Barak Obamanın Kuba səfəri çox tarixi bir səfər idi və elə orada Amerika prezidentinin dediyi bir cümlə çox yaddaqalan oldu: “Mən buraya soyuq savaşın son qalıqlarını basdırmağa, dəfn eləməyə gəldim”. Doğrudan da SSRİ 25 ildir yoxdursa, dünyada hələ də onun reliktlərinin, kərtənkələ quyruğuna bənzər rejimlərin qalması absurddur. Kuba, Şimali Koreya, Venesuela kimi rejimlər heç bir sağlam məntiqə uyğun gəlmir. Əslində heç xəstə məntiqə də uyğun gəlmirlər və bu uydurma “sosializm adacıqlarının” necə həyatda qalması düşündürücüdür. Ölkələrini tısbağa kimi qapayıb, qına çəkilib oturublar.
Ancaq soyuq savaşın qalıqları təkcə bu rejimlərdədirmi? Guya biz – müstəqil, demokratik inkişaf yolu seçdiyini, liberal bazar dəyərlərinə üstünlük verdiyini açıqlayan Azərbaycan mahiyyətcə bu rejimlərdən çox qabağa gedib? Deməzdim. Eyni kommunist təfəkkürü, bənzər repressiyalar, siyasi məhbuslar, siyasi mühacirlər...
Bizim bolşevik-kommunist mirasından qurtulmağımızın bir yolu lüstrasiya haqda qanunun qəbulundan keçir. Keçmiş rejimlə əməkdaşlıq eləmiş, yüksək vəzifələr tutmuş insanlara hakimiyyətin yolları qapadılmalıdır. Belə qanun keçmiş sosialist bloku dövlətlərinin bəzilərində çox müsbət nəticələr verib. Çexiya, Gürcüstan, Ukrayna, Rumıniya, Polşa, Baltikyanı dövlətlər – Estoniya, Latviya və Litva lüstrasiya qanununu qəbul ediblər. Mən indi bu dövlətlərin təcrübəsini bölüşmək, detallı izah eləməkdən uzağam, sadəcə, təzəlikcə lüstrasiyanın önəmli istiqamətlərindən biri haqda – keçmiş KQB agentlərinin adının açıqlanıb, açıqlanmaması mövzusunda yanlış saydığım mövqe gördüm, buna fikrimi yazmaq istərdim.
“Yeni Müsavat” qəzetində keçmiş KQB əməkdaşı (hərçənd, deyirlər KQB-nin əməkdaşı heç vaxt “keçmiş” olmur – bunu zarafat üçün yazdım), təhlükəsizlik məsələləri üzrə ekspert, hörmət bəslədiyim İlham İsmayılı danışdırmışdılar. İlham bəy deyir ki, KQB arxivlərini, keçmiş agentlərin adlarını açmaq zərərlidir, cəmiyyətdə qarşıdurma olar, ən əsası isə, dövlətin təhlükəsizlik sisteminə etibar azalar. Sitat: “Bundan sonra agenturada işləməyə heç kim yaxın gəlməyəcək. Arxivlərin qapalı qalması ilk növbədə dövlətə lazımdır. Arxivlər açılsa, bunun dövlətə digər böyük zərəri var. Dövlət Təhlükəsizlik Xidmətinin əsas silahlarından biri agentura şəbəkəsindən əldə olunan informasiyalardır. Arxivlər açılsa, heç kim agent olmaq istəməyəcək və işə yaxın getməyəcək. Deyəcəklər ki, “kim qarantiya verir ki, 20 il sonra mənim agent olduğumu açıqlamayacaqsız və mən ölkədə biabır olmayacağam”. Ona görə də agentlərin kimliyini açıqlamaq, agentura şəbəkəsini açmaq yox, onların kimliklərini bilmək və nəzarətdə saxlamaq lazımdır”.
İlk növbədə adam haqlı kimi görünür. Ancaq kökündən yanlış yanaşmadır, burda dövlət mənafeyini hallandırmaq yersizdir. Əgər mənim ulu babam 1960-cı ildə, hesab edək, bir cinayətkarın rüşvət alması, lap hansısa casusun dövlət sərhədini pozmasını görüb KQB-yə məlumat veribsə, mən bunun indi açılmasından niyə qorxmalıyam? Burda nə biabırçılıq var? Əksinə, qürur duymaq olar. Sözümün canı odur ki, KQB arxivlərinin açılması, agentura şəbəkəsinin məlum olması ikibaşlı məsələdir. Biri var kiminsə üzünə durub yalandan tutdurasan, ölümünə səbəb olasan, biri də var sivil dünyadakı kimi, cinayət haqda xəbər verəsən. İnsanları şərləyənləri keçmişdə, indi, gələcəkdə - hər zaman üzü tüpürcəkli eləmək lazımdır! Cəmiyyətin xilası bu cür qəti addımlardan keçir. Keçmiş şərçilərin lənətə, müəyyən cəzaya məruz qoyulması indiki agentləri də doğru yola yönəldər, istənilən dövlətə, rejimə yalan məlumat verməkdən çəkinərlər.
Əlbəttə, indiki yapist rejim tamamilə kommunist rejimin varisidir, bunlardan hansısa lüstrasiya qanunu gözləyəcək qədər sadəlövh deyiləm və yuxarıdakı fikirləri daha çox gələcək üçün, rejimi dəyişmək fikrində olanlar üçün yazdım.
27.03.2016, 10:35
208 baxış
Zamin Hacı
Agentlər haqda