Medianews.az
“Yeni həyat” kolxozundan mənzərələr
377 baxış

“Yeni həyat” kolxozundan mənzərələr

“Yeni həyat” kolxozundan mənzərələr Uşaq “Azərbaycan dili” fənninə aid, məktəbin tövsiyəsi ilə öz pulumuza aldığımız test kitabını gətirib sual verir: “Ata, burda kolxozçu sözünün hecalara ayrılmasının hansı düzgündür, onu soruşur. Səncə cavabı düz yazmışam?”. Qulağıma inanmadım. Çünki uşaq 2-ci sinifdə oxuyur. Azərbaycanda axırıncı kolxozları da 20 il qabaq - 1990-cı illərin ortalarında ləğv eləmişik, guya yerində özəl təsərrüfatlar qayırmışıq. Bəs bu kitabı cızmaqara edən adamlar 2017-ci ildə 7 yaşlı uşağa “kolxozçu” sözünü hecalara ayırmağı niyə öyrədir ki? Başqa söz tapılmır? Ya bizim təhsil sisteminin kolxoz quruluşunda qalmasına işarə edirlər? “Bəxt üzüyü” filmindən bir səhnə yadıma düşdü. Orda pioner qalstuku bağlamış məktəbliyə kimsə deyirdi: “Bu nədir bağlamısan boğazına? Zastoy qızı zastoy!” Hərçənd, ola bilər məktəblilərin pambıq yığımına cəlbi üzrə dövlət proqramına yardım üçün kolxoz quruluşu indiki uşaqlara da aşılanır. O köhnə və müdrik reklamda deyilən kimi, “biz baş həkimlə bir-birimizi işarələrdən anlayırıq”. Gəlib bizə ürcah olanlar, bizi tapanlar da biz ağılda olur. Həmrəng olmasalar da, həmxasiyyət çıxırlar. Latviyanın bir keçmiş prezidenti var, adı Vayra Vike-Freyberq kimi uzun, çətin tələffüz olunan isimdir. Bu qadın bizim yapistlərin əziz-xələf dostlarından biridir, düzü, dostluğun kökünü bilmirəm, mümkündür nəsə korrupsiya projesində bir olublar, indi də şərikli fırıldaqları vardır. Sözüm bunda deyil. Yaxınlıq o qədərdir ki, Vayra xala həftə səkkiz, o doqquz Bakıya gəlir. Hətta yapistlər onu Beynəlxalq Nizami Fondu adlı əlləm-qəlləm, nə işlə məşğul olduğu bilinməyən bir təşkilata həmsədr də qoyublar. Guya bu Nizami Fondu nəsə ədəbiyyat-zad işi, humanitar projelər görür, ancaq əsas məqsəd yapistlərin xaricdə lobbisi rolunu oynamaqdır. Bir neçə avara xarici dövlətin əski nazirini, prezidentini-filanı bu təşkilata yığıblar, illik paylarını verib, özləri üçün oynadırlar. Olsun. Nə işimizə qalıb, Azərbaycanın sərvətləri bizim deyil ki? Kimə verirlər, yaxşı eləyirlər. Bunlar yeyib doyublar. Bizim Qarabağ dərdimiz var. Qoy millətdə ruh yaşasın. Soğan əkin. Uzun sözün qısası, hazırda Latviyada korrupsiya ilə mübarizə idarəsi bu Vayra xanımın bir ekzotik görməmişliyini araşdırır. Yazım, oxucularımız da bilsin, çünki çox azərbaycanlıvari bir hərəkətdir: Vayra xala Riqadakı qədim və prestijli ərazi sayılan qəbristanlıqda özünə qəbir yeri alıbdır! Necə ki, bizdə bəzi nazirlər ən yaxşı halda at oğrusu olmuş atasını, ən böyük əmək fəaliyyəti yun çırpmaq olan anasını 2-ci Fəxri xiyabanda-filanda dəfn etdirir, sonra həmin qəbrin yanında da özünə yer tutub bron edir - bax, eynilə bu cür iş görübdür. Korrupsiya idarəsi də bunu araşdırır ki, Vayra xala qəbir yerini neçəyə alıb, kimdən alıb və sairə. Vayra xala 10 ilə yaxın Latviyanın prezidenti olubdur. Bundan qabaqkı bütün ömrünü isə Kanadada keçiribdir. Bəs indi bu niyə özünə sağ ikən qəbir yeri tutur? Məncə səbəbi Bakıya çox gəlib-getməyidir. Belə şeyləri bizdən öyrənibdir. İstəmir öləndən sonra meyiti ortada qalsın. Həmçinin, qəşəng, mənzərəli yerdə basdırılsın ki, zəhmətkeşlər desin bu nə lotu adam olubdur... İrlandiyada isə Bakıdakı Avropa oyunlarında qızıl medal almış bir boksçunu məhkəməyə veriblər. Bu irlandiyalı spirtli içki içib asayişi pozmaqda, ətrafdakıları təhqir etməkdə, hədələməkdə suçlanır. Gördüyünüz kimi, bu qardaşın ittiham buketi, cinayət çələngi də tam bizimkidir, adını Maykl O Reyl yox, Mikayıl müəllim yazsan elə bilərsən Nərimanovda 16-cı bölmənin uşaqları tutublar. Kim bilir, bəlkə Maykl müəllim də Bakıya gəlib-gedəndən sonra tərbiyəsi pozulubdur, gül kimi idmançı imiş. “Gül kimi” yazdım yadıma düşdü. Sovet vaxtı kolxozlara əcəb tragikomik adlar qoyulurdu. Məsələn, mənim yadıma gəlir, uşaq vaxtı Beyləqanda (Jdanov idi adı o zaman) yaşayan əmimgilə qonaq getmişdim, səhərə qədər ağcaqanad məni yemişdi. Kəndin yolu yox, suyu daşdan süzüb içirdilər, pambığa vurulan əcaib dərmanlar insanları boğur - qısası, tam bir cəhənnəm mənzərəsi. Ancaq kolxozun adı “Mayak” idi! Qonşu kəndinki isə deyəsən “Şəfəq” idi.

Bizə qoşulun