Medianews.az
Yenə oğurlayırlar...
251 baxış

Yenə oğurlayırlar...

zamin yeni raz Türkmənistan prezidenti Qurbanqulu müəllim dünən 3 nazirini işdən qovmuşdur. Deyir guya yaxşı işləməyiblər. Ancaq böyük ehtimalla onlar səhər idmanında düzgün əyilməyiblər. Orda prezidentin sərəncamıyla təzə qanun qüvvəyə minibdir: səhər işə gedərkən hər bir kəs gimnastika ilə məşğul olmalıdır. Uşaqdan böyüyə, obyektin tipindən - dövlət, özəl, diplomatik və sairə - asılı olmayaraq tətbiq olunur. Bağçalarda, məktəblərdə, nazirliklərdə, idarələrdə hamı idman edir. Özü də bunun üçün xüsusi yer-zad ayrılmamışdır, idarələrin işçiləri düzülürlər binanın qabağında, əyilib-qalxır, əl-qol hərəkətləri edirlər. Bığıburma erkəklərin, qat-qat tumanlı zənənlərin küçədə zorla, sürüylə idman eləməsini müşahidə eləmək tragikomediyadır. Türkmənistan Corc Oruellin “1984" romanındakı xəyali totalitar dövlətlərdən Ostaziya-nın ərazisinə düşür, ancaq son 20-30 ildə Türkmənistanda yaşananları bəlkə dahi yazıçı da proqnoz edə bilməzdi. Bir oğuz türkləri olaraq türkmən qardaşlarımız eynilə bizim günümüzdədir: nə eləsələr axırda ”Saparmurad Türkmənbaşı" alınır. Buna bənzər ifadəni Rusiyanın baş naziri Çernomırdin 90-cı illərdə demişdi: “Rusiyada nə qayırırsan qayır, axırda ya Kommunist Partiyası alınır, ya da Kalaşnikov avtomatı”. Söz afyorizmlərdən düşmüşkən, keçək əsas mövzumuza. Mövzumuz mövsümə uyğun olaraq vətənpərvərlikdir. Bu mövzuda da ən yaxşı müdrik kəlamlardan birini 19-cu əsr rus yazıçısı Saltıkov-Şedrin-ə aid edirlər: “Əgər vətənpərvərlik haqda çox danışmağa başladılarsa, deməli yenə nəsə oğurlayırlar”. Doğrudan qızıl sözlərdir. İmkanım olsa 21-ci əsrin Azərbaycanında bu cümləni hər küçəyə, tinə yazıb asardım. Bəlkə o zaman uca millətimiz və sevgili xalqımızın gözü açılardı. Gümanım yoxdur o halda da açılsın, fantastik ehtimal kimi yazdım. Ancaq Saltıkov müəllim müəyyən mənada səhvə yol verirdi. Mənim fikrimcə vətənpərvərlər hər hansı vətənin ən yaxşı, ən qaymaq hissəsidir, ərazini dövlətə çevirən, insanların həyatını müsbətə doğru dəyişən onlardır. Belə baxanda, bu mövzuda türk şairi Orxan Vəli-nin də yaxşı misraları vardır: “Nələr etmədik bu vətən üçün! Kimimiz öldük; Kimimiz nitq söylədik". Yəni şair demək istəyir ki, vətən üçün iş görmək lazımdır, boşboğazlıq eləmək yox. Örnək üçün, son günlər şəhərin meydanlarında əlində bayraq ora-bura gedən məktəbli uşaqlar görürəm, özümün tələbə vaxtım yadıma düşür. Dərs oxumaq əvəzinə düşmüşdük Nemətin, Hatəminin, Etibarın dalıyca. Nəticə də indiki vəziyyətimizdir. Uşağıma kitab oxutdura bilmirəm, ancaq 3-4 gün qabaq görürəm məktəbdən əlinə-üzünə qələmlə bayraq çəkib şəstlə evə gəlib. Rüşvətxor məktəb direktoru mitinq keçiribmiş. O cümlədən, hər kəsin peşəsini düzgün eləməsi onun vətənpərvərliyidir. Jurnalist həqiqəti yazmırsa, usta ayaqqabını yapışqan yerinə tüpürcəklə yapışdırıb müştəriyə sırıyırsa, həkim xəstəni səhv edib öldürürsə, ona patriot demək olmaz. İstəyir gündə yetmiş dəfə himn oxusun, bundan cəmiyyətə, vətənə hansı fayda var? İndi gəlirəm qabaqda yazdığım oğrular məsələsinə. Fikrimcə, oğrular hər bir dövlətin ən vətənpərvər insanlarıdır. Şübhə edirsinizsə, o zaman bu vətənpərvər sözünün etimologiyasına diqqət edin. Bu ərəbcə “vətən” və farscadan dilimizə dəyişərək keçən “pərvərdən” - yedirtmək, tərbiyə vermək sözlərindən yaranıbdır. Yəni, vətəni ən çox yeyən, vətənin yedirtdiyi adam vətənpərvərdir. Həm yeyirlər, həm də yeməyənlərə tərbiyə verirlər. Öyrədirlər ki, necə yaşamaq lazımdır. Təzəlikcə oğruların evdə pulu harda axtarması haqda bir maraqlı yazı oxudum. Sən demə bəzi varlılar pulu tualetin su bakının içində saxlayırmış. Bəziləri hamamda saxta boru düzəldib onun içinə yığırmış. Oğrular isə bu metodları yaxşı bilirmiş. Vətənpərvər oğrularımız da ana vətən Azərbaycanın bütün sərvətlərinin, qızıl-mızılının yerini bizdən yaxşı bilirlər, çırpışdırıb xaricdəki hesablarına, mülklərinə, şirkətlərinə yatırırlar. Uca millətimizin vətənpərvərliklə yanaşı oğru aləminə, kriminal lotulara, “vor-zakonlara” mental məhəbbətinin də səbəbi vətənpərvərlikdir. Yerim bitdi, yoxsa dərindən izah edərdim.

Bizə qoşulun