Medianews.az
"Ən çox qazpulunu villalar ödəyəcək" - <span style=color:red>AÇIQLAMA + FOTO
225 baxış

"Ən çox qazpulunu villalar ödəyəcək" - AÇIQLAMA + FOTO

"Azərbaycanda təbii qaz üzrə ölkədaxili tarif maya dəyərindən aşağı olduğu üçün qiymətlərin tənzimlənməsinə zərurət yaranıb və dövlətin həyata keçirdiyi sosialyönümlü siyasət əsas götürülərək qərarlar qəbul edilib". Medianews.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov bildirib. Deputat qeyd edib ki, dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli istifadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kub metr təbii qazın tarifi dəyişdirilməyib. Tarif Şurasının qərarına əsasən, əhali üzrə illik istehlak həcmi 1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində, 1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik artırılaraq 20 qəpikdən 22 qəpik, 2500 kub metrdən çox olan hissə üçün 5 qəpik artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində müəyyənləşib. 1 kub metr təbii qaz üzrə orta tarif əhali üzrə cəmi 1,3 qəpik (8,7%) artırılıb: “Başqa sözlə, yeni tariflərin tətbiqindən sonra illik sərfiyyatı 1200 m3 olan 48% əhali üçün illik xərc orta hesabla 3 manat 84 qəpik artacaq. Bu göstərici əhalinin 39%-ni təşkil edən illik sərfiyyatı 1200 m3-dən – 2500 m3–dək olan istehlakçılar üzrə orta hesabla 17 manat 16 qəpik, ümumi əhali istehlakçılarının 13%-ni təşkil edən illik sərfiyyatı 2500 m3–dən çox olan istehlakçılar üzrə orta hesabla 89 manat 52 qəpik olacaq. Beləliklə, bu xərclər 48% abonent üzrə ayda 32 qəpik, 39% abonent üzrə ayda 1 manat 43 qəpik, 13% abonent (daha çox istehlak edən) üzrə ayda 7 manat 46 qəpik artacaq. Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə - cəmi yarım qəpik artırılıb. Beləliklə, əsas artım böyük villaların üzərinə düşüb”. Deputat Müşfiq Cəfərov deyib ki, bu il minimum əməkhaqqında artımı və minimum pensiyada nəzərdə tutulan artım nəzərə alınsa, əhali üçün təbii qazın qiymətində dəyişiklik zamanı həssas sosial qrupların mənafeyinin qorunmasının diqqət mərkəzində olduğu bir daha aydın olar: “Bir kub metr qazın qiyməti əhalinin 48%-i üçün 4,2%, əhalinin 39%-i üçün isə 10% artırılıbsa, yanvarın 1-dən minimum əməkhaqqı 15,9 faiz artırılıb, fevralın 1-dən minimum pensiya 14,2 faiz artırılacaq”. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü təbii qazın ölkədaxili tariflərinin dəyişməsindən sonra da Azərbaycanda əhali üçün qazın qiymətinin qonşu ölkələrdən aşağı olduğunu bildirib: “Tariflərin tənzimlənməsindən sonra əhali istehlakçıları üzrə təbii qazın 1000 kub metrinin qiyməti Azərbaycanda 125-300 manat olacaq. Manat ekvivalenti ilə götürülsə, bu göstəricinin Gürcüstanda ən aşağı səviyyəsi 210 manat, yuxarı səviyyəsi isə 328 manat təşkil edir. Eynilə Türkiyədə 462-519 manat, Ermənistanda 430-618 manatdır”. Müşfiq Cəfərov təbii qazın qiymət artımının elektrik enerjisinin istehsal xərclərinə təsiri və bu sahədə xidmətlərin dayanıqlılığının yüksəldilməsi zərurəti nəzərə alınaraq elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirildiyini də bildirib. Onun sözlərinə görə, bu zaman da əhalinin sosial müdafiəsi əsas götürülüb. Əhalinin 65%-i üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi maksimum aşağı səviyyədə 0,4 qəpik (5%) artırılıb. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü suyun qiymətində artımın olması barədə deyilənlərin isə əsassız olduğunu vurğulayıb: “Manipulyasiya olunur ki, suyun da qiyməti qalxıb. Halbuki heç bir artım olmayıb, sadəcə qoşulmalara görə tariflər müəyyən olunub”. REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə hesab edir ki, qiymətləri artırmaqla problemləri həll etmək olmaz: "Kommunal xidmətlərin qiymətinin çox cüzi artmasına dair ictimaiyyətdə rəy yaratmağa çalışırlar. Amma əsas məsələ bu deyil. Düzdür, istənilən qiymət artımı bütün vətəndaşları narahat edir. Məsələ burasındadır ki, əhaliyə kommunal xidmət göstərən şirkətlər dövlətin təbii inhisarçılarıdır. Hamısı ziyanla işləyir, korrupsiya əməlləri var, qeyri-şəffafdırlar. Bu şirkətlər qeyri-rentabelli fəaliyyət göstərirlər. Çünki xərcləri yüksəkdir. Nəticə etibarilə xərclərini azaltmaqdansa, göstərdikləri kommunal xidmətlərin qiymətlərini qaldırırlar. Bununla da vətəndaşın üzərinə əlavə yük qoyurlar”. İqtisadçı qeyd edib ki, əgər istənilən şirkət rentabelli çalışmırsa, ilk növbədə öz xərclərinə nəzər salır, optimallaşmaya gedir və rentabelli fəaliyyətə, gəlirləri yüksəltməyə çalışır. Onun sözlərinə görə, Azərbaycanda kommunal xidmətləri göstərən dövlət şirkətləri isə bu reallığın əksinə olaraq, qeyri-şəffaf idarə edilir, tenderlər qeyri-şəffaf keçirilir, xərclər şişirdilir: “Nəticədə qeyri-rentabelli, ziyanla çalışan dövlət şirkətlərinin rəhbər kadrlarının hamısı çox gözəl yaşayırlar. Belə olmaz! Ziyanla işləyən bir dövlət şirkətinin rəhbərliyi böyük maaşlar, qonorrarlar və imkanlar əldə edə bilməz. Bu qalsın bir tərəfdə, biz dövlət şirkətləri ilə tipik müqavilələr bağlaya bilmirik. Bütün məsuliyyət vətəndaşın üzərindədir. Qaz, su, işıq təchizatı dayananda dövlət şirkətləri heç bir məsuliyyət daşımır, buna görə hər hansı kompensasiya ödəmir, eyni zamanda da ziyanla işləyirlər. Bu, anormal vəziyyətdir”. N.Cəfərli deyib ki, dövlət şirkətləri özəlləşdirilməlidir: “Əgər dövlət görürsə ki, şirkətləri qeyri-şəffaf, qeyri-rentabelli və ziyanla işləyir, heç olmasa paylama hissəsini özəl şirkətlərə həvalə etməlidir. Bu, qismən özəlləşmədir. Bu proses həyata keçirilməlidir. İstehsal təhlükəsizlik məsələsi hesab olunar deyə, bunu dövlət şirkətinin həyata keçirməsini anlayışla qarşılamaq olar. Lakin paylayıcı şirkətlərin dövlətin əlində olması iqtisadi reallıq baxımından başadüşülən deyil. Belə davam etdiyi halda yenə də qeyri-şəffaf, qeyri-rentabelli, ziyanlı fəaliyyət davam edəcək. Bununla da öz bacarıqsızlıqlarının, səriştəsizliklərinin məsuliyyətini vətəndaşa yükləyəcəklər. Hesab edirəm ki, dövlət müvafiq qərar qəbul edərkən, dərindən düşünməli, strateji plan hazırlamalıdır. Çünki altı aydan, bir və ya iki ildən bir qiymətləri artırmaqla problemləri həll etmək olmur”. Medianews.az

Bizə qoşulun