqlanmaya bilər. Bu, çox normal haldır. Müharibə gedir, düşmən tərəfin Silahlı Qüvvələrdəki dəyişikliklər, o cümlədən təyinatlar barədə bilməli olmadığı məlumatlar məxfi saxlanmalıdır”.

Nəcməddin Sadıqov indi haradadır? Medianews.az Üzeyir Cəfərovdan bu barədə bilgili olub-olmadığını da soruşub.

Üzeyir Cəfərov deyib: “Bildiyim qədər Nəcməddin Sadıqov Azərbaycandadır. Onun yaşadığı Yasamal rayonu ərazisində avtomobil qəzası törətməsi haqda xəbər və foto yayılmışdı. Bu yaxınlarda mediada Nəcməddin Sadıqovun hansısa tədbirdə iştirakı haqda da xəbər və fotoşəkil dərc olunmuşdu. Ona görə bildiyim qədər o, Azərbaycandadır.

Yeri gəlmişkən, “Middle East Eye” saytındakı yazıda Nəcməddin Sadıqovun Türkiyədə dindiriləndən sonra Rusiyaya getməsinə icazə verildiyi kimi bir məqam da var. Doğrusu, mən buna şübhə edirəm. Azərbaycan müharibə aparırdı və Nəcməddin Sadıqov xaricə gedə bilməzdi. Onun Türkiyədə dindirilib-dindirilməməsi haqda məlumatsız olsam da, dərc edilmiş yazıda Nəcməddin Sadıqovun müharibə vaxtı Rusiyaya getməsinə icazə verilməsi məqamının qeyri-dəqiq olduğunu düşünürəm”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun