“Milli Azərbaycan Tarix Muzeyinin 2007-ci ildə əsaslı təmirindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışında tarixi dövlətçilik atributları ilk dəfə burada təqdim olunub. Lakin 2020-ci ilin Qarabağ Zəfərindən sonra muzeyin zallarından İrəvan, Təbriz, Bakı, Şəki, Naxçıvan və Gəncə xanlıqlarının bayraqları, Qarabağ xanlarının hakimiyyət atributları, Şuşa qalasının açarları və sair eksponatlar naməlum şəkildə yox çıxıb”.
Bu barədə Medianews.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov bildirib.
O iddia edib ki, Milli Azərbaycan Tarix Muzeyində aparılan yoxlama müddətində sözügedən ekspozisiyalar yığışdırılıb və yalnız Hacı Zeynalabdin Tağıyevin ev muzeyi kimi fəaliyyət göstərən bölməsi ziyarətçilər üçün açıq olub.

Tarixçi-alimin sözlərinə görə, yoxlama bitdikdən bir müddət sonra ekspozisiyanı təzədən qursalar da əvvəlki qaydada olmayıb: “Muzey əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində idi. Onu keçirdilər Mədəniyyət Nazirliyinin tərkibinə. Həmin ərəfədə muzeyi bağladılar, nə isə yoxlama oldu. Yoxlama bitdikdən sonra yeni ekspozisiya qurdular. Lakin həmin yeni ekspozisiyada dövlətçilik atributları yer almadı. Nəyə görə bu belə olub təəccüblüdür? Mən konfransda idim və orada iştirak edən xarici alimləri Azərbaycan dövlətçiliyi maraqlandırdı. İstədilər ki, rəsmi muzeydə təqdim olunan materiallarla tanış olsunlar. Mən də onları muzeyə apardım. Bu hadisə 2024-cü ilin iyul ayında baş verib. Ondan öncə də 2023-cü ildə bu muzeyə getmişdik, amma bağlı idi. Muzeyə gedik, gördük ki, bütün dövlətçilik atributlarını yığışdırıblar".

Muzeydə əvvəl və sonra çəkilən fotoları redaksiyamıza təqdim edən P.Gözəlovun sözlərinə görə, atributlar bir tərəfə qalsın, bütün dövlətçilik tarixinə aid nə varsa, o cümlədən orta əsr Azərbaycan dövlətçiliyinə aid eksponatlar muzeydən yığışdırılıb: "Baxmayıblar ki, bu Qərbi Azərbaycana, İrəvan xanlığına, Bakı xanlığına, Qarabağ xanlığına aiddir, hamısı yığışdırılıb. İbrahim Xəlilin oradakı hakimiyyət rəmzi, qala açarları, Gəncə xanının hakimiyyət rəmzi və sair kimi çox ciddi materiallar nümayiş edilmir. Belə materiallar başqa ölkələrdə də özlərinə məxsus şəkildə var və onlar bu eksponatlara toxunmurlar, həmişə yerində qalır, nümayiş olunur. Yoxsa, bizdəki kimi tamamilə yığışdırıb yerinə etnoqrafiyanı doldurmurlar. Ola bilər ki, bu məsələ ictimailəşəndən sonra həmin eksponatları yerinə qaytarsınlar”.

Səsləndirilən iddialarla bağlı Milli Azərbaycan Tarix Muzeyindən də münasibət öyrəndik.
Muzeyinin Elmi işlər üzrə direktor müavini, tarix elmlər doktoru Fərhad Cabbarov Medianews.az-a bildirdi ki, P.Gözəlovun iddiaları tamamilə əsassız və böhtan xarakterlidir.

Onun sözlərinə görə, hazırda bütün eksponatlar muzeydə nümayiş olunur: “Bu iddiaların hər biri əsassızdır, böhtan xarakterlidir. Bizim muzeydə 2018-ci ildə köhnə ekspozisiya yığışdırılanda həmin eksponatların hamısı fonda getdi. Saxlancda saxlanıldı. 2020-ci ildə yeni ekspozisiya qurulmağa başlayanda o əşyalar hər biri zallara qaytarıldı, vitrinlərə yerləşdirildi. 2024-cü ilin aprel ayında ictimaiyyətin nümayəndələrinin iştirakı ilə muzeyimizin yeni ekspozisiyasını açdıq. Geniş bir tədbir oldu. Hazırda o eksponatların hamısı oradadır. Yəni, bu yalan söhbətdir ki, eksponatlar yoxa çıxıb, itib və yaxud da hansısa məqsədlə oradan yığışdırılıb. Bunlar tamamilə əsassızdır”.

Tarixçi-alim F.Cabbarov əlavə edib ki, Azərbaycan xanlıqlarının bayraqları da yeni quraşdırılan ekspozisiyada nümayiş olunur: “2021-ci il də pandemiya ilə əlaqədar muzey açıq deyildi. Zəfərin hələ bir ili tamam olmamışdı və biz Qarabağ xanlığının ən maraqlı eksponatlarından ibarət sərgi qurmuşduq. Həmin sərgidə Şuşa qalasının açarları, Pənahəli xanın baş daşı, üzərində Qarabağ adı olan pul, bayraqlar, bir sözlə, hər şey nümayiş olundu. Azərbaycan xanlıqlarının bayraqları da yeni quraşdırılan ekspozisiyada nümayiş olunur. Biz o bayraqların sırasına yeni tarixi eksponatlar da əlavə etmişik. Hazırda onların hamısı ekspozisiyadadır. Onlar heç yerə itməyib. Muzey istər yerli, istərsə də xarici ziyarətçilər üçün açıqdır. Hər kəs tarixi eksponatları zallarda və vitrinlərdə görə bilir”.

Milli Azərbaycan Tarix Muzeyi ilə bağlı səsləndirilən iddiaları, qarşı tərəfin açıqlamasını dinləməklə yanaşı, Muzeyə də şəxsən baş çəkdik. Orada apardığımız müşahidələr onu deməyə əsas verir ki, Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid olan, barəsində yazıda bəhs edilən eksponatlar hazırda muzeydə digər zalda nümayiş olunur.
Nailə QASIMOVA
Fotolar müəllifindir