Medianews.az
Hərbi uğurların meyarı...
156 baxış

Hərbi uğurların meyarı...

xalid kazimli kose 11999-cu ilin yayı idi. Milli Məclisin deputatı Nazim İmanovla müsahibə aparırdıq. O zaman Nazim İmanov ölkədə ən populyar və ən sevimli deputat idi, bütün siyasi partiyalarda, o cümlədən əksər media orqanlarında ona hüsn-rəğbət vardı. 
O, açıq-aşkar liderlərindən biri olduğu AMİP-in çərçivəsinə sığışmırdı. Adama elə gəlirdi ki, Nazim İmanov AMİP-dən ayrılsa, yeni bir partiya qursa, həmin partiya qısa müddətdə siyasi arenada parlaya bilər.
Müsahibə əsnasında N.İmanova təxminən bu yöndə bir sual verdim, partiya lideri ola bilib-bilməyəcəyini soruşdum. 
O vaxt onun bir xasiyyəti vardı, bütün suallara səmimi cavab verərdi (hərçənd bəzi suallara cavab verərkən “bunlar yazmaq üçün deyil” qeydi edərdi). MM üzvü həmin sualıma da səmimi cavab verdi, dedi, bu ölkədə bəlli şərtlər daxilində o lider ola bilməz. Təbii ki, niyəsini də soruşduq. N.İmanovun cavabı təxminən belə oldu: “Ölkə elə bir vəziyyətdədir ki, bəzən sərt qərarlar qəbul etmək, məsələn, döyüş əmri vermək, əsgərləri labüd ölümə göndərmək lazım gələ bilər, amma mən onu edə bilmərəm”.
Aradan 17 il keçib, bilmirəm Nazim İmanovun həmin fikirlərində dəyişiklik əmələ gəlib, yoxsa yox. Ancaq burası dəqiqdir ki, onun dediyi kimi etmədən lider olmaq hələ də mümkün deyil.
Müharibə o qədər amansız və xoşagəlməz bir şeydir ki, dünyanın ən sülhsevər, ən humanist lideri də döyüş əmri verə, əsgərlərini ölüm təhlükəsi qarşısına göndərə bilər. Başqa yolu yoxdur. Həlledici anda yumşaqlıq göstərmək, qəti qərar verməmək təslimçilik, məğlubiyyət, əsarət, işğal, faciə və sayı qat-qat çox olası ölümlər deməkdir.
Tutaq ki, qarı düşmən hücuma keçir və sən ölkə lideri olaraq əsgər ölümlərinə yol verməmək üçün onun qabağından qaçırsan və düşmən hücum edib daha bir kütləvi qətliam törədir. Səngərdə 100 əsgər ölmür, çöllərdə 600 qadın, uşaq, qoca ölür, iki bu qədəri əsir götürülüb zorlanır, millətin gözünün odu alınır və sair və ilaxır.
Demək, ölkə rəhbəri olmaq istəyən hər bir kəs bu cür sərt qərarlar verməyə hazır olmalıdır. Tarixdə bunun çoxlu örnəkləri var. Biri də Türkiyə Respublikasının qurucusu, türk dövlətçiliyinin xilaskarı Mustafa Kamal Atatürkə məxsusdur və ildə azı milyon dəfə təkrarlanır. Mustafa paşa öz əsgərləri qarşısında çıxış edərkən gəlişigözəl cümlələrdən istifadə etməyib, birbaşa deyib ki, geriyə yol yoxdur və mən sizə ölməyi əmr edirəm.
Nəticə ortadadır: Türkiyə xilas olunub, yaşayır, inkişaf edir, milyonlarla türk parçalanmış vətənlərində hüquqsuz kölə olmaqdan, onilliklərlə qurtuluş savaşı aparmaqdan qurtulub.
Ona görə də 2-5 aprel tarixlərində Qarabağ cəbhəsində verdiyimiz itkilərin üzərində antiiqtidar təbliğatı qurmaq düzgün deyil. Təkcə o səbəbdən ki, bir qədər səmimi olmaq lazımdır, həmin gün dövlətin başında İlham Əliyev yox, böyük dövlət xadimi saydığım İsa Qəmbər, Etibar Məmmədov, hətta qadın olduğu üçün hər kəsdən daha mərhəmətli olan Lalə Şövkət olsaydı, əsgərlərə döyüş əmri verməyəcəkdi, şəhidlər olmayacaqdı?
İnsan itkisi müharibələrin qədər-qismətində var. Bunsuz mümkün deyil.
Əsas məsələ nəticədir. II dünya müharibəsində almanlardan çox adam öldürən dövlət olmayıb, amma 20 milyon vətəndaşını itirən SSRİ qalib, 1 milyon vətəndaşını itirən Almaniya məğlub olub. Yəni hərbi qələbələr verilən qurbanların sayı ilə ölçülmür, azad edilən torpaqlarla, düşmənin hərb maşınının əzilib durdurulmasıyla, üstün mövqelər qazanılmasıyla, kapitulyasiya aktını kimin imzalamasıyla ölçülür.
Üç günlük müharibənin nəticələri böyük olmasa da, hər halda, hərbi uğurdur, 22 ildən bəri işğal altında tutulan torpaqların bir hissəsi azad edilib, ən əsası ermənilərdə azərbaycanlılar haqqında formalaşmış “müharibə etməyə cəsarət çatmayan əfəl düşmən” obrazı dağılıb. İndi onlar anlayırlar ki, Rusiya olmasaydı, Azərbaycanın qarşısında bir həftə tab gətirə bilməzdilər.
Hazırda ermənilər gözüqıpıq vəziyyətdə düşüblər, bunun qarşısında Azərbaycan gəncləri ciddi bir döyüş ruhuna, hərbi ovqata köklənib.
Şəhidlərin sayını yeri gəldi-gəlmədi qabartmaqla, bunu təbliğat-təşviqat vəsaitinə çevirməklə o döyüş ruhunu öldürmək, gənclərin gözünün odunu almaq, cəmiyyətdə yenidən apatiya yaratmaq olmaz.
 
Hakimiyyətlə intriqa sürdürmək, mübarizə aparmaq üçün azad seçki, insan haqları, tüğyan edən korrupsiya, məmur özbaşınalığı, inhisarçılıq, ayrı-ayrı sektorlardakı bərbad vəziyyət, kadr siyasətindəki əyintilər və sair mövzular var. 

Bizə qoşulun