Medianews.az
Əlillik dərəcəsinin verilməsi asanlaşacaqmı? -
626 baxış

Əlillik dərəcəsinin verilməsi asanlaşacaqmı? - Yeni qaydalar

Nazirlər Kabineti “Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edib. Yeni qaydalarda birinci istiqamət icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi ilə bağlıdır. Bu daha çox texniki dəyişiklik hesab olunur.

Qaydalarda ən vacib dəyişiklik prosesin daha da elektronlaşdırılmasıdır. Belə ki, yeni qaydalara əsasən, şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim və əldə edilə bilər. Sənəddə qeyd olunur ki, bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların verilməsinə bərabər tutulur.

İqtisadçı deputat Vüqar Bayramovun Medianews.az-a dediyinə görə, Nazirlər Kabinetinin yeni qaydaları əlillik dərəcəsinin verilməsi prosesinin daha sadələşdirilməsinə və elektron xidmətlərdən daha çox istifadə olunmasına gətirib çıxaracaq:

“Hazırda 221 min 200 vətəndaşımız əlilliyə görə müavinət alır. Onlardan 42 min 100 nəfəri əlilliyi olan uşaqlardır. Bununla yanaşı, əlillik müavinətin alınması ilə bağlı vətəndaşlar tərəfindən müntəzəm müraciətlər təqdim olunmaqdadır. Prosesin daha da elektronlaşdırılmasının şəffaflığı artıracağı ilə yanaşı, əlillik dərəcələrinin alınmasını asanlaşdıracağı gözlənilir”.

Nailə Qasımova, 
Medianews.az

Bizə qoşulun