Medianews.az
Moskvadan İrəvana XƏBƏRDARLIQ: <span style=color:red>Əgər Ermənistan Zəngəzur dəhlizini açmazsa...
152 baxış

Moskvadan İrəvana XƏBƏRDARLIQ: Əgər Ermənistan Zəngəzur dəhlizini açmazsa...

Çərşənbə axşamı Rusiya Federasiyası Müdafiə Nazirliyinin Ermənistandakı Cənub Hərbi Dairəsinin hərbi bazasının poliqonunda döyüş atışlı batalyon taktiki təlimləri başlayıb. Rusiyanın Ermənistandakı səfirliyinin yaydığı məlumata görə, təlimlərdə hərbi qulluqçular tabor taktiki qrupuna daxil olan bölmələr arasında döyüş və qarşılıqlı fəaliyyətin təşkili üzrə tapşırıqları məşq ediblər. Regionda cərəyan edən prosesləri, xüsusən də İrəvanın Moskva əleyhinə bəyanatlarını, son dövrlər KTMT-dən, ümumən Rusiyadan uzaqlaşma siyasətini nəzərə alsaq, bu hərbi təlimləri Kremlin Ermənistana və onun havadarlarına mesajı, xəbərdarlığı kimi qəbul etmək olarmı? Ukrayna cəbhəsində döyüşən və silah-sursata, şəxsi heyətə, hər bir gülləyə və mərmiyə ehtiyac duyan Rusiyanın birdən-birə Ermənistanda döyüş atışlı təlimlər keçirməsi adi hal sayıla bilərmi? Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Elxan Şixəliyev bildirib ki, Ermənistanla Rusiya münasibətlərinin Moskvadakı görüşdən sonra hansı sahəyə enməsi fərqli şəkildə görünəcək. Onun sözlərinə görə, Rusiyanın Ermənistan üzərindən keçəcək Zəngəzur dəhlizinə nəzarəti öz əlinə almaq istəməsi çox ciddi müzakirə mövzusudur: “Bunun fonunda Ermənistanda Rusiyanın Cənub hərbi dairəsinin mövcud olan kontingentinin təlimlərə cəlb olunması diqqət çəkir. Ermənistanın Gümrü rayonunda olan 102-ci hərbi baza, həmçinin Erebunidəki hərbi hava hava qüvvələri Cənub hərbi dairəsinin kontingentidir. Cənub dairəsinin qərargahından gələn göstəricilərə əsasən, artıq təlimlərin keçirilməsi, tabor qrupların da bu təlimlərdə iştirakı baş tutub. Bu, təlim-məşq prosesi gələcək mümkün ssenarilər üçün hazırlıqdır. Belə ki, Ermənistan-Rusiya münasibətlərinin qarşıdurma səviyyəsinə çıxması halında bu bölmələrdən istifadə oluna bilər. Ona görə də onların hazırlığı plana uyğun olaraq həyata keçirilir. Əgər Moskvadakı görüşdə aparılan danışıqların nəticəsi olmazsa, Ermənistanın Avropa İttifaqının təsiri altında Rusiyaya demarş etməsi davamlı hal alarsa, Zəngəzur dəhlizinin açılması halında İrəvan Moskvanı bölgədən uzaqlaşdırmaq siyasətini davam etdirərsə, bu, hərbi toqquşma ilə nəticələnə bilər. Rusiya da artıq Ukrayna cəbhəsində Ermənistanın düşündüyü kimi məğlub olmur. Kiyevi dəstəkləyən 52 ölkə ən azından düşünürdü ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində Moskva strateji məğlubiyyətə uğradılacaq. Bundan irəli gələrək də Rusiya Ermənistandan çəkilmək məcburiyyətində qalacaq. Lakin bu, baş vermədi. Ona görə də Ermənistandakı Rusiya hərbi bazasının döyüş atışlı təlimlər keçirməsini Moskvanın İrəvana ciddi xəbərdarlığı, mesajı kimi də dəyərləndirmək olar. Rusiya həm də bununla Qərbə o mesajı çatdırır ki, Ukrayna cəbhəsi ilə yanaşı, Ermənistan daxilindəki proseslərə də nəzarət edir, hətta yeri gələndə İrəvana müdaxilə etmək imkanına da sahibdir”. Hərbi ekspert deyib ki, Rusiya-Ukrayna müharibəsində Qərbin Kiyevi dəstəkləməsi ilə paralel olaraq, bu ölkə rəhbərliyini danışıqlar masasına oturtmaq yönündə də təzyiqlər var: “Ukraynanın istəmədiyi vəziyyəti yaratmaqla, Rusiya həm siyasi, həm də hərbi təzyiqlərlə Ermənistana qayıdır. Əgər Ermənistan Zəngəzur dəhlizini açmazsa, Rusiya bu bölgəni özünün hərbi gücü ilə nəzarətə almağa çalışacaq. Bunun üçün İran və Türkiyə ilə də razılaşdırılmış qaydada federal sərhəd xidmətinin hərbçilərindən istifadə olunacaq. Bunu Rusiya Ermənistandan tələb edə bilər. Çünki orada SSRİ dövründə mövcud olan Ağbənd-Nüvədi-Aqarak-Ordubad dəmir yolu da Rusiyanın nəzarəti altında fəaliyyət göstərirdi. Halbuki, bu dəmir yolu Azərbaycanın balansında idi. Azərbaycan üçün Rusiyanın Zəngəzur dəhlizinə və dəmir yoluna nəzarət etməsi, o qədər də problem deyil. Rusiya bunun fərqindədir ki, proseslərin necə inkişaf etməsi Ermənistanın qərarından asılıdır. Ya Azərbaycanın diktə etdiyi şərtlər altında Ermənistanın sülh sazişini imzalanması nəticəsində bu məsələ həllini tapacaq, yaxud da Rusiyanın hərbi təzyiqi altında İrəvan tələb olunanları həyata keçirəcək. Moskva fərqindədir ki, 3+3 formatı çərçivəsində kənar dövlətlərin regiona müdaxiləsinin qarşısı alınacaq. Bu məsələdə Rusiya Ermənistan münasibətləri həlledici rol oynayır. Ona görə də Qərb dövlətləri, Avropa İttifaqı bu prosesin baş tutmasına mane olmaq üçün Ermənistanı qızışdırır, ondan alət kimi istifadə edirlər. Bütün bunları nəzərə alsaq, Rusiyaya məxsus 102-ci hərbi bazanın Ermənistanda döyüş atışlı hərbi təlimlər keçirməsi gələcəkdə baş verə biləcək mümkün ssenarilərə hazırlıqdır, İrəvana mühüm mesajdır. İrəvan-Moskva qarşıdruması baş verəcəksə, Kreml bu hərbi qüvvələrdən lazım olan istiqamətlərdə istifadə edəcək”. Nailə QASIMOVA

Bizə qoşulun