Medianews.az
Peşədən utanmaq
175 baxış

Peşədən utanmaq

zamin yeni raz Beş nəfər olardılar. Bazarda alver edirlər. Əlləri qabarlı, üst-başlarından yetimlik yağan kasıb, orta yaşlı azərbaycanlı kişilər. Biri telefonla internetə girib, o biriləri də bunun başının üstündən çömbəltmə əyiliblər, nəsə axtarırlar. İnternetə girən oxuyur: “Həlak olan pilotlarımızın son fotoları”. O birilərdən kimsə deyir: “Son durum yaz, baxaq”. Axtarırlar. Telefonlu qardaş növbəti “tapıntısını” oxuyur: “Azərbaycan əsgərinin dua edən yerdə fotoları”. Bəlkə həyatımda ilk dəfə jurnalist olduğuma görə utanıram. İstəmirəm bunu kimsə bilsin. Çünki onların orda axtardıqları həqiqətləri onlara verməli olan sahənin təmsilçisiyəm. O sahənin ki, qələmini çoxdan qırıblar, atəş nöqtələrini susdurublar, ara zolaqda qalan meyitləri də illərdir çürüməkdədir. Dəfn etməyə belə icazə yoxdur. Bizə bu da azdırmı? Neyləmək olar? Həqiqət hardadır və onu necə tapmaq mümkündür? Siseron “Müharibə səhnələri zamanı qanunlar susur” deyərkən Azərbaycan KİV-lərinin söz azadlığı, xalqa həqiqəti çatdırmaq missiyasını dondurmasını da nəzərdə tuturdumu? Müxalifət partiyasının rəhbəri ölkənin ən qeyri-şəffaf bir sahəsində baş verənlərə “hurrey” deyib dəstək verirsə, uca millətdən nə gözləmək lazımdır? Niyə adamlar anlamır ki, istənilən atəşkəs insan ölümündən yaxşıdır? Neçə adam ölürsə, bu, qaçılmaz sülh sazişinin neçə adam boyda uzağa düşməsi deyilmi? Bəs Cavidin “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü” misralarını paytaxt küçələrində lövhələrə yazırdınız, nə oldu onun axırı? Haçana qədər “döyüş alnınıza yazılıb” deyənlərin təxribatları cəbhə xəttlərinin hər iki üzündə icra başçılarının, nazir və deputatların uşaqlarının qanının axmasına səbəb olacaqdır? Yeri gəlmişkən, Ərdoğan Türkiyədə bunun daha “sivil” yolun tapıb: AKP üzvlərinin, pullu adamların uşaqları dövlətə müəyyən qədər pul ödəyib ümumiyyətlə əsgərliyə getmirlər. Adamın yazığı gəlir: ölən uşaqlardan biri Biləsuvar çadır şəhərciyində doğulan cəbrayıllı idi. Elə orda da basdırdılar. Bu uşaq nə gün gördü, hansı yaşayış yaşadı axı? Keçən dəfə ermənilərin provokasiya cəhdi zamanı helikopterin vurulması niyə bəzilərinə dərs olmadı? Niyə anlamaq istəmirlər ki, bu cür relyefi olan ərazidə döyüş helikopterini havaya qaldırmaq onun içindəkiləri asan hədəfə çevirməkdən başqa bir şey deyil? Əlbəttə, Rusiya silah satışı baronlarının canı sağ olsun. Yenə hər iki tərəfə helikopter və onları vurmaq üçün silahlar sırıyarlar. Demokratiya olmayınca bu münaqişə vaxtaşırı belə qurbanlarını udmaqla gününü keçirəcək. Çünki sülh danışıqları, millətləri yaxınlaşdırmaq və münaqişəni ədalətli həll etməyi ancaq millətlərdən gerçək mandat almış insanlar həyata keçirə bilər. Qalanı əfsanədir. Deyir atəşi birtərəfli qaydada dayandırırıq. Niyə, nə oldu? Putin acıqlandı, yoxsa təzə silahlar alınmalıdır, vurulan helikopterlərin yeri dolmalıdır? O cümlədən, icra başçıları, nazirlər, deputatlar və müxalifət partiyalarının şefləri təzə igidlər əkib cəbhə xəttinə göndərməlidir? Yəqin ki. Oğlunu icra başçısı qoymuş, Qarabağ qazilərinə isə “adboy” verən lotu xalq şairi demişkən: “Qoy millətdə ruh yaşasın!”. Buyurun - ruh yaşayır, cisim isə öldü. Bu yaxında Tələbə Qəbulu Dövlət Komissiyası rəqəmlər açıqlamışdı, deyir filan rayonda filan qədər savadsız uşaq yaşayır, neçə nəfər orta məktəbin 11-ci sinif şagirdi ümumiyyətlə yazıb-oxumaq bilmir və sairə. Məleykə xanım, siz də təxribat etməyin. Guya o uşaqlar oxumağı öyrənib nə edəcəklər? Nə oxuyacaqlar? Biz jurnalistlərin yazdıqlarını?!

Bizə qoşulun