Medianews.az
Dodaq yeri
254 baxış

Dodaq yeri

Dodaq yeri Keçən həftə sosial şəbəkələrdə, cəmiyyət arasında, mediada ən qaynar müzakirə temalarından biri jurnalist X.Səfəroğlunun metroda öpüşənlərə göstərdiyi reaksiya oldu. Bu müzakirələr hətta ölkəmizin sərhədlərini aşıb Britaniyanın BBC radiosunun rus redaksiyasında reportaja qədər gedib çıxdı. Ortada hadisənin çoxlu interpretasiyaları var. Biri deyir, öpüşmək olmayıb, hələ öpüməyə hazırlaşarkən jurnalist onları təpikləyib vaqondan qovub. (Jurnalistin özü qalmaqalın ilkin mənbəyi olan facebook statusunda belə yazmışdı). Başqası dedi, təpikləmə olmayıb, sadəcə üstlərinə təpinib, sözlə qovub. Mənim məqsədim bu detalları araşdırmaq deyil, mənası da yoxdur. Ancaq hadisənin doğurduğu rezonansın sosioloji baxımdan analizinə ehtiyac var. Birincisi, jurnalistlər cəmiyyətin avanqardı, qabaqda gedən hissəsi sayılır. Təəssüf ki, bu məsələdə bəzi jurnalistlər hətta ənənəvi dini kəsimdən də radikal göründülər, ictimai yerlərdə öpüşənləri linç etməyə çağırdılar. Eyni zamanda, cəmiyyətdə qarşıdurma anlarında media alova su səpməlidir, müəyyən qədər həm də barışdırıcı olmalıdır. Ancaq gəlin görək hörmətli yazarımız Samir Sarı keçən həftə o qalmaqalda bir-birini söyənlərə yazısında necə şərh vermişdi: “Özü də təkcə jurnalist yox, onu bu və ya digər şəkildə müdafiə edənlər də söyülür. Bir gənc oğlan atası yaşda kişiyə insan bədəninin adıçəkilməz üzvlərinin tez-tez zikr olunmasıyla elə bir isterik cavab yazmışdı, o sözlərin beşdə birini üzbəüzdə demiş olsa, onu morqa, kişini də içəri aparardılar (hərçənd oğlan qətl yerinə hazırlıqlı gəlsə, özüylə kəsici-deşici alət gətirmiş olsa, tərsinə də ola bilərdi)”. Diffamasiyadan əziyyət çəkən bir media orqanının nümayəndəsi cəmiyyətdə təhqirlərə qarşı görün nələr təklif edir. Kimsə başqasını təhqir edibsə, bunun qanunla cəzası var. Cərimələr, inzibati həbs, minimum halda isə “sən də onu söy, bitsin” deyə bilərik. Burda isə cinayət təbliğatı, bir növ təhrik var. İlk dəfə deyil bu müəllif belə cümlələr yazır, təəssüf ki. Mediada bu tip “qədeş”, “məhəllə təfəkkürü” ayıb bir haldır. İkincisi elə qanun məsələsidir. Yeri gəlmişkən, bəyənmədiyimiz iqtidar bu öpüşmə temasında bir çox özünü sekulyar sayan jurnalist-"qeheteşnik"-politikdən daha mütərəqqi göründü, ya da özünü belə göstərdi. Bulvar idarəsi, şəhər polisi, həmçinin metro idarəsi Azərbaycanda öpüşməyə heç bir qadağa qoyulmadığını açıqladılar. Hüquqi tənzimləmə əslində burada ən önəmlisidir. Əgər insanlar cəmiyyətdə davranışlarını “mentalitet”, “milli əxlaq”, “bizim dəyərlər” kimi yayğın, hərənin özündən çıxartdığı müxtəlif prosedurlara uyğunlaşdırsalar, həmin ərazidə yaşayış mümkünsüz hala gələr. Dövlətdə hər şey qanunla müəyyən olunur, qanun qadağan eləmirsə, həmin hərəkəti etmək olar. (Sözgəlişi, bəzi idiotlar guya çox ağıllı çıxıb “İndi küçədə öpüşməyə icazə versək bu adamlar sabah küçədə ”kiçik ehtiyaclarını" ödəyərlər" tipli şərh verirdilər. Öpüşməklə ifrazatı eyni kateqoriya sayanların öpdüyü adamlara yazığım gəlir). Üstəlik, əgər həmin “mentalitet və milli dəyər” belə yaxşıdırsa, onu niyə indiyə qədər qanun şəklinə salmamısınız? Şəriət dövləti qurulan bəzi yerlərdə belə qanunlar var. “Gözümüzün qabağında öpüşməsinlər” arqumenti də cılızdır. Guya boyunun ardında, yan tərəfdə olsa dözərmişlər. Təxminən hökumətin sərbəst toplaşma hüququnu istirahət hüququ ilə qarşılaşdırıb mitinq və piketlərə qadağa qoymasına bənzəyir. “Gözün qabağı” deyə bir hüquqi anlayış yoxdur, ictimai yer anlayışı var, dövlətin münasibətindən də göründü ki, ictimai yerlərdə öpüşmək qadağan deyil. Öpüşən insanlara baxmaq, yeri gəlmişkən, sağlam insanda ancaq müsbət emosiya yarada bilər, burda axı pis nə var? İnandırıcı deyil ki, öpüşə qarşı çıxanlar kinolarda belə səhnələr olanda durub ekrana təpik atırlar. Uşaqları bəhanə edən olacaqsa, qeyd edim ki, heç bir ağılla idarə edilən ərazidə indiyə qədər öpüş səhnələri olan filmlərə “18 +” kateqoriyası verilməyib. Bəzi idiotlar isə müzakirə zamanı “Sizin bacınız küçədə öpüşsə nə edərsiniz” sualı verirdilər. Onları ona görə idiot adlandırıram ki, fərqinə varmırdılar: başqalarının bacısını müzakirə etmək hüquqları yoxdur! Başqalarının şəxsi həyatını, ictimai davranışlarını müzakirə etmək və ya çərçivəyə salmaq haqqını bunlar hardan alıblar? Axı bu, yalnız müəyyən hallarda dövlət orqanlarına aid funksiyadır. Hətta lap dərinliyə varsaq, insan cəmiyyətində “sənin bacın” deyə bir anlayış yoxdur. Bütün insanlar bacı və qardaşdır. İnsanı heyvandan fərqləndirən ilk növbədə elə bu sosiallığıdır. Üzeyir bəyin qəhrəmanı demişkən, “çelovek jivotnoe obşestvennoye”. Mən mənimlə eyni ata-anadan doğulmayan insanlara bacım və qardaşım kimi baxmasam, daha bunun harası insanlıq oldu? Nəhayət, cəmiyyətin, xüsusilə gənclərin bu məsələdə X.Səfəroğlunun hərəkətinə etirazlarının məncə bir siyasi səbəbi də var idi. Onlar sanki demək istəyirdilər: “Öpüşmək bizim axırıncı azadlığımızdır, indi onu da qadağan edirsiniz!”. Axı doğrudan da bu gənclərin təhsil, iş, sağlamlıq, ailə qurmaq, siyasətlə məşğul olmaq və sairə fundamental insan hüquqları hər gün tapdalanır, Azərbaycan yaşanmaz hala gəlib və ayağı yer tutan mühacirət edir. Bu durumda isə biri qıraqdan çıxıb deyir, öpüşmək də olmaz. Obrazlı desək, dolmuş səbr kasasının qırağından bir öpüş alınmışdı. Gərək cəmiyyət üçün səbr kasasında “dodaq yeri” qoyasan.

Bizə qoşulun