Medianews.az
Hitler arvadı ilə ömrünün sonuna kimi <span style=color:red>HARADA GİZLƏNİB? - TARİXİ FAKTLAR + FOTO
153 baxış

Hitler arvadı ilə ömrünün sonuna kimi HARADA GİZLƏNİB? - TARİXİ FAKTLAR + FOTO

Bu şəxsin portreti insanların yaddaşında belə qalıb: dəlicəsinə qışqırıq, pafoslu, emosiоnal və kəsik-kəsik nitq, qəfil jestlər. Bəli bu, II Dünya müharibəsinin məşhur şəxsi, adı tarixə düşən, XX əsrdə haqqında ən çox bəhs edilən liderlərdən biri Adolf Hitlerdir. Əsl soyadı Şiklqruber (Schicklgruber) olan Adolf 20 aprel, 1889-cu ildə Avstriyanın Braunau şəhərində gömrükxana məmuru Alois Hitlerin ailəsində dünyaya gəlib. Məktəb illəri uğursuz və təmbəlliklə keçdiyindən orta təhsilini tamamlaya bilməyib. Hitler “Mein Kampf (“Mənim mübarizəm”) əsərində bu illərini belə xatırlayır: “Atama görə mənə uyğun olan məktəb Realschule (Realschule Avstriyanın Lints şəhərində məktəb idi) idi. O, mənim asan və gözəl rəsm çəkdiyimi görür, Avstriya litseylərində bu məsələyə çox önəm verilmədiyini deyirdi... Əslində o, (Hitlerin atası) hökmünü vermişdi: Oğlu da özü kimi məmur olacaqdı... Həyatımda ilk dəfə 11 yaşımda olarkən müxalifətə keçdim. Atam layihələşdirdiyi planları həyata keçirmək üçün qərarlı və əzmli olsa da, oğlu da bəyənmədiyi bu fikri rədd etməkdə ən az onun qədər inadcıl idi. Məmur olmaq istəmirdim... Usta bir rəssam olmalıydım... Realschuledə heç bir uğur göstərmədiyim təqdirdə, atamın məni xəyal etdiyim səadətə qovuşmaq üçün sərbəst buraxacağını zənn edirdim... Xoşuma gələn və irəlidə rəssam olaraq faydalana biləcəyim dərsləri oxuyur, məni maraqlandırmayan və lüzumsuz saydığım dərsləri isə qəsdən oxumurdum... Burada “əla” və “yaxşı” qiymətlərlə yanaşı, “kafi” və hətta “qeyri-kafi” qiymətlər də alırdım. Ən çox uğur qazandığım dərslər tarix və coğrafiya idi. Çox sevdiyim bu iki dərsdə sinif birincisi mən idim... Yaşım irəlilədikcə memarlığa daha yaxın bir maraq duymağa başladım... Atam vəfat edərkən on üç yaşında idim... Anam tərbiyəmə atamın arzusuna uyğun olaraq davam etməyi qərar vermişdi, yəni məmur olmağımı istəyirdi. Mən isə məmur olmamaq üçün hər zamankından daha əzmli və qəti qərarlı idim… Birdən-birə bir neçə həftə çəkən ciyər xəstəliyinə tutuldum və bu hadisə bütün ailə anlaşmazlığına son qoydu. Belə ki, həkim, anama irəlidə məni heç bir zaman bir biroya “həbs etməməsi” vacibliyini dedi və Realschuledəki təhsilimə ən az bir il fasilə verməyimi tövsiyə etdi... Xəstəliyim ucbatından anam Realschuledən ayrılıb akademiyaya girməyimə icazə verdi”. Atasının vəfatından bir neçə il sonra isə anasını (Klara Pölzl) itirən Adolf uşaqlıqdan arzu etdiyi rəssamlıq sənətinə yiyələnmək üçün təhsil ardınca Vyanaya gedir. Burada o, Gözəl Sənətlər Akademiyasına qəbul imtahanlarına iki dəfə qatılsa da, uğur qazana bilmir. Vyanada yaşadığı illər Hitler üçün iztirab və səfalət illəri olur. Hitler “Mein Kampf” əsərində bu haqda yazır: “Bu gün belə onun (Vyananın) adı mənə sıxıntı ilə keçən beş illik acı xatirələrdən başqa bir şeyi ifadə etmir. Bu beş il içində əvvəlcə fəhlə olaraq işə başladım. O qədər az pul qazanırdım ki, bununla qarnımı belə doyura bilmirdim. O günlərdə hər zamankından daha çox şey öyrənmişdim. Memarlığım və çox nadir hallarda getdiyim opera ziyarətlərimdən başqa, ac qalma bahasına aldığım və aclığımın meyvəsi olaraq gündən-günə artan kitablarımdan başqa heç bir əyləncəm yox idi... İşimdən artıq qalan bütün vaxtımı yalnız oxumağa və araşdırmağa ayırırdım. Beləliklə, bu illərdə (Vyana illərində) əldə etdiyim məlumatlardan bu gün belə yararlanıram”. Hitler Vyanada yaşadığı illərdə Georg fon Schönererden ve Karl Luegerin lideri olduğu Avstriya Xristian-Sosial Partiyasından təsirlənib. Qeyd edək ki, Hitler “Mein Kampf” əsərinin birinci cildinin III bölməsini Vyanada yaşadığı illərdəki ümumi siyasi görüşlərinə həsr edib. O, bu bölmədə lider və siyasət haqqında maraqlı fikirlər söyləyib, Habsburq sülaləsi haqqında görüşlərini açıqlayıb, demoktariyanın ən böyük kəşfi sayılan parlamenti kəskin tənqid atəşinə tutub, Karl Lueger və Georq Fon Schoenererdən bəhs edib və digər məsələlərə toxunub. Həmin illərdə o, Marksizm ideyalarına və yəhudilərə qarşı sonsuz nifrət hisslərinə yiyələnərək qatı antisemitizm tərəfdarı olub. Hitler “Mein Kampf” əsərində bu haqda belə yazır: “...o zamankı aksiomamın sarsılmaz təməli olan ümumi nəzəriyyə və görüşlər məndə o günlərdə (Vyana illərində) təşəkkül tapdı. O gündən bəri bu nəzəriyyə və görüşlərə çox az şey əlavə etdim, amma əsaslı heç bir şey dəyişdirmədim. Əksinə bunlara bağlı qaldım”. Hitler 1912-ci ildə Münxenə köçüb. O, I Dünya müharibəsi başlanarkən könüllü olaraq alman ordusu sıralarına daxil olaraq Bavar Piyada Alayında yefreytor rütbəsi ilə bütün müharibə müddətində ön cəbhədə vuruşub. Müharibədə iki dəfə yaralanmış və göstərdiyi qəhrəmanlıqlara görə “Dəmir xaç nişanı” ilə mükafatlandırılıb. Müharibədən sonra orduda təbliğatçı kimi bolşevizmə qarşı mübarizə aparmaq və alman milliyətçiliyini yaymaqla vəzifələndirilib. 1919-cu ilin payızında Hitler ordudakı vəzifəsindən ayrılıb A.Drekslər tərəfindən yeni yaradılan “Alman Fəhlə Partiyası”na daxil edilir və bu partiyanın təbliğatı ilə məşğul olur. Bir il sonra isə partiyanın adı Nasional Sosialist Alman Fəhlə Partiyası olaraq dəyişdirilir. Qeyd olunmalıdır ki, “Mein Kampf” əsərinin birinci cildinin IX bölməsi Alman Fəhlə Partiyasına, XII bölməsi isə Nasional Sosialist Alman Fəhlə Partiyasının ilk inkişafı dövrünə həsr olunub. Bu partiya öz gücünü göstərmək üçün qurduğu SA (Sturmabteilung) təşkilatı ilə sosialist və kommunistlərin iclaslarına təcəvüzkar hücumlar edirdi. Partiyanın güclənməsinin səbəbini Hitlerdə görən rəhbərlik onu 1921-ci ildə partiya rəhbərliyinə gətirib. Hitler, rəhbər vəzifəyə gələn kimi mətbuat vasitəsi ilə, eləcə də təşkil etdiyi mitinqlərlə ardıcıl bir təbliğat fəaliyyətinə başlayıb. Partiya rəhbərliyinə güclü şəxsiyyətlər gətirən Hitler, bu şəxsi heyət ilə dövlət idarəçiliyini ələ keçirməyi planlaşdırıb. 1923-cü ilin noyabr ayında Münxendəki bir pivəxanada etdikləri yığıncaqda dövlət çevrilişi etmək fikri ortaya atılıb və ertəsi gün bu məqsədlə başladılan yürüş polis tərəfindən dağıdılıb (Bu hadisə tarix ədəbiyyatında “Pivə qiyamı” adlandırılır) və partiya başçıları ilə birlikdə Hitler də həbs edilib. Landsberq həbsxanasında aktiv siyasi fəaliyyətdən məhrum olan Hitler iki cilddən ibarət “Mein Kampf” (“Mənim mübarizəm”) adlı əsərini sadiq dostu Rudolf Hessə diktə edərək yazdırıb. Bu əsər tarixə alman faşizminin ideoloji və siyasi proqramı kimi daxil olub. Həbsdən buraxıldıqdan sonra Hitler, əvvəlki gücünü itirməkdə olan partiyasını yenidən ayağa qaldırmaq üçün güclü və sağcı bir hökumət qurulmasını arzulayan iş adamlarının maliyyə dəstəyinin köməyi ilə işsiz və az gəlirli almanların bu partiyaya daxil olmasına nail olub. Mövcud hökumətin daxili siyasətindəki uğursuzluqlar isə bu partiyanın seçkilərdə müvəffəqiyyət qazanmasına əlverişli şərait yaradıb. Belə ki, 1930-cu il sentyabr seçkilərində onun partiyası 6.407.000 (18,3 %) səs toplayıb və parlamentdəki təmsilçilərini 12-dən 107-yə qaldırıb. 1932-ci ilin yazında keçirilən seçkidə prezident seçilən I Dünya mühabibəsinin məşhur şəxlərindən feldmarşal Paul fon Hindenburqdan sonra Hitler topladığı səslərə görə ikinci şəxs olub. 1933-cü il yanvar ayının 30-da prezident Hindenburq Hitleri Reyx kansler təyin edib. Hitler bu vəzifəyə gələn kimi ilk iki ilini güc orqanlarını öz əlində birləşdirməyə həsr edib. Belə ki, o, bir neçə nasisti-Hermann Goringi Prussiyanın daxili işlər naziri, Wilhelm Fricki Mərkəzi hökumətin daxili işlər naziri və dostu Werner fon Blombergi müdafiə naziri təyin edərək surətli şəkildə idarəni öz əlinə alıb. Bu illərdə Hitler parlamentin fəaliyyətini dayandırıb. O, 27 fevral 1933-cü ildə öz adamları tərəfindən yandırılan Reyxstaq binasının yanğınının cavabdehliyini kommunistlərin boynuna atıb və hətta bununla bağlı 1933-cü ilin sentyabrından dekabrınadək Leypsiqdə qondarma mühakimə prosesi keçirilib. Sonralar Londonda yığılmış görkəmli hüquqşünasların beynəlxalq komissiyasında təkzibolunmaz faklarla sübut olunub ki, reyxstaq hitlerçilərin özləri tərəfindən yandırılıb. 1933-cü il 28 fevralda faşist hökümətinin təklifi əsasında prezident Hindenburq “Xalqı və dövləti müdafiə etmək” adlı fövqəladə fərmanla Veymar Konstitusiyasının təsbit etdiyi bütün azadlıqları ləğv edib. Ölkədə Nasist Partiyasından başqa bütün siyasi partiyalar qadağan olunub. 1933-cü ilin martında federativ dövlətin tərkibinə daxil olan alman torpaqlarının muxtariyyətı ləğv olunub. Bu illərdə kütləvi həbslər həyata keçirilib. SA-ların ölkədəki fəaliyyətindən narazı olan ordunun dəstəyini almaq istəyən Hitler, 29 iyun 1934-cü ildə SA-ların qurucusu Ernst Röhm, köməkçisi Edmund Heinks və Gregor Strasser, Kurt fon Schleicher və bəzi siyasi rəqiblərini öldürtdürüb. Beləliklə, tarixə “uzun bıçaqlar gecəsi” kimi düşən bu gündən sonra ordu komandirləri rahat nəfəs alıb və Hitler də SA-lardan qurtulub. 2 avqust 1934-cü ildə prezident Hindenburqun ölümündən sonra Hitler bütün hakmiyyəti əlində cəmləşdirib və ölkədə avtoritar-faşist diktaturası yaradıb. Hitlerin rəhbərliyi dövründə Almaniyada SS-lər (Schutz Staffel), gizli polis təşkilatı “Gestapo” yaradılıb. Qeyd edək ki, 1933-cü ildə yaradılan qısa şəkildə Gestapo adlandırılan Geheime Staatspolizei Hitler Almaniyasının gizli polis təşkilatı olub. 1936-cı ildən Gestaponun başçısı Heinrich Himmler olub. Almaniyanın II Dünya müharibəsində məğlubiyyətindən sonra 1945-ci ildə ləğv olunan Gestapo, 1946-cı ildə Nurenberqdəki beynəlxalq hərbi məhkəmə tərəfindən cinayətkar təşkilat hesab olunub. Bununla da Almaniyada polis dövləti formalaşdırılıb. İqtisadiyyata və mədəniyyətə rəhbərliyi faşist diktaturası öz əlinə alıb. Ölkədə sərt mərkəzləşmə tətbiq olunub. Təsərrüfatın işini tənzimləyən Baş Şura yaradılıb. Hərbi Sənaye Kompleksinin surətlə inkişaf etdirilməsi prosesi başlanıb. Almaniyanın I Dünya müharibəsində məğlubiyyətinin məsuliyyəti yəhudilərin üzərinə qoyulub. 1933-cü ilin yazından etibarən yəhudilərə məxsus olan müəssisələrin boykot edilməsinə başlanılıb. 1935-ci ildə yəhudiləri alman vətəndaşlığından məhrum edən və onların dövlət orqanlarında vəzifə tutmalarını qadağan edən bir neçə qanun qəbul edilib. Nurunberq qanunları ilə yəhudilərin almanlarla evlənmələri qadağan edilib. Yəhudilər universitetlərdən qovulublar, onların sərbəst peşə ilə məşğul olmalarına maneçilik törədərək gettolarda yaşamağa məcbur ediliblər. Bütün mülkiyyətləri əllərindən alınan yəhudilərin böyük bir qismi “SS”lərin rəhbərlik etdiyi qiyamla məhv edilib. Nasionalist ideologiyası ilə silahlanan “Hitler gəncliyi” adlı bir təşkilat yaradılıb. Hitlerin əsl məqsədi “Ari irq” olaraq səciyyələndirdiyi Alman irqini digər irqlərə hökmran etmək idi. Onun “dəyərsiz xalqları” əsarət altına almaq və qırmaq istiqaməti götürmüş işğalçılıq proqramı Polşanı məhv etməyi, İngiltərəni sıxışdırıb Avropa kontinentindən çıxarmağı, Fransanı işğal etməyi, Avropanın təbii sərvətlərinə yiyələnməyi, almanlara rahat və geniş ərazilər təklif etmək məqsədilə şərqə doğru hərəkət etməyi, Sovetlər Birliyini məhv edərək onun ərazisində “yeni həyat sahəsi” bərqərar etməyi nəzərdə tuturdu. Hitler, I Dünya müharibəsindən sonra imzalanan və Almaniyanı alçaldıcı vəziyyətə salan Versal müqaviləsini pozaraq yeni bir ordu qurmağa başlayıb. Halbuki Versal müqaviləsinə əsasən Almaniyanın hərbi potensialı məhdudlaşdırılmışdı. Belə ki, Almaniyada ümumi icbari hərbi mükəlləfiyyət ləğv olunaraq ona daxilində qayda-qanunu qorumaq məqəsdilə yalnız könüllülük əsasında toplanmış 100 min nəfərlik quru qoşunu saxlamağa icazə verilmişdi. Bundan sonra Münxen sazişi ilə müstəqil dövlət kimi ləğv olunan Çexoslovakiya nasistlər tərəfindən işğal olunub. 1939-cu ilin mayında Hitler və Mussolini (İtaliya faşizminin lideri olub) tərəfindən hərbi-siyasi ittifaq haqqında “Polad paktı” imzalanıb. 1939-cu il avqustun 23-də Hitler Almaniyası SSRİ ilə bir-birinə qarşı on il müddətinə hücum etməmək haqqında müqavilə bağlayıb. Əslində Hitlerin bu müqaviləni bağlamaqda məqsədi, Avropanı işğal edib qurtarana qədər SSRİ-ni müharibədən təcrid etmək idi. İngiltərə və Fransanın Polşaya real kömək etməyəcəyinə əmin olan Hitler Almaniyası 1939-cu il sentyabrın 1-də onun üzərinə hücuma keçərək işğal edib. Eyni ilin sentyabrın 3-də isə İngiltərə və Fransa Almaniyaya müharibə elan edib və bununla da II Dünya müharibəsi başlanıb. Hitler qoşunları 1940-cı il aprelin 9-da Danimarka, iyunun 10-da Norveç, həmin ilin mayında isə Niderland, Belçika və Fransa üzərinə hücum edib, bu ölkələri işğal edib. Daha sonra nasistlər 1940-cı ilin iyulundan payızın axırlarınadək ingilis şəhərlərini vəhşicəsinə bombardman edib. Hitler Almaniyası 1940-cı il sentyabrın 22-də İtaliya və Yaponiya ilə üçtərəfli hərbi-iqtisadi ittifaq haqqında müqavilə bağlayıb. 1940-cı ilin oktyabrında faşistlər Rumuniyaya daxil olublar, daha sonra Macarıstanı özlərinə tabe ediblər. 1940-cı ilin 18 dekabrından Hitler tərəfindən “Barbarossa” adlı gizli plan təsdiq edilib ki, bu planda “İldırım sürətilə” qələbəyə çatmaq və ay yarım-iki ay ərzində SSRİ-ni darmadağın etmək nəzərdə tutulub. Hitlerçilər 1941-ci ilin martında öz qoşunlarını Bolqarıstana yeridib. Nəticədə Bolqarıstan üçlər paktına cəlb edilib. 1941-ci ilin aprelində alman və italyan qoşunları parçalanmış vəziyyətdə olan Yuqoslaviya və Yunanıstanı işğal edib. 1941-ci il 22 iyunda Hitler Almaniyası hücum etməmək haqqında müqaviləni kobudcasına pozaraq, müharibə elan etmədən Sovetlər Birliyinə hücuma keçib. Hitler tərəfindən təsdiq edilmiş “Ost” (“Şərq”) adlanan baş planda SSRİ-nin işğal olunmamış ərazisindəki slavyan əhalinin məhv edilməsi, Sibirə sürgün edilməsi və almanlaşdırılması nəzərdə tutulub. Müharibənin ilk aylarında qızıl ordu surətlə irəliləyən hitlerçilərin təzyiqi altında bütün cəbhə boyu böyük insan itkisi və maddi tələfat veməklə geri çəkilməyə məcbur olub. Hitlerin ölkələri işğal edərək surətlə irəliləməsindən qorxuya düşən ölkələr antihitler koalisiyasında birləşməyə başlayıblar. 1942-ci ilin oktyabrında ingilislər faşistləri Şimali Afrikada məğlub edərək onların Yaxın Şərq ölkələri üzərində olan təhlükəsini aradan qaldırıb. 1943-cü ildə Hitler Almaniyasının Stalinqrad döyüşündə SSRİ-yə məğlub olması II Dünya müharibəsinin gedişində bütün antihitler koalisiyasının xeyrinə əsaslı dönüş yaradıb. 1943-cü ildə ingilislər Mussolinini məğlubiyyətə uğradaraq Şimali İtaliyanı işğal ediblər. Beləliklə, Almaniyanın Avropadakı əsas müttəfiqi olan İtaliyanın müharibədə məğlub olması ilə hərbi-faşist blokunun dağılmasının əsası qoyulub. Hitlerin siyasəti Almaniyanı fəlakətə doğru aparırdı. Belə bir şəraitdə bəzi qruplar Hitlerə sui-qəsd planı hazırlamağa başlayıblar. Polkovnik Claus fon Stauffenberq Hitlerin qərargahına bombalı bir sui-qəsd təşkil etsə də, Hitler bu sui-qəsdən yüngül yaralanaraq xilas olub. Belə ki, Hitlerin keçirdiyi ənənəvi tədbirlərin birində onun oturduğu stolun altına bomba yerləşdirilib. Güclü partlayış onlarca adamın ölümünə və yaralanmasına səbəb olsa da, Hitlerin bəxti gətirib və sağ qalıb. Sui-qəsddən sonra qəsdçilərdən Kluge və Rommаl intihar ediblər, Witzleben, Stülpnagel və Canaris isə Hitlerin əmri ilə edam edilib. Baş tutmayan sui-qəsddən sonra artıq Hitlerin başı və əlləri əsib, hərəkətlərinə nəzarət etməkdə çətinlik çəkib. 1944-cü ilin sonundan etibarən Hitler artıq dəli olmaq dərəcəsinə çatıb. Belə ki, o, tez-tez öz-özünə danışıb, rahat yata bilməyib, qışqıraraq tez-tez yuxudan oyanıb. 1945-ci ilin əvvəllərində İngiltərə və Fransa qərbdən, Sovetlər Birliyi isə şərqdən alman torpaqlarına daxil olmağa başlayıblar. Artıq məğlubiyyət Hitler üçün qaçılmaz olub. Ətrafındakıların Hitlerə Bavariyadakı təhlükəsizliyi təmin edilmiş yeraltı bunkerlərdən birinə getməyi təklif etməsinə baxmayaraq, bəlkə də artıq özlüyündə uduzduğunu anlayan Hitler, Berlini tərk etmək istəməyib. O, deyib ki, ya düşmən Berlində məğlub ediləcək, ya da o, özünü güllələyəcək. Berlin bombardman edilən zaman Hitler zorla da olsa yeraltı bunkerə endirilib. O, artıq sonunun çatdığını anlayıb və bilib ki, ələ keçəcəyi təqdirdə onu dəhşətli bir ölüm cəzası gözləyir. Bundan başqa, Hitler başa düşüb ki, onu 1918-ci ildə Versalda bağlanan və Almaniyanı alçaldıcı vəziyyətə salan sülh müqaviləsi kimi bir müqavilə bağlamağa məcbur edəcəklər. Bunu isə o, istəməyib. Maraqlı və qəribə də olsa, Hitler belə bir vəziyyətdə 28 aprel 1945-ci ildə sevgilisi Yeva Braunla evlənib. 30 aprel 1945-ci ildə Hitler nasionalist rəhbərləri ilə vidalaşaraq öz yerinə Dönitzi təyin edib. Hitlerin bundan sonrakı taleyi haqqında müxtəlif fərziyyələr mövcuddur. Bir fərziyyəyə görə arvadı Yeva Braunla intihar edib, bir fərziyyəyə görə isə Hitler arvadı ilə birlikdə ömrünün sonunadək gizlənib. Amma onun harada gizləndiyi barədə hər hansı dəqiq məlumat yoxdur. Yunis XƏLİLOV Naxçıvan Dövlət Universitetinin “Hüquq fənləri” kafedrasının müəllimi, hüquqşünas

Bizə qoşulun