Medianews.az
Bir-birilə barışmayanların tale ilə barışması
153 baxış

Bir-birilə barışmayanların tale ilə barışması

xalid kazimli kose 1 Bu ölkədə ən çətin əldə olunan işlərdən biri də barışıqdır. Siyasətçiləri, sənətçiləri, hətta sözlə jonqlyorluq edən jurnalistləri dalaşdırmaq asandır, barışdırmaq isə çox çətindir. “Mümkün deyil” də demək olar. İllərdir belə gedir, görə-görə gəlirik, hələ uzun illər də belə gedəcək, görəcəksiniz. Ona görə də keçmiş siyasi məhbus, müxalifətçi demokrat Tofiq Yaqublunun həbsdən yeni çıxdığı günlərdə öz üzərinə götürmək istədiyi barışdırıcılıq missiyasına skeptik yanaşanlar, onu bu işdən çəkindirməyə çalışanlar daha çox idi. Onun azadlıqda olduğu müddətin iki həftəsi tamam olmayıb, ancaq artıq barışmalarını umduğu, uzlaşmalarına çalışdığı tərəflərin ikisindən də mənfi reaksiyalar gəlib. İstər peşəkar mediada, istəsə də sosial şəbəkələrdəki rəylərdən belə anlaşılır ki, heç kəs barışmaq istəmir. Heç kəs barışmaq istəmirsə, bu acı gerçəkliklə barışmaqdan başqa yol qalmır. Barışdırıcılıq missiyasını davam etdirməkdə israrlı olanların tezliklə daha total hücumlara məruz qalması, hörmətsizliklə üzləşməsi qaçılmazdır. Düzdür, Azərbaycan tipli ölkələrin siyasi arenasında uğur qazanmağın düsturunu aşağı-yuxarı çox adam bilir və hamı əmindir ki, müxalifət qüvvələrinin geniş konsolidasiyası və monolit birləşməsi olmadan nə indiki siyasi mühiti, nə də mövcud iqtidarı dəyişmək mümkün olmayacaq. Fəqət müxalifət qüvvələrində postiqtidar dönəminə münasibətdə arzu və ehtiraslar, bundan daha önəmlisi, keçmişdəki umu-küsülərə yönəlik kin və hikkə o qədər şiddətlidir ki, heç kəs “öldürülməmiş ayının dərisi”ni nəzəri olaraq da bölmək iqtidarında deyil. Bu, demokratiyaya hazır olmayan ölkələr üçün xarakterik durumdur. Siyasi qüvvələr nə vaxt öz aralarında konsolidasiyaya nail olarlarsa, o zaman ayrıca götürülmüş bir ölkədə demokratiyanın bərqərarı istiqamətində ciddi addımlar ata bilərlər. Hazırda isə ölkəmizin siyasi qüvvələri arasındakı münasibətlər sovet işğalı dönəmində Əfqanıstanın siyasi qüvvələri arasında olduğundan da pisdir. 1979-cu ildən sonra o ölkənin siyasi qüvvələri, etnik əlamətlərə görə yaradılmış partiyalar bir araya gələrək sovet-rus hərbi qüvvələrinə qarşı ittifaq yaradıb birlikdə vuruşurdular. General Dustumun rəhbərliyi ilə özbəklər, Əhməd şah Məsudun komandanlığı altında taciklər, Gülbəddin Hikmətyarın liderliyi ilə puştunlar və başqa qüvvələrin başlıca məqsədi sovet işğalına son qoymaq, prezident Nəcubullanın başçılıq etdiyi kommunistləri hakimiyyətdən uzaqlaşdırmaq idi. Onlar uzun illərin mübarizəsindən sonra bu məqsədə nail oldular, amma az sonra öz aralarında qanlı müharibəyə başladılar. Nəticədə ölkədə əvvəlcə ana müxalifət qüvvəsi Taliban oldu və sonra bu qüvvə hakimiyyətə gəldi. Bizdə isə siyasi qüvvələr indidən bir-biri ilə vuruşurlar, ortada qan-qada, güllə-mərmi olmasa da, düşmənçilik daha dərindir. Hətta o dərəcədədir ki, bir araya gəlmələri, danışıqlar, müzakirələr aparmaları, yeni müttəfiqlik sazişləri imzalamaları da mümkün görünmür. Ona görə də ölkədə seçkiləri inkar edən, ekstremist mübarizəni məqbul sayan radikal dini qruplar ana müxalifət qüvvəsi olaraq gövdə göstərir, önə çıxmağa başlayırlar. Bugünlərdə Tofiq Yaqublunun qəzetimizdə dərc olunan məhbəs xatirələrində cəzaçəkmə müəssisəindək ekstermist qüvvələrin əsl məram və məqsədlərinə dair qeydləri dərc olunub. Açıq-aşkar görünür ki, bir neçə ilə siyasi arenada daha barışmaz qüvvə peyda olacaq və indiki, parakəndə müxalifət qüvvələrini küncə sıxışdıracaq. O zaman bəlkə də mötədil siyasi qüvvələr arasında konsolidasiya söhbətləri yenidən başlayacaq, amma gec olacaq. Ən pisi odur ki, bir-birilə barışmayanlar öz taleləri ilə, bu çıxılmaz durumla, sonu görünməyən düşmənçiliyin davam etməsi perspektivi ilə barışmış kimi görünürlər.

Bizə qoşulun