Medianews.az
Atəş niyə açılıb? – <span style=color:red>Hərbi ekspertin ŞƏRHİ
236 baxış

Atəş niyə açılıb? – Hərbi ekspertin ŞƏRHİ

“Ermənistan idarəçilik sistemində ciddi problemlər yaşayan dövlət olduğu üçün mövqelərimizin atəşə tutulmasının səbəbləri haqda müxtəlif ehtimallar irəli sürmək olar”. Hərbi ekspert İbrahim Rüstəmli martın 4-də Ermənistan silahlı qüvvələri bölmələrinin Gorus rayonu istiqamətindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutmasını Medianews.az-a şərh edərkən belə deyib. İ.Rüstəmli bildirib ki, mövqelərimizə atəş açılması hansısa erməni hərbçisinin özbaşınalığı da ola bilər: “İnanmıram ki, atəş rəsmi göstəriş əsasında açılsın. Amma bu versiyanı da istisna etmək olmaz. Azərbaycana məğlubiyyətindən sonra Ermənistan ordusu hələ də özünə gələ bilməyib. Bu orduda başıpozuqluluq hökm sürür. Ola bilər, mövqelərimizə atəş açılması düşünülmüş təxribat yox, erməni ordusunda hökm sürən intizamsızlığın nəticəsidir. Ancaq əsl səbəbi bilmədən dəqiq fikir söyləmək də olmaz. Bəli, əvvəllər də belə hadisə olub və bu, hərbi eskalasiyaya gətirib çıxarmayıb. İnanmıram ki, indiki vəziyyətdə Ermənistan Azərbaycana qarşı hansısa hərbi əməliyyata başlamaq, mövqelərimizi durmadan atəşə tutmaq xülyasına düşsün. Amma məsələnin kökünü dəqiq bilmədiyimizə görə yaxşı olar ki, qəti fikir söyləməyək, bütün ehtimalları nəzərə alaq və bir qədər gözləyək görək Ermənistan tərəfi atəş açılmasına rəsmi qaydada hansı arayışla cavab verəcək. Ondan sonra bu məsələ haqqında daha geniş danışa bilərik. Məncə, indiki məqamda eskalasiya baş verməyəcək, əvvəlki qısamüddətli atəşlər kimi sönüb gedəcək. İstənilən halda Azərbaycan ərazilərinin atəşə məruz qalması ciddi faktdır. Azərbaycan tərəfi buna barmaqarası baxa bilməz. Müdafiə Nazirliyinin məsul şəxsləri, digər ciddi institutlar atəşin açılması halının elementlərini dəqiqliklə öyrənməlidirlər. Vəziyyəti nəzarət altında saxlamaq üçün bizim bu hadisənin hansı səbəbdən baş verdiyini bilməyimiz çox vacibdir. Mənim isə hələ bu barədə kifayət qədər məlumatım yoxdur. Atəşin hansı şəraitdə açıldığını bilmirəm. İnsidentin necə baş verdiyi, səbəbləri, xarakteri, zəmini aydınlaşdırılmalı, sonra da bu barədə fikir, mövqe bildirilməlidir”. İ.Rüstəmli vurğulayıb ki, Ermənistan Cənubi Qafqazda marionet dövlət kimi maraqları toqquşan ölkələrin əsas istinad nöqtəsinə çevrilib: “Vahid siyasi kursu, hərbi doktrinası olmayan bir ölkə kimi zəif bənd olaraq Ermənistan hazırda bir sıra dövlətlərin, o cümlədən Avropa və Qərb dövlətlərinin poliqonudur. Avropa İttifaqının nümayəndələri Azərbaycanla Ermənistan arasındakı sərhəddə əllərində durbin müşahidələr aparırlar. Bu missiya artıq uzun müddətdir orada fəaliyyət göstərir. Buna cavab olaraq Azərbaycan Prezidenti dəfələrlə durbin siyasətinə son qoymaqla bağlı çağırış edib. Bildirib ki, bizim ölkəmizi düşmən bir ölkə kimi izləməyə ehtiyac yoxdur, əgər sizin Azərbaycanla, onun ərazisi ilə bağlı hər hansı faktı, vəziyyəti öyrənmək fikriniz varsa, normal qaydada Azərbaycana müraciət edin, vəziyyəti öyrənin. Eyni sözləri Ermənistanın içində olan digər ölkələrə, təşkilatlara da şamil etmək olar. Bu gün bir sıra dövlətlərin, istər bizə yaxın, istərsə də uzaq dövlətlərin əsas məqsədi Cənubi Qafqazda öz mövqeyini möhkəmləndirməkdən ibarətdir. Fransanın, ABŞ-nin, Rusiyanın, İranın da məqsədi budur. Cənubi Qafqaza sızma isə yalnız Ermənistan vasitəsilə mümkündür. Səbəbi də Ermənistanın marginal dövlət olmasıdır. Siyasi kursunda marginallıq hökm sürən bu ölkənin daxili vəziyyəti də stabil deyil. Ermənistan hələ də Azərbaycana hərbi məğlubiyyətinin şokunu yaşayır. 30 ilə yaxın müddət ərzində Azərbaycan ərazilərini işğal altında saxlaya-saxlaya özlərini sabun köpüyü, şar kimi şişirtmiş, öz aləmlərində azərbaycanlılar haqqında xoşagəlməz rəy formalaşdırıb buna inanmışdılar. Biz 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin bir sutkalıq antiterror əməliyyatı ilə bu təsəvvürləri, mifləri darmadağın etdik. Onlar bunu gözləmirdilər". Xatırladaq ki, martın 4-ü saat 22:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Məlumatı martın 5-də Azərbaycanın Müdafiə Nazirliyi yayıb. Buna qədər oxşar hadisə iki ay əvvəl baş vermişdi. Yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutmuşdu. Müdafiə Nazirliyi martın 6-da həmin hadisə haqda xəbər yayarkən onu da vurğulamışdı ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb. Bununla belə, yanvarın 6-sı saat 14:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun