Medianews.az
Müharibənin coğrafiyası GENİŞLƏNİR: <span style=color:red>Daha bir ölkə Ukraynaya QOŞUN YERİDİR - FOTOLAR
141 baxış

Müharibənin coğrafiyası GENİŞLƏNİR: Daha bir ölkə Ukraynaya QOŞUN YERİDİR - FOTOLAR

Şimali Koreyanın bir neçə min əsgərinin Rusiya ərazisində təlim keçdiyi barədə xəbər yayılıb. Bu ordunun 2024-cü ilin sonlarında Ukraynada cəbhə xəttinə və yaxud Rusiyanın sərhədyanı rayonlarına yerləşdiriləcəyi iddia edilir. Misal üçün, “Aydar” batalyonunun keçmiş komandiri Yevgeni Dikiy Şimali Koreyanın bir neçə min əsgərinin Rusiya ərazisində təlim keçməsinə münasibət bildirərkən deyib ki, Moskva və Pxenyanın belə bir qərarı mövcud müharibəni dünya müharibəsinə çevirmək üçün atılan addımdır. O bildirib ki, Şimali Koreya faktiki olaraq Rusiyanın tərəfində Ukraynaya qarşı müharibəyə qoşulub, lakin bu mərhələdə Pxenyanın iştirakı məhduddur. Kim Çen Inın hazırda üzərinə düşən vəzifə Rusiya ordusuna mərmilər verməkdir. Sabiq komandirin sözlərinə görə, bu təchizat Rusiyanı 2023-cü ildə mərmi qıtlığından xilas edib və indiyə qədər ən azı 3 milyon Şimali Koreya mərmisi cəbhəyə çatdırılıb. Y.Dikiy deyib ki, Kim Çen Inın məhz bu xidməti sayəsində Rusiya artilleriyasının atəş üstünlüyü saxlanılıb. Yaxın perspektivdə Rusiya-Ukrayna müharibəsinə Şimali Koreya da qoşula bilərmi? Bu barədə iddialar nə dərəcədə realdır? Əgər Kim Çen Inn ölkəsini müharibəyə cəlb edərsə, Ukrayna ərazisinə ordu yeridərsə, bu, hansı nəticələrə gətirib çıxara bilər? Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, Şimali Koreyanın qoşun, döyüşçü göndərmək yolu ilə Rusiya-Ukrayna müharibəsinə cəlb olunması haqqında məlumatlar dolaşsa da, hələlik ortada bir sübut yoxdur. Onun sözlərinə görə, Şimali Koreyanın Rusiyaya sursatlar yollaması, hətta təkcə mərmilər deyil, həm də ballistik raket satması özü faktdır: “Ballistik raketlərdən artıq Rusiya-Ukrayna müharibəsində istifadə olunur. Silah satmaq, sursat təchizatı əsla müharibədə iştirak demək deyil. Amma canlı qüvvə ilə müharibəyə qoşulmaq, özü də döyüş meydanına öz vətəndaşlarını, hərbiçilərini göndərmək əlbəttə ki, bu artıq müharibədə iştiraka bərabərdir. Məlumdur ki, bundan sonra Ukraynanın müttəfiqləri Şimali Koreyaya qarşı müəyyən addımlar atacaqlar. Hərbi xarakterli addımlar əlbəttə gözlənilmir. Mən düşünürəm ki, daha çox siyasi, diplomatik və iqtisadi xarakterli addımlar atılacaq. Bir qədər də çalışacaqlar ki, Şimali Koreyanı küncə sıxsınlar, amma belə götürəndə onun sıxılacaq yeri də qalmayıb. Şimali Koreyanın Rusiyaya üç milyon mərmi verməsi barədə iddialar gəlincə, bu, qeyri-mümkündür. Baxmayaraq ki, Şimali Koreyanın bütün sənayesi hərbi sənayedən ibarətdir, bu ölkənin üç milyon mərmi istehsal etməsi həqiqətdən uzaqdır və ağlasığmaz bir miqyasdır. Çünki, Rusiya kimi böyük bir dövlət əgər bütün gücünü səfərbər edərsə, il ərzində yalnız bir milyon mərmi istehsal edə bilər. Halbuki, Rusiyanın özündə də hərbi sənayenin inkişafına on milyardlarla vəsait ayrılır. Hətta NATO ölkələri də ümumilikdə illik mərmi istehsalını bir milyona çatdıra bilməyib. Şimali Koreya ənənəvi militarist dövlətdir və ola bilər ki, onun çox böyük ehtiyatları olub və bundan istifadə edib. Amma illik üç milyon mərmi istehsalı, təchizatı çox ciddi rəqəmdir”. Politoloq deyib ki, Rusiyaya iri miqyasda silah-sursat təchizatının arxasında daha çox Çinin dayana biləcəyi ehtimal olunur: “Ola bilsin ki, Çin sanksiyalardan çəkinərək, özünü zərbə altında qoymamaq üçün Rusiyanın silahlandırılmasında  Şimali Koreyadan bir körpü kimi istifadə edir. Amma biz bu ehtimalları irəli sürürüksə təbii ki, NATO da, Qərb də bunu çox gözəl anlayır. Mən istisna etmirəm ki, Çinin özünə qarşı da hansısa sanksiya xarakterli addımla atılacaq. Sadəcə bunun sübutu lazımdır. Şimali Koreya bu gün çox ciddi bir təxribat mənbəyidir. Militarist dövlət olmaqla yanaşı, daxilində çox sərt diktatura rejimi mövcuddur. Şimali Koreya dünyada ilk kiber təhdidlər yaradan 3-4 dövlətdən biridir. Şimali Koreya ballistik raket istehsalında xeyli irəli gedib, hətta nüvə silahı əldə etməkdə - həm atom, həm də hidrogen bombası istehsalında uğur qazanıb. Baxmayaraq ki, ölkənin özünün iqtisadiyyatı çox acınacaqlı vəziyyətdədir. Təbii ki, yenə burada Çinin dəstəyi özünü göstərməkdədir. Bu günlər biz bilirik ki, Yaponiya hökuməti ABŞ-yə müraciət edərək onun NATO müttəfiqinə bərabər müttəfiq kimi qəbul olunmasını təklif etdi. Çox güman ki, belə bir müqavilə imzalanacaq. Bütün bu proses ona gətirib çıxaracaq ki, Sakit okean - Uzaq Şərq bölgəsində gərginlik artacaq. Bu da tədricən Sakit okeanın cənub bölgələrinə keçəcək. Orada Tayvan problemi, Sinqapur məsələsi, eyni zamanda həm Çin, həm də Rusiya ilə müttəfiq olan Myanma, Vyetnam kimi ölkələr var. Əlbəttə ki, bu, geosiyasi gərginliyin son dərəcə artmasına səbəb olacaq”. Ə.Oruclunun fikrincə, ümumilikdə bu proseslər genişmiqyaslı müharibəyə səbəb olmayacaq: “Ona görə ki, hər kəs bunun məsuliyyətini anlayır. Tutalım ki, Yaxın Şərqdə atılan emosional, bəzən siyasi konyunktura marağı naminə yaradılan gərginlik həmin bölgə üçün xarakterik deyil. Çin özünü daha təmkinli aparır, onun Hindistanla, Tayvanla problemləri var. Rusiyanın özü ilə də Çinin münasibətləri düşündüyümüz qədər sadə deyil. Orada həmçinin Yaponiya ilə münasibətlər var. Həmin bölgədə böyük oyunçulardan biri ABŞ-dir və o tək deyil. Böyük Britaniyanın, ABŞ-nin və Avstraliyanın daxil olduğu AUKUS da hərbi strateji, siyasi blokdur. Son nəticədə bu, hansısa qarşıdurmalara gətirib çıxara bilər. Onun ən yüksək baş verə bilmə ehtimalı iki Koreya dövləti arasındadır. İstər Cənubi Koreya, istərsə də Şimali Koreya kifayət qədər güclü silahlanmış dövlətdir, hər ikisinin yanında böyük müttəfiqləri var. Cənubi Koreyanın müttəfiqlərindən biri Yaponiyadırsa, onun daha önəmli müttəfiqi ABŞ-dir. Şimali Koreyanın müttəfiqləri Rusiyadır, Çindir. Gördüyümüz bütün bu mənzərə daha çox gərginliyi artıracaq. Amma yəqin ki, bu müharibə vəziyyətinə qədər gedib çıxmayacaq. Lakin Şimali Koreyaya bütün bu məsələlərə görə çox ciddi təzyiqlər olacaq. Çünki Şimali Koreya canlı qüvvəni Rusiya-Ukrayna müharibəsinə cəlb etməklə faktiki olaraq müharibənin iştirakçısına çevrilmiş olacaq və belə də tanınacaq. Bu da beynəlxalq səviyyədə ona qarşı atılan addımları gücləndirəcək”. Nailə QASIMOVA

Bizə qoşulun