Medianews.az
Azərbaycanla Ermənistan arasında çox həssas bir məsələ -
1,364 baxış

Azərbaycanla Ermənistan arasında çox həssas bir məsələ - İndiyədək həllini tapmayıb

Sülh bağlamağa qərar vermiş Azərbaycanla Ermənistan arasında həlli vacib məsələlərdən biri dövlət sərhədlərinin müəyyənləşdirilməsidir.

Avqustun 8-də iki ölkənin xarici işlər nazirləri Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair sazişin mətnini paraflayıblar. Paraflanmış sazişə görə, tərəflər 1991-ci ildə dağılmış Sovet İttifaqının respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlikdə bu şəkildə tanındığını təsdiq edir, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır.

Deməli, Azərbaycanla Ermənistan sovet dövründə müəyyənləşmiş sərhədi bir-birinin qanuni ərazisi kimi tanımaq barədə razılaşır.

Sovet dövründə müəyyənləşmiş, sözügedən saziş mətnində qeyd olunduğu kimi, beynəlxalq birliyin də tanıdığı sərhədlərlə götürəndə Azərbaycanın 4 kəndi (Sədərək rayonunun Kərki, Qazax rayonunun Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri) Ermənistanın nəzarətindədir. Gədəbəy rayonunun Başkənd kəndi isə sovet dövründə Ermənistan ərazisinə aid olub. Yəni sovet dövrünün sərhədləri ilə götürəndə Ermənistanın 1 kəndi Azərbaycanın nəzarətindədir.

Kərki, Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndlərinin hamısı Ermənistan ərazisi ilə, Başkənd kəndi isə Azərbaycan ərazisi ilə əhatə olunub.

Paraflanmış sülh sazişində qeyd olunur ki, tərəflər dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında sazişin bağlanması məqsədilə müvafiq sərhəd komissiyaları arasında vicdanla danışıqlar aparacaqlar.

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin dəqiqləşdirilməsi üzrə komissiyalara baş nazirin müavinləri Şahin Mustafayev və Mger Qriqoryan rəhbərlik edirlər.

Sərhədlərin delimitasiyası və demarkasiyası necə aparılacaq? Kərki, Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndlərinin Azərbaycana qaytarılması müqabilində Azərbaycan Başkənd kəndini Ermənistana qaytaracaqmı?

Anklav kəndlərdən qarşılıqlı imtina, yəni ərazi mübadiləsi mümkündürmü?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması və paraflanması o demək deyil ki, bütün məsələlər həllini tapıb: “Hələ yekun sülh müqaviləsi imzalanmalıdır. Eyni zamanda 8 avqust tarixində konkret strukturlara iş aparmaq üçün tapşırıqlar verilib. Onlardan biri də dövlət sərhədinin dəqiqləşdirilməsi üzrə komissiyalar arasında delimitasiya, demarkasiya üzrə danışıqlar aparılmasıdır. Hər iki tərəfdən komissiya ötən il aktiv şəkildə işləyib, əsasnamə qəbul edib. Həmin əsasnamə üzrə işlər aparılmaqdadır. Təxminən 13 kilometr ərazi delimitasiya, demarkasiya olunub. Hazırda bu prosesdə müəyyən problemlər var ki, həllini tapmalıdır. Problemlər anklav kəndlərlə bağlıdır. Azərbaycanın 4, Ermənistanın isə 1 kəndlə bağlı iddiası var. Ötən ilin martında baş nazirin müavini Şahin Mustafayevin ofisindən bəyan edildiyi kimi, bu məsələlər delimitasiya, demarkasiya komissiyalarının gördüyü işlərin gedişində həllini tapacaq. Orada kifayət qədər mühüm məqamlar var. Anklav kəndlərlə həmin kəndlərin aid olduğu ölkənin əsas ərazisi arasında kommunikasiya xətlərinin yaradılması, həmin kəndlərdə yaşayışın, təhlükəsizliyin təmin olunması və başqa bu kimi müzakirə olunacaq həssas məqamlar var”.

O.Qasımovun sözlərinə görə, problemi həll etmək üçün bir sıra variantlar üzərində düşünmək olar: “Variantlardan hansı həyata keçirilə bilər – bu, sonda tərəflərin qarşılıqlı razılaşması ilə müəyyənləşəcək. Burada tərəflərin nəzarətində qalan ərazinin mövqeyi, sahəsi nəzərə alına bilər. Digər məqamlar da nəzərə alına bilər ki, onlarla bağlı müzakirələrin aparılması lazımdır. İndidən konkret bir variantdan, yaxud əvəzləşdirmədən söhbət açmaq tez olardı. Həmin mərhələyə qədər müzakirə ediləsi məqamlar mövcuddur. O məqamlar həllini tapandan sonra məsələ konkret həllə doğru irəliləyə bilər”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun