Medianews.az
Lələpətə tələ təpəyə dönsəydi...
384 baxış

Lələpətə tələ təpəyə dönsəydi...

xalid kazimli kose 1 Üç günlük vətən müharibəsindən sonra sosial şəbəkələrdə ən çox dolaşan rəylər belədir: “Ordumuz niyə dayandı? Hücuma davam etməliydi”; “Beynəlxalq birlikdən ciddi təzyiq yox idi, hərbi əməliyyatlar dayandırılmamalıydı”; “Əlimizə tarixi fürsət düşmüşdü, torpaqların tam azad edilməsinə çalışmalıydıq” və s. və i.a. Bu fikirlər ən çox vətənpərvər şəxslərə, ürəyi Qarabağla döyünən, mənsub olduğu xalqın istiqbalını fikirləşən insanlara məxsusdur. Onlar istəyirlər ki, dövlətimizin ərazi bütövlüyü bərpa olunsun, köçkünlər öz yurdlarında yaşasınlar, bərəkətli torpaqlarda əkin-biçin, inkişaf başlasın, dövlətimiz qüdrətlənsin. Bu, ülvi arzulardır, ali məramdır, gözəl məqsəddir. Ancaq ölkəmizin yerləşdiyi coğrafiyanın çox acı reallıqları var. Biz biri dost olan üç qüdrətli dövlətin (Türkiyə, İran, Rusiya) arasında yerləşirik. O dövlətin ikisi (İran və Rusiya) bu yerləri tarixən özlərinin şikarı, oylağı ediblər, bölüblər, hələ də elə hesab edirlər və asanlıqla əl çəkmək istəmirlər. Belə bir vəziyyətdə Qarabağ cəbhəsində hərbi əməliyyatların dayandırılması üçün “beynəlxalq təzyiqlər yox idi” deyə düşünmək, güman ki, informasiya qıtlığından doğur. Məsələ ondadır ki, adi gözlə görünən beynəlxalq təzyiq həddindən çox güclü idi. Hərbi qarşıdurmanın şiddətləndiyi günlərdə Rusiya rəsmilərinin bir-birinə calanan açıqlamaları medianı başına götürmüşdü, amerikalı, avropalı siyasətçilərin, diplomatların vay-növsəsi ərşə qalxmışdı. Deyək ki, amerikalı, avropalı siyasətçi və diplomatların “xroniki və növbətçi narahatlıqlar”ını saya salmamaq olardı. Onların əlində onsuz da hər hansı bir effektiv təsir rıçaqı yoxdur, qətnamə qəbul edərlər, kağız üzərində qalar, tövsiyə verərlər, saya salınmaz, amma onlar sözlərinin yerə düşdüyünə fikir verməz, bir tədbir görməzlər. Ancaq Rusiya elə deyil. Rusiya xoşuna gəlməyən situasiyalar yarandıqda əvvəlcə mızıldanar, donquldanar, amma heç bir müzakirə aparmadan, qətnamə qəbul etmədən, bir gecənin içində nəsə radikal bir addım ata bilər. Bunun əyani sübutu 2008-ci ilin avqustunda Gürcüstanda baş verən olaydır. O zaman Gürcüstan öz ərazi bütövlüyünü bərpa etməkdən ötrü hərəkətə keçmiş, Abxaziyanı nəzarət altına almaq istəmişdi. Hərbi əməliyyatların nəticəsi ağır oldu, Rusiya ordusu Tiflisin 60 kilometrliyinə qədər gəldi, yüzlərlə gürçü hərbçi öldürüldü, hərbi və mülki obyektlər dağıdıldı. Bu baxımdan biz yaxşı qurtardıq. Lələtəpə tələ təpəyə dönməmiş əməliyyatlar dayandırıldı. Əgər Azərbaycanın aprelin 2-də başladığı hərbi əməliyyat bu günə qədər davam etsəydi, gündən-günə tələbkar tövrünü artıran, dişini qıcadan, caynağını göstərən Moskva bu vaxta qədər radikal hərəkət edəcək, münaqişəyə erməni tərəfdən qatılacaqdı. Rusiya ictimaiyyətinin, mediasının ümumi rəyi də bu istiqamətdə formalaşırdı. Bu, hər kəsə bəlli acı bir gerçəklikdir. Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir, amma “arxalı köpək qurd basar” misalının hikmətiylə düşünsək, görərik ki, bunu əngəlləyən yırtıcı bir qüvvə var və o, israrla bu status-kvonun qorunub-saxlanmasını təmin edir. Belə vəziyyətdə bizim əlimiz-qolumuz bağlanırmı? Bağlanır. Amma tam yox, bizim bir əlimiz bağlanır, biri isə açıq qalır. Biz təkəlli olaraq doğma torpaq uğrunda mübarizəni davam etdirməliyik. Fəal hərbi əməliyyatlar apara bilmiriksə, permanent olmayan əməliyyatlardan istifadə etmək olar və vacibdir. Hərbi əməliyyatların kəsildiyi bu 22 il ərzində onsuz da gündə yüz dəfədən artıq pozulan atəşkəs rejiminin beş dəfə artıq və daha ağır şəkildə pozulması ümumi işə ziyan gətirməz. Ermənilər hər dəfə təmas xəttində atəşkəsi pozduqlarında onlara elə bir cavab vermək lazımdır ki, yenə o günkü kimi panikaya düşsünlər, arxayınlaşa bilməsinlər, “torpağı almışıq, oturmuşuq” deyə düşünməsinlər, anlasınlar ki, müharibə bitməyib, davam edir, hər an yenidən şiddətlənə bilər. Onlar bu gərgin psixoloji atmosferə tab gətirə bilməyəcəklər. Necə ki, son eskalasiyadan sonra cəbhəyanı məntəqələrdən Xankəndinə və İrəvana köç başlayıb, hər ciddi atışmadan sonra bu daha şiddətlə davam edəcək. Bir də onu düşünək ki, dünyada heç bir imperiya öz mövcudluğunu, qüdrətini sona qədər qoruyub saxlaya bilməyib. “Güclü day-day”ın zəiflədiyi vaxt ilk fürsətdə erməni avantürasına son qoyulacaq. Əsas məsələ Qarabağ davasından heç vaxt vaz keçməməkdir.

Bizə qoşulun