Şuşanın işğal tarixi yaxınlaşır. Ondan sonra da Laçının işğal günü gəlir. Yadıma düşəni, mayda qara günlərimiz deyəsən elə bunlardır. Ancaq bu günlər haqda, çox da uzaq olmayan tariximiz barədə nə bilirik? Demək olar çox az informasiyamız var. Son 24 ildə isə bu tarixi öyrənib dərs götürmək yerinə daha da dolaşıq, yalançı əhvalatlarla millətin beynini doldurublar. Elə Şuşanın işğal günü haçandır soruşsan, çox adam 8 may deyəcək. Halbuki, 9 may və 10 may olması haqda da cürbəcür mənbələrin xəbərləri var.
Şuşada döyüşən könüllü özünümüdafiə taborlarından birinin komandiri Tofiq Oğuz olub. Həmin günlərdə itkin düşüb, böyük ehtimalla öldürülüb. Çünki elə o vaxtdan bəri - 1992-ci ilin mayından Tofiq Oğuzdan heç bir xəbər-ətər yoxdur. Bəs xalq bu haqda niyə düşünmür? Niyə öz əsgərini itirib-axtarmır? Dünən mən Facebook sosial şəbəkəsində balaca bir eksperiment aparmaq istədim. Tofiq Oğuzun internetdən tapdığım yeganə fotosunu (o da bir saytın köhnə bir yazısından çıxartma idi) paylaşdım, “Bu insanı tanıyırsınızmı?”. Tanıyan yox idi, ta ki, İsa Qəmbər “Tofiq Oğuzdur” yazana qədər.
Ancaq adama deyərlər nə itirib, nə axtarırsan, bu dəqiqə başımızı birtəhər saxlamaqla məşğuluq, vəziyyət çox çətindir. Doğrudan da vəziyyət çox çətindir. Milli “mister Fiks”lərimizin heç bir planı gözə dəymir. Eləcə inersiya ilə, ətalətlə enişdən üzü aşağı dığırlanmaqdayıq. Harda qırılar qırılar - iqtisadi, siyasi, sosial gələcəyimizin əsas devizi budur. Bu yaxında çox etibarlı mənbədən eşitdiyim xəbər məndə əməllicə ruh düşkünlüyü yaratdı. Bakı məktəblərindən birində kitabxananın müdiri şagirdlərə evdə oxumaq üçün kitabı... 1 manata verir! Bu da dolanışığın belə üsulunu tapıbdır. Danışdırsan haqlı çıxacaq. Deyəcək nə edim, mənim repetitorluğa imkanım yoxdur, evdə uşaqlarım acdır, maaş çatmır, necəsə dolanmalıyıq və sairə. O üzdən heç danışdırmasan yaxşıdır - 1 manatı ver, kitabı apar oxu, qaytar. Millət bu yolla inkişaf edəcəkdir!
Oxuyan olsa, əlbəttə. Başqa bir məktəb kitabxanasına təzəlikcə özüm getmişdim bir işlə bağlı. Kitabxanaçı dedi ki, uşaqlar, müəllimlər oxuyurlar. Maraq üçün bir neçə kitabı rəfdən alıb titul vərəqinin içindəki oxucu kartına baxdım. Ağappaq idi. Bir nəfərin də “filan vaxt götürdü, filan vaxt qaytardı” qeydi yox idi. Demək yalan danışmaq çox asanlaşıbdır. 19-cu əsrdə, 20-ci əsrin əvvəlində yaşamış maarifçilərimiz, əlifba islahatı uğrunda çalışan mütəfəkkirlər, “Vətən dili” kitabı yazan Çernyayevski, “Hesab məsələləri” (riyaziyyat) kitabı yazan Üzeyir bəy Hacıbəyli indi dirilib məktəb kitabxanasında kitabın uşağa oxumağa pulla verildiyini görsəydilər havalanardılar.
Mövzü açılmışkan, bir əcaib mənzərəyə etirazımı da bildirim. Axundov adına Milli Kitabxanamızın anl.az adlı elektron resursu var. Burada yerləşdirilən elektron kitabları oxumaq imkanı çox yaxşıdır, ancaq təəssüf ki, kitabxana hər səhifəyə (PDF formatındadır) özünün nəhəng emblem-qoloqramlarını həkk edibdir, guya bununla müəlliflik hüququnu qoruyurlar. Başa düşmək olmur ki, misal üçün, klassik yazıçılarımızın, dünya və Azərbaycan qanunlarına görə artıq çap və yayım hüququ bütün bəşəriyyətə keçmiş insanların kitablarının elektron səhifələrinə niyə “AMK” hərfləri yapışdırılır, üstəlik bunları endirmək qadağan edilir? Axı bu kitabları 2000-ci illərdə latın qrafikası ilə təkrar çap edərkən biz xalq olaraq buna bir dəfə artıq pul ödəmişik - dövlət büdcəsindən ayırmaqla. Həmçinin, AMK xalqın, dövlətin kitabxanasıdır, dövlət büdcəsindən maliyyələşir. Bu halda xalq niyə pulunu verdiyi kitabı zülümlə oxumalıdır?
Rusiyada “Maksim Moşkovun kitabxanası” - lib.ru adlı elektron kitabxana resursu var. Bir ara bəzi müəlliflər pirat üsulla kitablarını yaydığı üçün Maşkovu məhkəməyə verirdilər. Bu zaman Rusiya dövləti lib.ru saytını himayəyə götürdü! Mədəniyyət Nazirliyinin xəttiylə pul ayırdılar, müəlliflərin kitabının haqqını ödəyib sayta qoydular ki, camaat sərbəst oxusun.
Bütün dünyada belə pulsuz elektron resurslar, kitabxanalar var. Dövlətlər çalışır ki, insanlar oxusun, öyrənsin. Özü də bilik elə qəribə mahiyyətə malikdir ki, bunu nə qədər çox paylaşsan, o qədər də özündə artır. Yoxlamaq üçün oxuduğunuz bir kitabı başqasına danışın, təbliğ edin. Görəcəksiniz yadınızda daha yaxşı qaldı. Dövlətin kitaba, elmə qoyduğu pul da eyni təbiətə malikdir - beş manat qoysan şübhəsiz bunun xeyri beş yüz manat olacaqdır.
Ancaq əlbəttə, gələcək nəsillərin xeyrini yox, indiki öz nəslinin, ailəsinin nəfini düşünən adamlara bunu izah etməyin mənasızlığını anlayıram.
08.05.2017, 11:13
447 baxış
Zamin Hacı
Keçmişi unudanların gələcəyi