“Qırğızıstanda “egov” portalı artıq vətəndaşların məlumat sızıntılarını da portalda əks etdirir”.
Bunu Medianews.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov deyib.

O bildirib ki, Qırğızıstanda son illər baş verən məlumat sızıntıları və kibertəhlükəsizlik insidentləri dövlət qurumları və banklar üçün vətəndaş məlumatlarının qorunması sahəsində ciddi tədbirlərin vacibliyini gündəmə gətirib: “Xüsusilə 2020-ci ildə baş verən və 600 min vətəndaşın şəxsi məlumatlarının sızması ilə nəticələnən hadisə bu qurumların daha proaktiv və sistemli yanaşmalar tətbiq etməsinə səbəb olub.
Dəfələrlə televiziya efirlərində banklara çağırış edərək, müştəri kart məlumatlarında hər hansı sızıntı baş verdikdə onlara dərhal xəbərdarlıq etmələri təklifini səsləndirmişəm. Azərbaycanda kiberdələduzluq hallarının artmaqda olduğu bir dövrdə belə bir xidmətin tətbiqi vətəndaşların təhlükəsizliyi baxımından son dərəcə faydalı olardı. Müştəri məlumatlarının sızması zamanı bankların istifadəçiləri operativ şəkildə məlumatlandırması və bu sahədə təhlükəsizlik tədbirlərini gücləndirməsi artıq zərurətə çevrilib”.

E.Abbasov hesab edir ki, hazırda Azərbaycan vətəndaşlarına müxtəlif dövlət xidmətlərinə çıxış imkanı verən “mygov” portalında da oxşar xəbərdarlıq mexanizminin tətbiqi informasiya təhlükəsizliyinin artırılmasına töhfə verə bilər: “Real vaxtda məlumat sızıntısı və kibertəhlükə ilə bağlı bildirişlərin verilməsi, həm dövlət qurumlarının məsuliyyətini artırar, həm də vətəndaşların öz məlumatları üzərində nəzarət imkanlarını genişləndirər.
Qırğızıstanın təcrübəsini nəzərə alaraq, Azərbaycan da vətəndaş məlumatlarının qorunması və kibertəhlükəsizlik sahəsində qabaqlayıcı və innovativ addımlar atmalı, “mygov” portalını bu istiqamətdə inkişaf etdirməlidir”.
Ekspert vurğulayıb ki, ümumiyyətlə qonşu ölkələrdə, o cümlədən Rusiyada bu sahədə çox maraqlı yanaşmalar və praktik təcrübələr həyata keçirilir.
Nailə Qasımova,
Medianews.az