Medianews.az
Kiberhücum legitimləşir? –
1,899 baxış

Kiberhücum legitimləşir? – Ekspert AÇIQLAMASI

Ukrayna ordusu tabeliyində silahlı qüvvələrin yeni növü - Kiberhücum Qüvvələri yaradılır. Bununla bağlı qanun layihəsi artıq Ukrayna parlamentində birinci oxunuşda qəbul olunub.

Kiberhücum – cinayət sayılır. Ancaq münaqişədə olan ölkələrin vaxtaşırı bir-birinə kiberhücumlar etdiyi heç kimə sirr deyil. O da sirr deyil ki, bu cür hücumların əksəri dövlət səviyyəsində təşkil olunur.

Ukraynada kiberhücumun legitimləşdirilməsi qlobal xarakter ala bilərmi? Yəni bütün dünyada bir dövlətin digər dövlətə kiberhücumla cavab verməsi artıq açıq-aşkar formada həyata keçirilən bir prosesə çevrilə bilərmi? Bu baxımdan Azərbaycanda da Ukraynadakına oxşar strukturun yaradılmasına ehtiyac varmı?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, Ukraynanın Kiberhücum Qüvvələrinin yaradılması müasir dövrdə kiberməkana strateji önəm verildiyini göstərir.

O bildirib ki, bugünkü münaqişələr yalnız fiziki cəbhədə deyil, informasiya və rabitə infrastrukturunda da aparılır, buna görə dövlətlər öz müdafiə və əks-təsir imkanlarını sistemləşdirməyə çalışırlar: “Ukraynanın bu addımı həm də beynəlxalq tərəfdaşlarla təcrübə və texnologiya mübadiləsini gücləndirmək məqsədi daşıyır. Kiberhücumların legitimləşdirilməsi məsələsi mürəkkəbdir. Beynəlxalq hüquqda kiberhücumlar ümumiyyətlə cinayət və ya hücum xarakterli fəaliyyət hesab olunur, lakin real siyasətdə dövlətlərin qarşılıqlı kiberəməliyyatlar həyata keçirməsi artıq fakt kimi mövcuddur. Əgər belə praktika genişlənərsə, kiberhücumların müəyyən hallarda "müdafiə" və ya "əks-təsir" çərçivəsində həyata keçirilməsi beynəlxalq normativlərdə yeni müzakirələrə səbəb ola bilər. Bu isə nəticə etibarilə beynəlxalq hüquq və normativ mexanizmlərin yenidən formalaşmasını tələb edəcək”.

E.Abbasov qeyd edib ki, Azərbaycan üçün əsas prioritet milli kibermüdafiə imkanlarının gücləndirilməsidir: “Kritik infrastrukturun, dövlət və maliyyə xidmətlərinin qorunması, insidentlərin erkən aşkarlanması və reaksiya mexanizmlərinin effektivliyinin artırılması vacibdir. Eyni zamanda, kadr hazırlığı və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi vacib komponentlərdir.

Əlavə olaraq, ölkənin mövcud təhlükəsizlik kontekstini, beynəlxalq hüquq normalarını və regional balansı nəzərə alıb, sırf hücum fokuslu struktur yaratmazdan əvvəl müdafiə qabiliyyətlərini optimallaşdırmaq daha məqsədəuyğundur. Bununla belə, proaktiv müdafiə və informasiya təhlükəsizliyi sahəsində xüsusi ixtisaslaşmış bölmələrin formalaşdırılması, başqa sözlə, kiber müdafiə resurslarının artırılması, zəruri hallarda proaktiv tədbirlərin həyata keçirilməsinə hazırlıq baxımından faydalı ola bilər”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun