
Dostoyevskinin “Karamazov qardaşları” romanında, Mitya Karamazovun məhkəməsi hissəsində yadımdan çıxmayan bir epizod var: Mityanı uşaq vaxtından tanıyan alman həkim ifadə verir və qətldə suçlanan şəxsin əslində ürəyiyumşaq, yaxşılığı unutmayan birisi olduğunu isbat üçün xatirə danışır. Deyir ki, 23 il qabaq bir gün küçədən keçərkən tör-töküntü şalvarda, ayaqyalın bir uşaq gördüm. Fikirləşdim buna niyə qoz alıb verməyim və bir qədər qoz alıb uşağı çağırdım, pay verdim. Uşaq dua elədi, təşəkkürünü çatdırdı. Mən çıxıb getdim, bu əhvalatı da unutdum. Bir gün iş yerimdə oturmuşdum, qapı açıldı, hündür, yaraşıqlı cavan oğlan içəri girdi. Soruşdu ki, onu tanıyırammı. Dedim yox. Gənc – bu, Mitya idi – dedi ki, sizə bir daha sağ ol deməyə gəlmişəm, çünki uşaq vaxtı mənə aldığınız o qozdan başqa heç kim mənə qoz almadı.
Dahi yazıçının çox sevdiyim, dünya ədəbiyyatının 1 nömrəli romanı saydığım əsərindən o epizod srağagün, Belçikada terror olarkən bir daha yadıma düşdü. Məncə, insanın dəhşətli qatil, terrorçu kimi yetişməsində də bəzən elə bu cür xırda, mənasız saydığımız epizodlar böyük rol oynayır. Terror qorxu yaratmaq deməkdir. Qorxunu isə adətən qorxaqlar, zədəlilər, “yaralılar” törədirlər. Örnək üçün, biz Brüsseli Avropanın paytaxtı, super yaşayış məskəni sayırıq, ancaq son terrorçuların, həmçinin, keçən ilin noyabrında Parisdə günahsız insanları qətlə yetirən tiplərin çıxdığı yer – Brüsselin Molenbek rayonu gənclərin 42 faizinin işsiz olduğu bir rayon imiş!
Terror, savaş savadsız mühitdən doğur. (Təsadüfə baxın, savaş və savad sözlərini cəmi bir hərf fərqləndirir). Təhsilsiz, dünyagörüşü formalaşmayan, hərtərəfli kasıb gəncləri “cənnət və hurilər”lə aldadıb şəhid kəməri taxmağa yönəltmək çox asandır.
Yeri gəlmişkən, bəzən deyirlər son dövrün terrorçuları guya yüksək ali təhsil görənlərdir. Bir-iki nəfəri çıxmaqla belə deyil. Üstəlik, kiminsə hansısa universiteti qurtarması da hələ savadlı, dünyagörüşlü olmaq deyil. Obrazlı desək, elm dəryasında boğulanlar da olur. Görürsən adam ən yaxşı universiteti bitirir, ancaq manıslıqla məşğuldur.
Bir də fanatikləri yönəldib özləri aradan çıxan “ziyalılar” var. Örnək üçün, həmin Molenbek rayonunda son terror öncəsi bir tipi tutdular. Bu, Paris terrorunu hazırlayan qrupun liderlərindən Abdessalam idi. Sən demə o da həmin noyabr günü Parisdə stadionu partlatmalı imiş, ancaq şəhid kəmərini atıb aradan çıxmağa üstünlük veribmiş. Həmin Abdessalam bu baxımdan Zori Balayanı, Abdullah Öcalanı, Əl Bağdadini və başqa terror ideoloqlarını xatırladır.
Hansısa sivil toplum, savadlı insanlar Balayan və Öcalan tipli xəstə, qan hərisi, fanatizm yayan quldurların sözüylə hərəkət edərdimi? Adını çəkmək istəmirəm, bizdə də biri meydan hərəkatının qəhrəmanlarından idi, xalqların qan axıtmasını körükləyənlərin başında gedirdi və bu adam təzəlikcə qəzetə intervü vermişdi, görün nə deyir. Sitat: “Türmədə olanda atam öldü, yasını yola verə bilmədim. Altı uşağımın meyidi üstümə gəlsə bu qədər pis olmazdım”. Düşüncəyə baxın... Adamın əti ürpəşir ki, gör biz hansı ağılın yiyəsinin sözü ilə oturub-durmuşuq. Altı uşağın meyidi nə deməkdir? Sivil dünyada intervüdə belə ifadə işlədən adamı valideyn hüququndan məhrum edərlər. Bu altı uşaq o cümləni oxusa terror hiss etməyəcəkmi? Obrazlı danışırsansa, zəhmət çək öz meyidindən danış.
Qərbdə bəzi ölkələrdə başa düşürlər ki, savadsız, sosial çətinliyi olan qrupları bir yerə cəmləyib gettolar yaratmaq təhlükəlidir. O üzdən çalışırlar belə qrupları “pərən-pərən salsınlar”, fərqli regionlara yönəltsinlər. Almaniyada, İsveçdə dövlətin bu cür demoqrafik problemlər üzrə siyasəti var. Misal üçün, elə bu siyasətə görə Almaniyada əhalinin ümumən bərabər paylanması var: hər regionda bir-iki böyük, 2-3 milyonluq şəhər var. Ta bizdəki kimi, hamı paytaxta yığışmayıb.
Samuel Hantinqton hələ 1990-cı illərdə yazdığı “Sivilizasiyaların toqquşması” əsərində bu günləri proqnoz etmişdi. Deyirdi 21-ci əsrdə qanlı dini savaşlar olacaq. Bəlkə də biz İŞİD-i, PKK-nı-filanı sivilizasiya saymaqda düz eləmirik, ancaq savaş ortadadır, faktdır. Şəxsən mən sivil dünyanın bu savaşdan qalib çıxacağına adım kimi əminəm. Nizami Gəncəvi demişkən: “Qüvvət elmdədir başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz”. Bunlar müvəqqəti çətinliklərdir, ağılsız fanatik milçəklərin ürək bulandırmasıdır. Dünya qabaqlar daha qorxulu idi.
Breyvik-in terrorundan sonra Steynar Gil-in – Norveçin Azərbaycanda səfiri olmuş gözəl insanın dediyi bir cümlə heç yadımdan çıxmır: “Biz norveçlilər bu terrordan sonra da əvvəlki kimi yaşamaqda davam edəcəyik, ölkəmiz dəyişməyəcək”. Bax, terrora terror, qorxuya qorxu, zorakılığa zorakılıqla cavab verməyin cəmiyyəti məhvə apardığını bundan yaxşı izah etmək olmazdı. “Biz dəyərlərimizi, humanizmi, insan haqlarını, azadlığı heç nəyə dəyişmirik” – şüar budur.
Ancaq hansısa ayaqyalın uşaq görəndə onu bir fındıqla sevindirməyi də unutmayın. Hər ehtimala qarşı...