24.07.2025, 13:18
211 baxış
Azad
Azərbaycanda kriptolar ödəniş vasitəsi olacaqmı? Rəqəmsal manat nə zaman reallaşacaq?
Ötən gün Mərkəzi Bankın sədri Taleh Kazımovun ekspertlərlə görüşundə mənim diqqət yetiridyim məsələlərdən biri də virtual aktivlərlə (kriptovalyuta, tokenlər, NFT və s.), kriptovalyuta bazarının tənzimlənməsi ilə bağlı olub.
Mərkəzi Bankın sədri virtual aktivlərlə bağlı qanunun hazırlanmaqda olduğunu və qısa müddətdə başa çatdırılacağını bildirdi.
Bu qanun ölkəmizdə kriptovalyuta mühitini xeyli dəyişəcək.
Məhz bu qanun kripto birjaların və bu tip platformaların qeydiyyatı və xarici kripto platformalarının Azərbaycanda fəaliyyəti üçün mühitin yaradılması, kriptoların rəsmi pul vahidi və ya ödəniş vasitəsi kimi tanınması, kriptovalyutalardan əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi və s. bu tip məsələləri tənzimləyəcək.
Xatırladıram ki, MDB məkanında Rusiya, Qazaxıstan, Özbəkistan və Belarusda bu sektorun tənzimlənməsi ilə bağlı qanunlar və hüquqi normalar mövcuddur.
Yeri gəlmişkən, Taleh müəllimin dediyindən belə anladım ki, Mərkəzi Bank rəqəmsal manata daha fərqli və daha konservativ yanaşır.
Yəni rəqəmsal manatın dövriyyəyə buraxılmasına virtual aktivlər çərçivəsində deyil, daha məhdud çərçivədə baxılır.
Hazırda Mərkəzi Bank digər ölkələrdə rəqəmsal milli valyutalarla bağlı mövcud təcrübənin araşdırılması və öyrənilməsilə də məşğuldur.
Gələn il rəqəmsal manatla bağlı işlərin daha da sürətlənəcəyi gözlənilir.
Osman Gündüz,
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru
Paylaş: