Medianews.az
Qərbdə Sadiq Xan, Şərqdə - sadiq xan
263 baxış

Qərbdə Sadiq Xan, Şərqdə - sadiq xan

img1830847 İl olub 2016, Şərq hələ də demokratiyaya, haqq-ədalətə var gücü ilə müqavimət göstərir, istedadları boğur, ətalətdən çıxa bilmir. Şərq və Asiya regionundan çıxan sadə və istedadlı adamlar gedib uzaq ölkələrdə - İngiltərədə, İsveçdə, Norveçdə, Hollandiyada meqapolis meri, parlament deputatı seçilə, nazir ola bilirlər, öz ölkələrində isə onların bu imkanı yoxdur. Çünki Şərq ölkələrinin əksərində despotizm var, bu region xanədanlıqlar, padşahlıqlar yuvasıdır. Burada seçib-seçilmək söhbəti yoxdur, bütün seçkilərin taleyini kiçik və qüdrətli qrup, elitar klub, bir neçə superseçici həll edir. Onlar isə həmişə özlərindən olmayan istedadların başından basırlar. Londonun meri olmuş Sadiq Xan Pakistanda qalsaydı, İslamabadın meri seçilə bilməzdi, çünki onun atası ali kastadan deyildi. Zatən, elə bir imkanı olsaydı, Sadiq Xanın atası Pakistandan İngiltərəyə mühacirət etməzdi, öz ölkəsində qalardı. Ancaq bu gün bu adam öz potensialını tamamilə yad bir ölkədə, Pakistanla din, dil, mədəniyyət birgəliyi olmayan İngiltərədə gerçəkləşdirib. Ona görə ki, o ölkə sıradan olmayan istedadlara qiymət verməyi, onların potensialından istifadə etməyi bacarır. Londonun meri olmaq dünyanın yüz əllidən artıq ölkəsinin prezidenti olmaqdan daha şərəfli, məsuliyyətli işdir. İndi təsəvvür edin, uzaq və yad bir ölkədən gəlmiş mühacirin oğlu lordların, kral ailəsinin, əsl-nəcabətli zadəganların yaşadığı şəhərin rəhbəridir. Bu, özlüyündə müasir ingilislərin, London əhalisinin nə qədər tolerant, geniş ürəkli olmasının, modern düşüncə tərzinə yiyələnmələrinin göstəricisidir. Elementar ksenofobiya meyllərinin olduğu cəmiyyətlərdə belə bir hadisə baş verə bilməzdi. Sadiq Xan uzağı iki əsas namizəddən biri olar və həlledici anda uduzardı. Demək, İngiltərədə öz ağlı, savadı, adamlığı ilə fərqlənən şəxslərin qarşısına baryer qoymur, yaşıl işıq yandırırlar. O da qabağa gedir, daha da fərqlənir. Belə olmasaydı, İngiltərəni ölkəmizdə səfir olaraq daha bir pakistanlı – İrfan Siddiq təmsil etməzdi. Bir adları çəkilən şəxslər deyil, artıq xeyli müddətdir ki, inkişaf etmiş Avropa ölkələrində “dünyanın o başından gəlmiş” mühacirlərin övladlarını yüksək dövlət vəzifələri tutması, cəmiyyətin üst təbəqələrində, sənət, elm camiələrində, biznes dairələrində təmsil olunması adi haldır. Şərqlilərdən fərqli olaraq, qərblilər dövlətin, cəmiyyətin mənafeyi tələb edən yerlərdə və vaxtlarda heç bir irqi, dini, milli ayrı-seçkilik etmədən seçimlər edə bilirlər. Onlar belə edir və hamılıqca qazanırlar. Seçicilərin əksəriyyətinin səsini alaraq seçki birinci olmuş partiyanın sədrini – baş nazir olan şəxsi öz iradəsinin əleyhinə olaraq istefaya göndərmək halı yalnız Şərq ölkələrində ola bilər. Qərbdə belə şey eləməzlər, bir şəxsin öz iradəsini bir partiyaya, millətə, dövlətə sırımasına imkan verməzlər. Şərqdə belədir, Sadiq Xanın istedadına baxmazlar, xanların sadiqliyinə baxarlar, sadiq xanlar, vəzirlər, nazirlər, hakimlər, prokurorlar axtararlar... və taparlar. Çünki güclüyə itaət etmək sərfəlidir, çətin deyil, sadiq görünmək enerji aparmır. Nə qədər ki, avtoritar lider güclüdür, hamı sadiqdir, hər kəs sədaqət mücəssəməsidir, amma bir də onlara birinci şəxsin ayağı büdrəyəndə, əli zəifləyəndə baxaq, “sadiq”lərin hər onundan doqquzu mütləq xəyanət edəcək, satacaq, suyun öz boğazına çıxmasını da gözləməyəcək, dizinə çatan kimi dünənki sahibini ayağının altında qoyacaq. Şərqdə prinsiplərə sədaqətin önəmi yoxdur. Dövlətçiliyə sədaqət-filan söhbəti də boşboğazlıqdır, əsas məsələ şəxsi sədaqətdir. Hətta dövlətə xəyanət edən adamlar olur, şəxsi planda rəhbərə xəyanət etməyiblərsə, bağışlanırlar. Əksinə, dövlətə, millətə sədaqətli olan adam, şəxsi sədaqətinə şübhə yaranıbsa, cəzalandırılır. Rusiyada Putin, Özbəkistanda İslam Kərimov, Qazaxıstanda Nazarbayev, Tacikistanda Rahmon və başqaları elədir. Hələlik bircə Qırğızıstanda fərqlidir, o da ona görə ki, Atambayev zəifdir, bir az güclənəndə, adı qulağına dəyəndə o da “dövlət mənəm” moduna girəcək. Ona görə də Şərqin, eləcə də dünyanın dörd bir yanının fitri istedadları, ən bacarıqlı şəxsləri Qərbə axışır və orada özlərini təsdiq edir, faydalarını isə onlara qucaq açmış millətlərə verirlər.

Bizə qoşulun