Medianews.az
Fransa: Milli Məclisin buraxılması təhlükəsi aradan qalxacaqmı?
592 baxış

Fransa: Milli Məclisin buraxılması təhlükəsi aradan qalxacaqmı?

Fransada parlamentin aşağı palatasının - Milli Məclisin buraxılması təhlükəsi aradan qalxa bilər.

Medianews.az-ın məlumatına görə, hökumət başçısı səlahiyyətlərini icra edən Sebastyen Lekornu oktyabrın 8-i axşam bildirib ki, parlament fraksiyaları ilə məsləhətləşmələr zamanı çoxluq Milli Məclisin buraxılmasına qarşı çıxıb. Prezident Emmanuel Makronun oktyabrın 10-da yeni baş nazir təyin edəcəyi vurğulanır.

Ölkədə hökumət həm prezident seçkisinin, həm də Milli Məclisə seçkinin nəticələri əsasında qurulur. İndiki Milli Məclis 2024-cü ilin yayında keçirilmiş növbədənkənar seçkidə formalaşıb. Dövlət başçısına bağlı İntibah Partiyası və müttəfiqləri Milli Məclisdə azlıqda qaldığından hökumət böhranları yaşanır. 2024-cü il sentyabrın 5-də baş nazir təyin olunan Mişel Barnye dekabrın 4-də Milli Məclisdə etimadsızlıqla üzləşərək istefa verib. Dekabrın 13-dən baş nazir postunu tutan Fransua Bayru 2025-ci il sentyabrın 8-də eyni aqibətlə üzləşib. Sentyabrın 9-dan baş nazir olan Sebastyen Lekornu isə oktyabrın 6-da, Milli Məclisin kəskin tənqidləri fonunda istefaya gedib, ancaq Emmanuel Makronun xahişi ilə parlament üzvləri ilə danışıqlar aparır.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun