Medianews.az
Evdar qadınlar hansı halda pensiya ala biləcək? – <span style=color:red>AÇIQLAMA
280 baxış

Evdar qadınlar hansı halda pensiya ala biləcək? – AÇIQLAMA

Bəzi ölkələrdə evdar qadınlar könüllü əsasda müəyyən məbləğ ödəyərək pensiya və sosial sığorta sisteminə qoşula bilirlər. Bu model onların gələcəkdə maddi asılılıq yaşamadan sosial təminatla əhatə olunmasına şərait yaradır. Belə təcrübə qadınların həm ailə daxilindəki əməklərinin tanınmasına, həm də cəmiyyətə iqtisadi töhfələrinin dəyərləndirilməsinə xidmət edir. Azərbaycanda da bu təcrübənin tətbiqi evdar qadınların sosial müdafiəsini gücləndirə, gender bərabərliyinə töhfə verə bilər. Bu baxımdan sual yaranır: Azərbaycanda da bu təcrübə tətbiq oluna bilərmi? Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında iqitsadçı-eskpert Xalid Kərimli bildirdi ki, hazırda Azərbaycanda 2026-cı ilə qədər işləyib-işləməməsindən asılı olmayaraq bütün vətəndaşlara pensiya təminatı verilir: “Bu sistem 2026-cı ildən sonra da tamamilə ləğv olunmur, lakin hökumətin təqdim etdiyi güzəştli sosial iş stajı hər il bir il azalmaqla davam edəcək. Məsələn, 2027-ci ildə bu staj 24 il, 2028-ci ildə isə 23 il olacaq. Bu qaydanın əsas məqsədi, hökumətin humanist yanaşma əsasında bütün vətəndaşlara pensiya hüququnu təmin etməsidir. Elə hallar olur ki, insan 2026-cı ilə qədər heç bir yerdə işləməyib, pensiya fonduna bir qəpik də ödəməyib, amma yenə də pensiya alır. Bu isə hökumətin təqdim etdiyi sosial güzəştlə mümkün olur. Lakin 2026-cı ildən sonra bu güzəştlər mərhələli şəkildə azaldılacaq və insanlara da bu müddət ərzində işlərini rəsmi şəkildə tənzimləmək üçün vaxt veriləcək. Ekspert qeyd etdi ki, bu cür vətəndaşlara təyin olunan pensiya yalnız minimum məbləğdə olur: “Əgər siz pensiya sistemində iştirak etməmisinizsə, hökumət sizə ancaq minimum pensiya təyin edə bilər. Digər tərəfdən, hazırda "özəl pensiya fondları" ilə bağlı qanun layihəsi hazırlanır. Bu qanun qəbul edildikdən sonra vətəndaşlar könüllü şəkildə həmin fondlarda iştirak edərək əlavə pensiya təminatı əldə edə biləcəklər. Bu, artıq icbari dövlət pensiya sistemindən deyil, məhz özəl pensiya mexanizmindən keçəcək. Hazırda bu məsələ ilə bağlı qanunvericilikdə konkret müddəa olmasa da, artıq iki ildir ki, bu mövzu ictimai müzakirədədir və hökumət bunun əhəmiyyətini nəzərə alaraq üzərində işləyir”. Oğuz Ayvaz, Medianews.az

Bizə qoşulun