Medianews.az
Tarixi zəng
192 baxış

Tarixi zəng

zamin yeni raz Adam zəng vurub deyir: “Mənim başıma prokurorluq, başqa dövlət orqanları oyun açıblar. Yazmadığım yer qalmayıb. Siz özünüz də 1997-ci ildə bu haqda yazmışdınız”. Necə deyərlər, mədəni şok keçirirəm. Düşünürəm bəlkə yanlış eşitdim. Bir daha dəqiqləşdirirəm. Doğrudan da 1997-ci ildən söhbət gedir. Doğrudan da mən bu adamın problemləri haqda o vaxt reportaj yazmışam. 19 il qabaq. İllər gəlib keçib, ancaq adamın dərdi dəyişməyib. Belə adamlardan bir neçəsini tanıyıram, vaxtilə onlardan yazmışam. İllərlə qapılarda sürünürlər, bəzən elə hansısa şikayətə gedərkən yolda ölürlər. Çoxlu cavab məktubları olur qovluqlarında. Heç bir işə yaramayan bu məktubları əzablı yollarda ora-bura daşıyırlar. 90-cı illərdə işlədiyim qəzetdə məktublar şöbəsinə də cavabdeh idim, həftədə bir dəfə “Surəti filan qəzetə...” məzmunlu, yuxarısında bir qarış enində bütün dövlət qurumlarının adı yazılmış elə məktublardan nə qədər görmüşəm, oxumuşam, qısa məzmununu dərc etmişəm. O konvertlərin markalarından əməllicə kolleksiyam yaranmışdı. Hamısı müstəqil Azərbaycanın markaları idi. Problemlərimizin milli markalanması bu idi. Bəs necə, artıq müstəqil idik! Bəzən adamlar dərdlərinin qısa dərcindən narazı qalırdılar. Bir kişi vardı Zaqataladan, torpaq islahatından narazılığını 12 vərəqlik dəftərə yazıb gətirmişdi, mən bunun hamısını qəzetə verə bilməzdim. Qısaltdım. Bir ay keçməmiş kişi təzədən gəldi redaksiyaya, az qalırdı məni döysün. Deyirdi gərək məktubumu bütöv verəsiniz. Yazıq elə bilirdi buna qulaq asmayan məmurlar 12 vərəqlik dəftərini qəzetdən oxuyub istefa verəcəklər. Ağdamlı bir kişi var idi, deyirdi sifarişli şikayət məktubları göndərmək üçün 2 inəyimi satmışam. Bir az da tragikomik adam idi, ona izah elədim ki, bəlkə inəkləri saxlayıb südünü içsə daha faydalı məşğuliyyət olardı. Dövlət orqanlarına göndərdiyi məktubların qəbzlərini (kvitansiya) böyük masanın üstünə tökmüşdü. Qəbzləri yekə bir kisədə saxlayırdı! Masanın üstündə qəbzləri yaydıq, hardasa 5 santimetr hündürlüyündə bütün masanın üstünü örtmüşdü. Azərbaycan ədəbiyyatında məktub məsələsi çox həssas mövzudur. Bunun “Poçt qutusu” var, “Məktub yetişmədi”si var, “Ana və poçtalyon”u var. Hamısında da yetişməyən məktubların ağrısı təsvir edilib. Elə bil azərbaycanlılar sanki dərdlərinə həmişə qıraqda əlac axtarıblar, problemlərin həllinin epistolyar üsulla həllinə real həllindən daha çox inanıblar. Bəzən xeyri də olurdu. Həmkəndlim Şahvələd bəyin əhvalatındakı kimi: mühəndis ixtisası olsa da, rayonda ona iş tapılmırdı. Sovet dövlətinin vaxtından söhbət gedir. Bir gün Şahvələd bəy hardansa Baykonur kosmodromunun, kosmonavt Canibekovun adresini tapıb ona belə məzmunda məktub yazmışdı: “Yerdə iş yoxdur, sən göyə uçanda gör orda mənə bir iş tapa bilərsənmi”. Məktub Baykonurdan Füzuli rayon partiya komitəsinə qədər yol keçmişdi, raykom katibi Şahvələd bəyin ardıyca şəxsən gəlib onu işə düzəltmişdi. Yazımın sonunda isə AYB Qarabağ bölməsinin sədri Ənvər Əhmədin 6 apreldə yazdığım “Kukla teatrı” yazıma etirazını qısa ixtisarla dərc edirəm. Mən orda Ənvər bəyi xalq şairi, korifey sənətkar adlandırmışdım, bəy isə deyir: “Məni Karifey Sənətkar adlandırırsınız. Əstəfurrullah! Bu söz məni bir az sıxdı. Mən sadəcə özüməməxsus şeir, poema və dram əsərlərinin, yüzlərcə elmi, publisistik məqalələrin müəllifiyəm. Mənə xalq şairi deyirsiniz. Ancaq xalq şairi də deyiləm. Belə bir titulum yoxdur. Karifey sənətkarlar Nizami, Füzuli, Nəsimi, Sabir və Şəhriyardır”. Şair daha sonra yazır: “Mənim Ali Baş Komandana müraciətlə yazdığım şeirimin iki sətrini misal gətirisiniz-: Ali Baş Komandanım, sənin hökmün qətidir, Tökdüyümüz qızıl qan, bəli müvəqqətidir. Sizin məntiqinizdən belə çıxır ki, müvəqqəti qan tökmək olmaz. Həmişə qan tökmək lazımdır. Ancaq mənim soydaşım, həmişə qan tökmək olarmı? Biz elə ömrü boyu qan tökməyəmi yaranmışıq? Nə vaxt müharibə dayansa onda, bizim də qanımız tökülməkdən qutaracaq. Bir də onu deyim ki, mənim şeirimin əslində bu sətirlər belə deyil. Şeiri də göndərirəm baxarsız". Düzü, şeirin əsli göndərilməyib, o üzdən nəsə deyə bilmərəm. Mən Ənvər müəllimin həmin misrada sülhə çağırışını tənqid etmişdim, çünki biz torpaqlarımız alınmayana qədər müvəqqəti qan tökə bilmərik! Qaldı korifey məsələsi, şəxsən mən Ənvər müəllimi korifey hesab edirəm, bu mənim şəxsi mövqeyimdir.

Bizə qoşulun