Medianews.az
Yanlış təhlil, nadürüst təsbit
145 baxış

Yanlış təhlil, nadürüst təsbit

img1830847
Belarusda fəaliyyət göstərən “Belsat” telekanalının əməkdaşı Denis Dzyubanın MSDM rəhbəri İsa Qəmbərlə müsahibəsində maraqlı bir məqam vardı. Ümumiyyətlə, müsahibə olduqca maraqlı alınıb, amma sözügedən məqam daha diqqətəlayiqdir.
Dzyuba İsa Qəmbərdən Azərbaycanın Qarabağ müharibəsini ölkədaxili problemlərdən, ən əsası, maliyyə problemlərindən diqqəti yayındırmaq üçün başladığına dair versiyaya münasibətini soruşub.  
İsa Qəmbər deyib: “Bu versiyanın ciddi müzakirəyə ehtiyacı olmasını düşünmürəm. Düzdür, bir neçə gün sosial şəbəkələrdə söhbət yalnız Qarabağdakı toqquşmalardan, həlak olanlardan, azad olunmuş ərazilərdən getdi. Bu zaman sosial və iqtisadi problemlər ikinci plana keçdi, amma həll olunmadı. Belə hərbi əməliyyatlar nəticəsində xalqın iqtisadi problemləri unudacağını düşünmək ciddi deyil. Bu problemlər, həmçinin siyasi azadlıqlar problemi çox ciddidir, qalmaqda davam edir və biz, Azərbaycanın demokratik cəmiyyəti bu istiqamətdə iş aparırıq”.
Bu, bir siyasətçinin realist düşüncəsinin göstəricisidir. Onu göstərir ki, İsa Qəmbər hissə qapılmadan, ələ düşmüş fürsətdən öz siyasi rəqibinə zərbə vurmağa çalışmadan mühakimə yürüdə, obyektivliyini qoruyub saxlaya bilir.
Azərbaycanın siyasi arenasının başlıca problemlərindən biri də odur ki, bunu hər adam bacarmır, daha dəqiqi, az-az siyasətçi obyektivliyini sonadək qoruyub saxlamağı bacarır.
Son 25 ildə az informasiya əsasında uzaq gedən nəticələr çıxarmaq, yanlış təhlillər aparmaq, qeyri-dəqiq qənaətlərə gəlmək, bir neçə gün sonra baş verə biləcək hadisələri düzgün proqnozlaşdıra bilməmək mərəzi o qədər şiddətli və yayğın olub ki, bu, siyasi uğura gedən yolları həmişə qapayıb.
Baş verənləri düzgün qiymətləndirmək lazımdır. Ermənistanla biz, ən son tarixi götürsək, 28-ci ildir ki, müharibə vəziyyətindəyik. Bir gün Azərbaycan uzun-uzadı və mənasız danışıqlar prosesinə ara verib, ermənilərə öz qəzəbini göstərməliydi. Bu, cari ilin aprel ayının 2-ə təsadüf etdi. Prinsipcə, həmin döyüş fevral (ya da mart, hətta may) ayında baş versəydi, bunu da hansısa daxili problemlərdən (neftin qiymətinin düşməsi, devalvasiya, ictimai narazılıqlar və s.) diqqət yayındırmaq cəhdi ilə əlaqələndirmək olardı.
Bu baxımdan Qarabağ cəbhəsində hərbi əməliyyatların fəal fazaya keçməsini “Panama papers” sənədləri ilə bağlamaq bir neçə səbəbdən yanlışdır.
Birincisi, o sənədlərdə deyilənlərdən daha artığını vaxtilə jurnalist Xədicə İsmayıl yazıb. Burada Azərbaycan ictimaiyyəti üçün fövqəladə dərəcədə yeni bir şey yoxdur.
İkincisi, mövcud iqtidar o cür açıqlamalara görə həyəcanlanmaq mərhələsini çoxdan geridə qoyub və bilir ki, əvvəllər olduğu kimi, ictimaiyyətin reaksiyası yenə də 0-ın üstündə olacaq.
Üçüncüsü, müharibənin tez-tələsik başlanmayacağı təqdirdə heç də xalq sırf “Panama papers” sənədlərinə görə ayağa qalxmayacaq, hakimiyyətdən hesab sormayacaqdı. Bunun əksini düşünmək sadəlövhlükdür. Çünki Azərbaycan ictimaiyyəti çoxdandır ki, korrupsiyaya normal bir şey, hətta norma kimi baxır, hesab edir ki, bal tutanın arada barmaq yalaması məqbuldur.
Baxın, Qarabağ cəbhəsində atəşkəsdir, 10-15 gündən sonra hərbi ehtiraslar tamamilə səngiyəcək, yenə də gündəmdə başqa mövzular olacaq, hətta ola bilər ki, “Panama papers” söhbəti pik həddə qədər qızışacaq, ancaq xalq kütlələri hərəkətə gəlməyəcək.
Belə hadisələrin iqtidar komandalarının taleyinə təsiri İslandiya, Avstriya, Hollandiya, İsveç, Norveç kimi ölkələrdə ola bilər. Məhz o ölkələrdə korrupsiya qalmaqalları hakimiyyətdə olan siyasi qüvvənin taleyinə təsir edir: kimsə özü istefa verir, dirəşənləri isə zorla istefaya göndərirlər.
Belə hadisələrin Rusiya, Türkiyə, Belarus, Azərbaycan, Ermənistan kimi ölkələrə qətiyyən isti-soyuğu yoxdur. Bu, təcrübədə dəfələrlə təsdiqlənib.
Ona görə də Azərbaycan hərbçilərinin son 22 ildə ilk dəfə göstərdiyi şücaətə, rəşadətə kölgə düşürmək düzgün deyil. Bu, şəhidlərimizin xatirəsinə hörmətsizlikdir. Üstəlik, onların “heç nə üstündə qurban getdikləri”ni təkrar-təkrar, dönə-dönə vurğulamaq şəhidlərin əzizlərini ölümcül yaralaya bilər. Şəhidlərin hünəri və nailiyyəti onların son təsəllisidir, bilirlər ki, şəhidlər öz ölümləri ilə vətən üçün faydalı olublar. Bunu onlara çox görmək olmaz.

Bizə qoşulun