Medianews.az
Hövsanda ÖZBAŞINALIQ: <span style=color:red>Vətəndaş şikayət etdi, icra hakimiyyəti HƏRƏKƏTƏ KEÇDİ - FOTO/VİDEO
1,617 baxış

Hövsanda ÖZBAŞINALIQ: Vətəndaş şikayət etdi, icra hakimiyyəti HƏRƏKƏTƏ KEÇDİ - FOTO/VİDEO

Suraxanı rayonu Hövsan qəsəbə sakini Yadigar Vəzirxan oğlu Əliyev Medianews.az-a müraciət edərək, yaşadığı məntəqədə vətəndaş Vəfadar Məmmədov tərəfindən qeyri-qanuni tikinti işinin aparıldığını iddia edib. Onun sözlərinə görə, adıçəkilən şəxs Suraxanı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əziz Əzizovun və Suraxanı RİH-in təsərrüfat şöbəsinin sabiq müdiri Mehman Hüseynovun dövründə Hövsan qəsəbəsinin Mirzağa Əliyev küçəsində (keçmiş Məktəbli küçəsi), kəndin cümə məscidi ilə üzbəüz ərazidə yaşayış evi və torpaq sahəsi alıb, indi isə hər hansı razılıq sənədi olmadan orada genişmiqyaslı inşaat işlərinə başlayıb. Y.Əliyev müraciətində iddia edib ki, bu ərazi əvvəllər çıxarışı olmayan torpaq sahəsi hesab olunub və indi də müvafiq sənədlər yoxdur. İndiki halda orada hər hansı tikintinin aparılması, aidiyyəti qurumların bu qanunsuz fəaliyyəti görməzdən gəlməsi başa düşülən deyil. Şikayətçi bildirib ki, inşaat işləri başlayan gündən kənd sakinləri tərəfindən əlaqədar orqanlara rəsmi müraciətlər olunsa da, tikinti bu günə qədər dayanmadan davam etdirilir. Əgər bu qaydada davam edərsə, obyektin ikinci mərtəbəsinin də inşası baş tuta bilər. Hövsan sakinlərinin narahatlığını dilə gətirən Y.Əliyev söyləyib ki, problem həmin ərazidəki əsas yolun dar olması, inşaat işlərinin bu vəziyyəti daha da mürəkkəbləşdirməsi, təhlükəsizlik qaydalarına riayət edilməməsi, tikinti ilə yol arasında mühafizə zolağının saxlanılmamasıdır. Belə ki, əsas yolun dar olması səbəbindən həmin hissədən yalnız 1 avtomobil və ya ictimai nəqliyyat vasitəsi keçə bilir, ona görə də günün müxtəlif vaxtlarında kəndin içində tıxaclar yaranır. Məktəbə bağçaya və poliklinikaya gedən yol da buradan keçdiyinə görə, sakinlər, xüsusən də uşaqlar hər an ölüm təhlükəsi ilə üz-üzə qalırlar. Dəfələrlə burada piyadaların vurulması ilə müşayiət olunan yol-nəqliyyat hadisələri baş verib. Hövsan sakini Y.Əliyev media vasitəsi ilə problemi ictimailəşdirməklə aidiyyəti qurumlardan mövcud qanunsuzluğun qarşısını almağı xahiş edib. Vətəndaş Y.Əliyevin müraciəti əsasında Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Suraxanı RİH Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva şikayəti araşdırandan sonra bizə məlumat verdi ki, Hövsan qəsəbəsinin Mirzağa Əliyev küçəsində (keçmiş Məktəbli küçəsi), kəndin cümə məscidi ilə üzbəüz ərazidə sovet dövründən hasarın içində olmuş köhnə tikili mülkiyyət sahibi tərəfindən sökülüb və yerində özbaşına tikinti-quraşdırma işləri aparılıb. Şöbə müdiri Suraxanı RİH tərəfindən həmin tikinti işlərinin dayandırıldığını və aidiyyəti qurumlara müraciət olunduğunu diqqətə çatdıraraq, hal-hazırda sözügedən ərazidə tikinti işlərinin aparılmadığını vurğuladı. Nailə QASIMOVA

Bizə qoşulun