Medianews.az
Bakı ilə Sumqayıt arasındakı avtobuslar da bahalaşdı
1,432 baxış

Bakı ilə Sumqayıt arasındakı avtobuslar da bahalaşdı

Medianews.az saytı xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının ictimai nəqliyyatda gediş haqlarının artırılmasını nəzərdə tutan qərarı Bakı-Sumqayıt (Sumqayıt-Bakı) müntəzəm avtobus marşrutlarına da aiddir.

Hazırda Bakı-Sumqayıt (Sumqayıt-Bakı) müntəzəm avtobus marşrutlarında gediş haqqı 70 qəpikdir.  

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarına əsasən, oktyabrın 1-dən Bakı-Sumqayıt (Sumqayıt-Bakı) marşrutu üzrə istifadə edilən, sıxılmış qaz və ya elektrik mühərriki ilə işləyən, yaxud 2025-ci il 1 yanvar tarixindən sonra istehsal edilən və dizel mühərriki ilə işləyən avtobuslarda gediş haqqı ödəniş aləti vasitəsilə ödənildiyi halda bir gedişin qiyməti 80 qəpik olacaq.

Medianews.az bildirir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası qərarı sentyabrın 18-də verib. Qərar ictimaiyyətə sentyabrın 29-da açıqlanıb.

Qərara əsasən, oktyabrın 1-dən Bakı metrosunda gediş haqqı 50 qəpikdən 60 qəpiyə qaldırılır. Eyni zamanda Bakı şəhərinin inzibati ərazisində müasir tələblərə cavab verən, yəni elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən, gediş haqları nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında tariflərin aşağı həddi 60 qəpik olur.

Müasir tələblərə cavab verməyən marşrutlarda isə tariflərin aşağı həddi 50 qəpik səviyyəsində qalır.  

Toğrul Əli, 
Medianews.az

Bizə qoşulun