Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev ev dustaqlığının üçüncü ayına keçib.
Medianews.az qeyd edir ki, Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbiri 2025-ci il oktyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı, Səbail Rayon Məhkəməsinin qərarı ilə seçilib.
Ev dustaqlığı 2026-cı il fevralın 13-də başa çatacaq Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilir.
278.1-ci maddə Azərbaycan Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər haqqındadır. Bu əməllər 12 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
274-cü maddə dövlətə xəyanət haqqındadır. Dövlətə xəyanət, yəni Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
193-1-ci maddə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma haqqındadır. Bu maddənin 3.2-ci bəndinə, yəni 193-1.3.2-ci maddəyə əsasən, eyni əməli xeyli miqdarda (“xeyli miqdar” dedikdə 50 min manatdan artıq olan məbləğ başa düşülür) törədən şəxs 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Medianews.az bildirir ki, Ramiz Mehdiyevin cəzası təkcə bununla bitməyə bilər. Ona əlavə cəza tətbiqi də mümkündür. Belə ki, Ramiz Mehdiyevin xüsusi rütbəsi və dövlət təltifləri var. Cinayət Məcəlləsinin 43-cü maddəsinə görə isə əlavə cəza kimi xüsusi və ya hərbi rütbədən, fəxri addan, dövlət təltifindən məhrumetmə cəzası tətbiq edilə bilər. Bu zaman rütbə vermiş və təltif etmiş instansiyanın məhkəməyə təqdimatı əsas götürülür. Bu o deməkdir ki, Ramiz Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 278.1, 274 və 193‑1.3.2-ci maddələri ilə irəli sürülən ittihamlar məhkəmədə sübuta yetirilərsə, hökm təkcə həmin maddələrdə nəzərdə tutulan cəzalarla yekunlaşmaya bilər. Rütbə vermiş və təltif etmiş instansiyanın məhkəməyə təqdimatı olarsa, onda məhkəmə həmin təqdimatı əsas götürüb, Cinayət Məcəlləsinin 43-cü maddəsi ilə əlavə cəza da müəyyənləşdirə, Ramiz Mehdiyevi həqiqi dövlət müşaviri xüsusi rütbəsindən və ordenlərdən məhrum edə bilər.
Bundan başqa, Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyündən çıxarılması məsələsi də gündəmdədir. Bu hadisənin məhkəmə hökmündən sonra baş verəcəyi gözləniləndir. Ramiz Mehdiyev akademiklikdən AMEA-nın ali idarəetmə orqanının - ümumi yığıncağının qərarı ilə məhrum edilə bilər.
1938-ci il təvəllüdlü Ramiz Mehdiyev 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasının (2009-cu ilədək Prezidentin İcra Aparatı adlanıb) rəhbəri, 2019-cu il oktyabrın 23-dən 2022-ci il fevralın 19-dək Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.