Medianews.az
“Sehrli xalat”ın ZƏRİFƏsindən ETİRAF: <span style=color:red>“Ad günümü təyyarədə qeyd etdilər, adımı nəvəmə vermədim” - ÖZƏL
371 baxış

“Sehrli xalat”ın ZƏRİFƏsindən ETİRAF: “Ad günümü təyyarədə qeyd etdilər, adımı nəvəmə vermədim” - ÖZƏL

“Artıq bir neçə ildir ki, efirlərə getmirəm. Bunun səbəbi həm səhhətimə görədir, həm də dəfələrlə danışdığım mövzuları yenidən danışmaq istəmirəm. Ürəyimdə problemlər var. Açıq ürək əməliyyatı keçirtmişəm. Mənim üçün bu gün çox çətindir. 75 yaşım tamam olacaq. Bəzən söz verirəm, gedə bilmirəm, özümü çox pis hiss edirəm. 3-4 ildir bir-iki jurnalistə müsahibə söz vermişəm, hələ də reallaşdıra bilmirəm. Hər dəfə deyirəm ki, bu gün, sabah, 1 həftə sonra, 10 gün sonra” Bunu Medianews.az-a açıqlamasında “Sehrli xalat” filminin Zərifəsi Solmaz Hətəmova deyib. O daha sonra filmdəki adını uşaq olarkən sevmədiyini bildirib: “Zərifə adını heç bir nəvəm yaşatmır. Sözün düzü o vaxt bu addan bir o qədər də xoşum gəlmirdi. Zərifə adında anamın bir rəfiqəsi var idi. Hər dəfə bu ad filmdə çəkiləndə anam sevinirdi. Heç Solmaz adı da xoşuma gəlmir. Mənim adımı nəvəmə vermək istəyirdilər, icazə vermədim” deyə o bildirib. Solmaz Hətəmova bugünki uşaqlardan, onların maraqlarından və filmlə bağlı xatirələrindən də danışıb: “Bugünki uşaqları aldatmaq çox çətindir. Çoxbilmişdilər. Uşaqların həyatı tamam başqa cürdür. İndi film çəkmək və filmə çəkilmək çox asandır. O vaxt hər çəkilişdə dubl çox olmurdu. Əlisəttar Atakişiyev həm rəssam, həm operator, həm rejissor, həm də ssenarist idi. Bu film o vaxt ekranlara çıxanda o qədər də qiymət verilmədi. İllər keçəndən sonra “Sehrli xalat” öz qiymətini aldı. “Sehrli xalat” filmində çəkiləndə “Odessa” kinostudiyasından gəlib uşaqları seçirdilər. Rəşid rolunu oynayan Azər Qurbanovu seçdilər. Məni də dəvət etdilər, amma evdəkilər qoymadı. Valideynlərim, ələxsus da anam heç “Sehrli xalat” filminə çəkilməyə icazə vermirdi. Yay tətilinə təsadüf etdiyi üçün icazə vermişdi. Elə oldu ki, yay bitdi və filmin bir hissəsini sentyabrda çəkməyi planlaşdırdılar. Anam dedi ki, olmaz, çünki məktəbdən geri qalırdım. Rejissor gəlib evdə babamla söhbət etdi və ailəmi birtəhər razı saldı. O şərtlə razı oldular ki, dərslərimdən geri qalmayım. Yadımdadır, sentyabr ayında ad günüm idi. Biz bəzi səhnələri Minsk şəhərində lentə almaq üçün ora yola düşmüşdük. Mənim ad günümü də təyyarədə qeyd etdilər”. Solmaz Hətəmova bildirib ki, “Sehrli xalat”-2 filminin çəkilməsini qətiyyən istəmir: "Bu mümkünsüzdür. O vaxt texnika inkişaf etməmişdi və hər şey insanlara maraqlı gəlirdi. Bu bir növ yenilik idi. İndiki rejissorlar “Sehrli xalat”-ı çəkib, nəyi göstərəcəklər? İndi internet dövrüdür, hər şey adiləşib. Elə bir şeylər olmalıdır ki, əlçatmaz olsun, insanlarda maraq doğursun. Mən də istəməzdim bu film yenidən çəkilsin. Bilirəm ki, orijinalı kimi olmayacaq". Əli Əsgər Medianews.az

Bizə qoşulun