51 yaşlı Artur Tahir oğlu Rasi-zadə 1986-cı ildə Azərbaycanın baş nazirinin birinci müavini olanda 20 yaşlı Devid Uilyam Donald Kemeron Oksford universitetində 3-cü kurs tələbəsiydi.
Bu gün 50 yaşlı Devid Uilyam Donald Kemeron Britaniyanın baş naziri vəzifəsindən gedib, amma 81 yaşlı Artur Tahir oğlu Rasi-zadə hələ də ölkəmizin baş naziridir.
Bu sözləri yazmaqda məqsəd o deyil ki, cənab Rasi-zadənin təqaüdə çıxmaq yaşının çatıb da ötdüyünü iddia edim. Haşa! Zinhar belə bir niyyətdə olmamız mümkün deyil. Çünki bu ali mənsəb söhbətidir, dövləti-aliyyənin ixtiyarında olan məsələdir.
Sadəcə, rəqəmlər maraqlı gəldi. Bir də D.U.D. Kemeronun (bundan belə, eləcə Kemeron və ya Devid) vəzifədən ayrılması proseduru maraqlı göründü.
Deməli, İngiltərə tarixinin ən gənc baş naziri olmuş bu şəxs (yeri gəlmişkən, o, bu sətirlərin müəllifindən bir yaş uşaqdır) elə asanlıqla istefa verdi ki, az qala siyasi rəqibləri də “etmə, eləmə” deyə ona minnətçi düşəcəkdilər.
Nə var, nə var, Kemeron deyirmiş ki, gəlin Avropa Birliyindən çıxmayaq, Breksit etməyək, amma ingilis xalqı referendumda “eksit etməyimiz şərtdir” deyə ortaya mövqe qoyunca, Kemeron deyib ki, “siz eksit, mən də eksit”.
Yeri getməmişkən, deyim ki, biz “referendum”a insanların kütləvi şəkildə “referendurum” dediyi dövlərdən keçib gəlmiş adamlarıq, referendumdan çıxan nəticənin qarşısında boynumuz epilyator təzyiqnə məruz qalmış qıldan nazikdir. Devid də elə düşünüb, fikirləşib ki, xalq bunun sözünü eşitmirsə, vəzifədə qalması ona haram olar.
İndi kimsə deyəcək ki, ona qalsa, bizim xalq da Artur Rasi-zadəni eşitmir. Düzdür, amma Artur müəllim danışmır axı, danışsa, nəsə bir söz desə, xalqımız onu dinləyər də, eşidər də. Əslində isə belə daha yaxşıdır. Çox danışan baş nazirləri görürük. Bir söz deyirlər, sonra camaat hoydu-hoyduya götürür, onlar da məcbur olurlar ki, “o mənada deməmişəm” desinlər.
Artur müəllim köhnənin injeneridir, o, az və saz danışmağı 43 il bundan əvvəl, 1973-cü ildə “Azneftsənayemaş” birliyində baş mühəndis olarkən öyrənib. O zaman Devid kollecdə 1-ci sinifə gedirdi, heç Great Britain sözünü düzgün yazmağı da bacarmırdı.
O zaman heç kəs bu çəhrayı yanaqlı, kəkilli, totuş uşağa baxıb deyə bilməzdi ki, vaxt gələcək, o, Böyük Britaniyanın 75-ci baş naziri olacaq.
Biz gözümüzü açandan bəri Artur müəllimi böyük vəzifələrdə görmüşük. Çox adam elə bilir ki, ondan qabaq müstəqil Azərbaycanın baş naziri olmayıb. Amma elə deyil. Ondan qabaq ölkəmizin azı beş baş naziri olub, adama bir il, para il işləyiblər.
İndi onlarla Kemeronun statusu arasında elə bir fərq yoxdur. Hamısı sabiq baş nazirdir. İntəhası, onlar Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycanın sabiq baş nazirləridir, Kemeron isə dünyanın 5 böyük dövlətindən biri olan Britaniyanın sabiq baş naziridir.
Bir də aradakı ən yekə fərq odur ki, bizim sabiq baş nazirlərin ikisi sabiq olandan sonra türməyə gedib, biri 3-4 il unudulmaq həsrəti ilə yaşayıb, sonra səfir vəzifəsinə düzəlib, biri də tamam unudulub, ad-soyadını ancaq yaşlı politoloqlar bilir.
Belə görünür ki, Kemeronu dolaşdırıb tutmayacaqlar. Adam postundan çox əmin-arxayın şəkildə ayrıldı, arvad-uşağının əlindən tutdu, kefikök halda getdi. Misterin uşaqları özlərini elə aparırdılar, sanki İbiza adasına kurorta gedirlər.
Əlbəttə, Kemeronun zibil işləri olsaydı, gecəylə ölkədən qaçmalıydı. Şərq tərəflərdə elə olur. Baş nazir nədi, vəzifəsindən çıxdı, ölkədə qaldı nədi. Elə şeymi olar?
Bax, Devidin sələfi Toni Bleyri tuta bilərlər, nəsə xətakün işləri olub, adı manşetlərdə gəzir. İntəhası, o da heç yerə qaçmayıb, necə deyərlər, ədalətə, bahalı vəkillərin müdafiəsinə sığınıb.
Bəs kim bilir, vəziyyət dəyişsə, Kemeron təzədən baş nazir postuna qayıda bilərmi? Ola bilər. Məsələn, Artur müəllim bir dəfə baş nazir vəzifəsindən gedib, sonra xalqın təkidli tələbi ilə yenə gəlib. Kemeron isə özü qayıtmaz. Çünki vəzifədən o cür, çiynindən yük götürülmüş kimi gedən adamlar bir də özlərini yük altına verməzlər.
İbiza adasında oğul-uşaqla futbol-voleybol olmaq varkən, Kemeron gəlib 81 yaşına qədər dövlət yükü daşıyası deyil ki...
17.07.2016, 11:37
310 baxış
Samir Sarı
75-ci baş nazirin istefası