XXI əsrin ən böyük geosiyasi dilemmalarından biri Rusiyanın aqressiv siyasətidir. Ukraynaya hərbi müdaxiləsi, postsovet məkanında nüfuzunu qorumaq cəhdləri və Qərb dünyasına meydan oxuması bir sualı aktuallaşdırır: niyə dünya hərbi, iqtisadi və texnoloji baxımdan üstün olsa da, Rusiyanı hələ də dayandıra bilmir?
- Nüvə balansının yaratdığı qorxu - Rusiya dünyanın ən böyük nüvə arsenalına sahibdir. Bu fakt Qərbin hərbi gücünü məhdudlaşdırır. NATO Rusiya ilə birbaşa qarşıdurmadan çəkinir, çünki nüvə qarşıdurması bəşəriyyət üçün fəlakət olar. Nəticədə “qalib gəlmək” anlayışı yalnız iqtisadi və siyasi təzyiqlərlə məhdudlaşır.
- Rusiyanın resurs üstünlüyü - Rusiya qaz, neft, uran, taxıl və nadir metallarla dünyanın əsas enerji və xammal təminatçılarından biridir. Sanksiyalar təsir etsə də, tam alternativlər hələ formalaşmayıb. Xüsusilə Avropa uzun müddət enerji asılılığı səbəbindən Rusiyaya sərt addımlar atmaqda çətinlik çəkib.
- Rusiyanın avtoritar dayanıqlılığı - Rusiyada hakimiyyət mərkəzləşdirilib və ictimai narazılıqlar sərt şəkildə boğulur, rəqiblər aradan götürülür. Bu, uzunmüddətli münaqişə dövrlərində rejimin möhkəm qalmasına imkan yaradır. Demokratik Qərb ölkələrində isə ictimai rəy, seçkilər və iqtisadi rifah daha önəmlidir. Bu səbəbdən Rusiyanın siyasi sistemi müvəqqəti də olsa böhranlara qarşı daha dözümlü görünür.
- Dünya güclərinin qlobal parçalanma - “Dünya” dedikdə vahid gücdən danışmaq mümkün deyil. ABŞ, Avropa İttifaqı, Çin, Hindistan, Türkiyə və digər regional oyunçuların maraqları fərqlidir. Çin Rusiyaya sanksiyalara qoşulmur, Hindistan Rusiya neftinin əsas alıcılarından biridir. Bu parçalanma Rusiyanı tam təcrid etmək imkanlarını azaldır.
- Rusiyanın hibrid müharibə taktikası - Rusiya yalnız tanklarla deyil, həm də dezinformasiya, kiberhücum, enerji şantajı və “dondurulmuş münaqişələr” vasitəsilə mübarizə aparır. Bu qeyri-ənənəvi metodlar Qərbin klassik hərbi və diplomatik mexanizmlərini çətinləşdirir.
- Tarixi-sivilizasion, ideoloji faktor - Rusiyanın imperiya yaddaşı və “böyük dövlət” psixologiyası həm siyasi elitanı, həm də əhalinin bir hissəsini mobilizə edir. Bu milli-ideoloji baza uzunmüddətli müqavimət gücü yaradır. Qərb isə daha çox rifah və insan hüquqları prinsiplərinə əsaslandığı üçün eyni mobilizasiya mexanizminə sahib deyil.
Bununla dünya Rusiyadan hərbi, texnoloji və iqtisadi cəhətdən qat-qat üstündür. Lakin nüvə silahı, enerji asılılığı, avtoritar sabitlik, qlobal parçalanma və hibrid müharibə metodları səbəbindən “qalibiyyət” anlayışı mürəkkəbləşir, uzanır.
Rusiyanı dayandırmaq yalnız sərt güclə deyil, həm də uzunmüddətli iqtisadi diversifikasiya, enerji alternativlərinin qurulması, informasiya müharibəsində effektivlik və beynəlxalq birlikdə koordinasiya ilə mümkündür. Hal-hazırda bu tendensiya müşahidə olunur.
İlkin olaraq ABŞ-AB arasında münasibətlərin ciddi şəkildə yenidən qurulması, Rusiya aqressiyasına qarşı vahid taktika və stratejinin inşa edilməsi çox vacibdir. Əks halda proses uzana, əlavə risklər yarana bilər.
Zəlimxan Məmmədli
