Medianews.az
Azərbaycanda nazirdən başqa da koronavirusa yoluxan varmı?
198 baxış

Azərbaycanda nazirdən başqa da koronavirusa yoluxan varmı?

Mayın 13-də kənd təsərrüfatı naziri Məcnun Məmmədovun koronavirusa (COVID-19) yoluxduğu haqda ölkə mediasında məlumat yayılıb. Məlumata görə, Məcnun Məmmədov Bakıda keçirilən "Caspian Agro" sərgisi ilə əlaqədar COVİD-19 testi verib və testin nəticəsi müsbət çıxıb, ona görə də nazir sərgidə iştirak edə bilməyib. Göründüyü kimi, ölkədə beynəlxalq tədbirlərdən öncə iştirakçılardan, o cümlədən nazirdən COVİD-19 testi götürülür. Bəs Azərbaycanda kənd təsərrüfatı nazirindən başqa da koronavirusa yoluxan varmı? Son ayların statistikası nə göstərir: 2025-ci ilin ötən müddəti ərzində ölkəmizdə neçə nəfər koronavirusa yoluxub? Virusa yoluxanlar xəstəxanada, yoxsa ev şəraitində müalicə alır? Medianews.az bildirir ki, ölkənin rəsmi qurumları - Səhiyyə Nazirliyi, TƏBİB, eləcə də koronovirus pandemiyası dövründə yaratdığı operativ qərargahı hələ fəaliyyətdə olan Nazirlər Kabineti bu tipli suallara cavab vermir. Nazirlər Kabineti yanında operativ qərargahın 2024-cü il fevralın 2-də yaydığı statistikaya görə, Azərbaycanda 834 min 630 nəfər koronavirusa yoluxub, onların 10 min 400-ü vəfat edib. Həmin vaxtdan bəri hər hansı statistika açıqlanmayıb. Koronavirus infeksiyasına görə 2020-ci il martın 31-də Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilib, ölkəyə giriş-çıxışa məhdudiyyət qoyulub, quru sərhədlər bağlanıb. Xüsusi karantin rejimi hazırda qüvvədədir. 2019-cu ilin dekabrında Çində üzə çıxan yeni koronavirus infeksiyası ilə əlaqədar 2020-ci il martın 11-dən 2023-cü il mayın 5-dək qlobal pandemiya elan olunub. Medianews.az 

Bizə qoşulun