Medianews.az
“Başqa mövzu yoxdur?”
224 baxış

“Başqa mövzu yoxdur?”

img2022709 “Boş-bekar adamlarsız ey, düşmüsüz bir qızın ardınca, elə hey yazırsınız. Nə qədər olar? Lamiyə burdan gəldi, Lamiyə ordan getdi, filan-bəsməkan. Bəsdirin dəəə” (Bu, Lamiyə Quliyeva mövzusunun gündəmdə olduğu vaxt oxucu tərəfindən saytımızdakı yazılardan birinə göndərilən yüz bənzər şərhdən biri idi. “Lamiyə Quliyeva kimdir” deyə soruşacaqsınızsa, onu Google.az saytından soruşun, qarşınıza 4321 yazı çıxacaq). “Deyirəm, yazmağa mövzu tapmırsınız də, yapışmısız ”Eurovision"dan. Nə qədər yazacaqsınız? Ölkə dağılır, iqtisadiyyat batır, bundan yazın". (Bu da hər gün saytımızda gedən 200-dən artıq yazını kənara qoyub oxumayan, yalnız sözügedən mövzudakı bir-iki yazını oxuyub qeyzlənən oxucumuzun ürək sözləridir). “İşiniz-gücünüz yıxılana balta vurmaqdır. Belə duxlu oğlanıydınız Eldar Mahmudov və Akif Çovdarov vəzifədə olanda yazaydınız dəə. İndi qəhrəman çıxmısnız” (Oxucu haqlıdır. Həqiqətən onlar vəzifədə olanda hamı kimi qorxurdu. Qorxmayanları tutub altıncı mərtəbədəki “zirzəmi”yə salırdılar. İnanmırsınız, Google-də “Eynulla”, “Pərviz”, “iş adamları”, “zərgərlər” yazıb axtarış verin). “Suriyadan, İraqdan nə qədər yazmaq olar? Öz ölkəmizin dərdi-səri yoxdur? (Belə şərh yazanlara haqq verirsən. Doğrudan da öz ölkəmizin dərdi, səri çoxdur). “Elə yazırsınız, guya ki, bu dediyiniz problemlər başqa ölkələrdə yoxdur. Korrupsiya Amerikada da var, Avropada da. Suriyanın, İraqın gününə baxın, şükür edin, dağılıb gedirlər, qırğın-qiyamətdir” (Bu cür yazan oxucu da haqlıdır. Adı çəkilən ölkələrə baxanda gərək biz “problemimiz var” yazmayaq). “Həkimlərə nə vermisiz, ala bilmirsiz? Niyə kampaniya aparırsınız? Sanki başqa sahələrdə güllük-gülüstanlıqdır, bircə səhiyyə sferası bərbaddır? Heç pis jurnalist yoxdurmu?” (Gerçəkdən də başqa sahələrdə çalışanlar arasında da qeyri-peşəkar, səviyyəsiz, diletant adamlar var. İntəhası, qəssabın adama dananın sağ dırnağı əvəzinə sol dırnağını verməsinin o qədər də fərqi yoxdur). “Bircə onu bilin ki, müəllimlər olmasa, siz heç yazı yaza bilməzdiniz. Ona görə də təhsil sistemini bu qədər pisləməyin. Müəllimlərə düz-əməlli maaş verilsə, yaxşı da dərs keşərlər” (Nə demək olar, bu cür şərh yazanlar haqlıdır. Gərək müəllimlərə yaxşı maaş verilsin). “Ölkənin başqa dərdi yoxdur, yalnız problem turizmdir? Ölkəyə turist gəlmir, belə qara-gora gəlsin. Problem axtarırsınız, Qarabağdan yazın. Yaralı yerimiz Qarabağdır” (Oxucu haqlıdır, “aləm cənnətə dönsə, yaddan çıxmaq Qarabağ”, “gəzməyə qürbət ölkə (turizm reklamı), ölməyə vətən yaxşı” (bu da vətənpərvərlik çağırışı), hələ desən, “torpaqdan pay olmaz”). “Ay qardaşlar, 20 ildir nə qədər eyni sözləri yazacaqsınız? ATƏT belə getdi, həmsədrlər filan tortu yedi, ermənilər atəşkəsi pozdu, Qarabağın açarı Rusiyanın cibindədir, daha nə bilim, nə. Yalandan yerə baş qatırsınız. Guya ki, vətənpərvərsiniz? Əsəbimizlə oynayırsınız”. (Adam xəcalət çəkir ki, lüzumsuz mövzularda yazaraq oxucunun gül kimi əsəbləri ilə oynayırııq). “Devalvasiya oldu, bitdi də. Nə qədər yazacaqsınız?” (Düzdür. İldırım düşdü, ot tayası yandı, kül oldu. Daha onun nəyindən yazaq. Durub ildırımötürən tikəsi deyilik ki. Bir də şimşək çaxanda bir kəlmə informasiya verərik, olar, bitər). “Neftin qiymətindən yazmağınız bizə çoxmu maraqlıdır, sanırsınız. Ciddi mövzularda yazın” (Elədir. Dünyanın nəhəng dövlətləri, ali sarayları, maliyyə dairələri hər gün bu qeyri-ciddi işlə məşğuldurlar). “Futbol çıxardanın lap atasına lənət! Az yazın da bu andırdan” (Çempionat bitdi, daha az yazacağıq). “Bu manıslardan yazmasanız, olmaz? Onların ərə gedib-getməməsi, maşınlarını dəyişib-dəyişməməsi, toya neçəyə getmələri bizə çoxmu maraqlıdır?” (Vallahi, oxucu düz deyir). Bir sözlə, Azərbaycan oxucusu onunla fərqlənir ki, informasiya bolluğuna qarşıdır, istəyir ki, mətbuat heç nə barədə yazmasın, ümumiyyətlə, mətbuat olmasın. Hamı başını aşağı salıb öz oğurluğu, talançılığı, yalançılığı ilə məşğul olsun və tutduqları əməllərdən başqalarının xəbəri olmasın. Bu xüsusda ən populyar təklif də belədir: “Gərək bundan yazasızmı, başqa şeydən yazın”. Biri çıxıb o “başqa şey”in nə olduğunu da desəydi...

Bizə qoşulun