Medianews.az
Azərbaycanda yeni institut -
1,287 baxış

Azərbaycanda yeni institut - Məhkəmə qərarı həm də onun vasitəsilə icra olunacaq

Avqustun 13-də Prezident İlham Əliyev “Xüsusi icra məmurları haqqında” qanunu təsdiqləyib.

Qeyd edək ki, ölkəmizdə “İcra məmurları haqqında” qanun çoxdan qüvvədədir.

Xüsusi icra məmurlarının icra məmurlarından fərqi nədə olacaq?

Medianews.az-ın sualını cavablandıran hüquqşünas Əkrəm Həsənov bildirib ki, xüsusi icra məmurları dedikdə özəl icra məmurları nəzərdə tutulur: “Hazırda icra məmurlarının hamısı dövlət orqanında çalışır. Başqa cür icra məmuru olmaq mümkün deyil. “Xüsusi icra məmurları haqqında” qanun isə müəyyən proseduralardan - test və müsahibədən ibarət müsabiqədən, 3 aylıq ilkin icbari hazırlıq və stajdan keçəndən sonra şəhadətnamə və xidməti vəsiqə almış ali təhsilli Azərbaycan vətəndaşlarına icra məmuru vəzifəsini yerinə yetirmək imkanı verəcək. Beləliklə, ölkəmizdə həm dövlət orqanında, həm də özəl şəkildə çalışan icra məmurları olacaq”.

Hüquqşünas qeyd edib ki, bu gün ölkəmizin məhkəmə sistemində ən böyük problemlərdən biri də məhkəmə qərarlarının icrasız qalmasıdır: “Məhkəmə qərar verir, amma qərar aylarla, bəzən illərlə icra olunmur. Bunun müxtəlif səbəbləri var: icra məmurlarının sayı az, işləri çoxdur, maliyyə problemləri var, maaşları iş yükünə yetəcək qədər deyil və sair və ilaxır. Ona görə xüsusi icra məmurları fəaliyyətə başlayandan sonra məhkəmə qərarlarının icrası sahəsində vəziyyətin daha yaxşı olacağını düşünürəm”.

Ə.Həsənov bildirib ki, özəl icra institutu xarici ölkələrdə də var: “Ödəniş müqabilində məhkəmə qərarlarının icrası ilə məşğul olurlar. Yəni kimsə onun xeyrinə çıxarılmış məhkəmə qərarını özəl icra məmurunun icra etməsini istəyirsə, gedib onlara üz tutur, ödəniş müqabilində qərarın icrasına nail olur. Azərbaycanda da xüsusi icra məmurları göstərdikləri xidmətdən qazandıqları vəsaitlə özlərini maliyyələşdirəcəklər”. 

Xüsusi icra institutunun nə vaxt fəaliyyətə başlayacağına gəlincə, Ə.Həsənov deyib ki, qanun hələ yeni təsdiqlənib və onun reallaşdırılması az vaxt aparmayacaq.

Ədliyyə Nazirliyi xüsusi icra institutunun 2026-cı ildən tətbiq olunacağını vəd edib. Nazirlik bəyan edib ki, xüsusi icra institutunun tətbiqinə başlanılması məqsədilə xüsusi icra məmurlarının şəhadətləndirilməsi, icbari təlimi və fəaliyyəti üçün zəruri olan hüquqi aktlar hazırlanmalı, eyni zamanda bu sahədə institusional işlər görülməlidir.

Nazirliyin açıqlamasına görə, xüsusi icra məmurları məcburi icra orqanı statusuna malik olacaqlar. Onlar cinayət, inzibati xəta, inzibati mübahisələrə dair işlər, dövlət orqanlarının tərəf olduqları digər işlər, məişət zorakılığından mühafizə, məcburi müalicə, uşağın mənafeyi ilə bağlı işlərdən (aliment istisna olmaqla) başqa bütün qərarların icrasını həyata keçirə biləcəklər. Xüsusi icra məmurlarının fəaliyyətinin maliyyə dayanıqlığını təmin etmək üçün ilkin mərhələdə pul tələbləri ilə bağlı işlərin də onlar tərəfindən icrası nəzərdə tutulur.

Xüsusi icra məmurları özünüidarə orqanı olan Xüsusi İcra Məmurları Palatasında birləşəcək, palatanın daxili idarəçilik qaydalarına tabe olacaqlar.

Dövlət başçısının 13 avqust fərmanına əsasən, Nazirlər Kabineti “Xüsusi icra məmurları haqqında” qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir. Bundan başqa, hökumət xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqənin, habelə ilkin icbari hazırlığın və stajın keçirilməsi qaydalarını; xüsusi icra məmurunun standart haqqının və əlavə icra haqqının hesablanması meyarlarını və hədlərini, habelə standart haqq üzrə avansın məbləğini; Xüsusi İcra Məmurları Reyestrinin aparılması qaydalarını; xüsusi icra məmurunun vahid geyim formasının və nişanının, habelə xüsusi icra məmurunun köməkçisinin nişanının təsvirlərini; xüsusi icra məmurlarının fəaliyyətinə Ədliyyə Nazirliyi tərəfindən nəzarətin həyata keçirilməsi qaydasını; müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydasını və digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyi isə xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma qaydasını; Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının tərkibini və əsasnaməsini; xüsusi icra məmuru şəhadətnaməsinin və xüsusi icra məmurunun xidməti vəsiqəsinin formalarını; xüsusi icra məmurunun şəxsi işinin aparılması qaydasını; xüsusi icra məmurunun şəxsi möhürünün, təsdiq qeydi ştamplarının və blanklarının nümunələrini; icra sənədinin icra olunması barədə xüsusi icra məmuruna ünvanlanan ərizənin nümunəsini; Xüsusi İcra Məmurlarının İntizam Komissiyasının tərkibini və əsasnaməsini; xüsusi icra məmurlarının və onların köməkçilərinin ixtisasının və peşə hazırlığının artırılması məqsədilə təlimin keçirilməsi qaydalarını; xüsusi icra məmurunun ofisində iş qaydasını; xüsusi icra məmurunun fəaliyyəti üzrə kargüzarlığın aparılması qaydalarını müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməli və qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Hazırkı icra məmurlarını xüsusi icra məmurlarından ayırmaq üçün dövlət orqanında çalışanlar sadəcə icra məmuru yox, dövlət icra məmuru adlandırılacaqlar.

Nailə Qasımova,
Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanıb.

Bizə qoşulun