Medianews.az
Ağadadaş Ağayevin ayağına "elektron qolbaq" bağlanacaqmı? - <span style=color:red>Xalq artisti DANIŞDI
372 baxış

Ağadadaş Ağayevin ayağına "elektron qolbaq" bağlanacaqmı? - Xalq artisti DANIŞDI

Tanınmış müğənni, Xalq artisti Ağadadaş Ağayev martın 6-da Binəqədi Rayon Məhkəməsinin onun barəsində çıxardığı hökmdən apellyasiya şikayəti verəcək. Bunu Xalq artisti Medianews.az saytına açıqlamasında deyib. Ağadadaş Ağayev bildirib: “Bəzi məqamlar var ki, qəbul etmirəm. Unutmayaq ki, bu prosesi yaşayan mənəm, nəyin haqlı, nəyin nə dərəcədə haqsız olduğunu daha çox görür, daha yaxşı duyuram. Üstəlik, bildiyiniz kimi, qarşı tərəfi bağışlamışam. Bunları və digər halları nəzərə alıb məhkəmə istər şərti məhkum etməni, istərsə də sınaq müddətini qanunda göstərilən aşağı həddə - altı ay da götürə bilərdi. Təəssüf ki, belə olmadı, ona görə apelyasiya instansiyasına müraciət edəcəm. Hər şeyin ədalətlə, doru-düzgün həll olunmasını istəyirəm. Mənim çəkdiklərimi bilmək üçün daha ətraflı, daha dərin araşdırmaya ehtiyac var. Əslində işi sadəcə ümumiləşdirərək qərar verdilər. Məhkəmə heyətinə böyük hörmətim var, həmişə də belə olacaq. Ancaq Binəqədi Rayon Məhkəməsinin işin bütün hallarını, detallarını, o cümlədən Konstitusiya Məhkəməsinin qərarları ilə təsdiqlənmiş bir neçə məqamı nəzərə almadığını söyləmək məcburiyyətindəyəm. Məhkəmə prosesi zamanı insidentin video görüntüləri də nümayiş olundu. Oradan da bəlli olur ki, ilk olaraq qarşı tərəf mənim qapıma gəlib. Məni bu məsələyə cəlb etmək üçün əlindən gələni edib. Mən də bütün bunlara istinad edərək deyirəm ki, məhkəmə işin bütün hallarını nəzərə almayıb. Artıq vəkilimlə danışmışam. Apellyasiya şikayəti verəcəyik”. Ağadadaş Ağayevin sözlərinə görə, şərti məhkum etmə cəzası onun mədəni- kütləvi tədbirlərdə, o cümlədən toylarda iştirakına mane olmayacaq: “Hətta şərti məhkum edilmiş şəxslər üzərində nəzarətin həyata keçirilməsi qaydalarına uyğun olaraq nəzarəti icra edən instansiyaya ərizə ilə müraciət etdikdən sonra dövlətlərarası tədbirlərdə də iştirak edə bilərəm. O mənada, çox şükür, hər şey yolundadır”. Medianews.az saytının “Şərti cəza çəkdiyiniz müddətdə sizə qarşı hər hansı elektron nəzarət, konkret olaraq elektron qolbaq (məhkum edilmiş  şəxsin ayağına bağlanan, onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihaz) tətbiq olunacaqmı?” sualına Xalq artisti belə cavab verib: “Yox, elektron nəzarət olmayacaq. Yalnız polis nəzarəti olacaq. Hüquq mühafizə orqanları mənə hörmət-izzətlə, etimadla yanaşır, mən də onlara. Hara çağırıblarsa, vaxtından da əvvəl orda olmuşam. İndi biz qatı cinayətkar deyilik ki... Bir hadisədir başımıza gəlib...” Xatırladaq ki, 2024-cü il iyul ayının 22-də Bakıdakı "MedEra" hospitalın qarşısında Ağadadaş Ağayevlə hospitalın gözətçisi Nurəddin Cəlilov arasında insident baş verib. İnsidentə görə həm Ağadadaş Ağayev, həm də Nurəddin Cəlilov barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq törədilməsi - zərərçəkmiş şəxsə zor tətbiq olunması, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla) maddəsi ilə istintaq başlanıb. Eyni zamanda Ağadadaş Ağayevə qaldırılmış cinayət işində Nurəddin Cəlilov və "MedEra" hospitalın xadiməsi Nəzakət Paşayeva, Nurəddin Cəlilova qaldırılmış cinayət işində isə Ağadadaş Ağayev zərərçəkmiş kimi tanınıb. Prosesin gedişində tərəflər barışıblar. Həmçinin Ağadadaş Ağayevin “MedEra” hospitala, xəstəxananın isə Xalq artistinə qarşı qaldırdığı mülki iddiaya xitam verilib. İşə Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baxılıb. Məhkəmə prosesi matın 6-da yekunlaşıb. Ağadadaş Ağayevə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə Ağadadaş Ağayevə təyin edilən cəza şərti hesab edilib. Ona 1 il sınaq müddəti təyin olunub. Nurəddin Cəlilova 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə ona təyin olunan cəza şərti sayılıb və 2 il sınaq müddəti təyin olunub. Cinayət Məcəlləsinin 70-ci maddəsinə görə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmənin həmin cəzanın şərti tətbiqi haqqında qərar çıxarmaq hüququ var. Şərti məhkum etmə təyin edilərkən altı aydan beş ilədək sınaq müddəti müəyyən olunur. Bu zaman əlavə cəzaların təyin edilməsi də mümkündür. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə bu vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək. Məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələrin də qoyulmasına yol verilir. Sınaq müddəti ərzində məhkəmə məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər. Bu zaman şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsas götürülür. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun