Medianews.az
Sahibinin üstünə qayıdan bumeranq-terror...
220 baxış

Sahibinin üstünə qayıdan bumeranq-terror...

xalid kazimli kose 1 Vaxt vardı, ermənilərin terror təşkilatları Avropada Türkiyəni təmsil edən diplomatlara qarşı silsilə terror aktları törədirdi. Almaniya susurdu, Fransa görmürdü, İtaliya dinmirdi, Belçika “mənə nə” deyirdi, İngiltərə qarışmırdı, İsrail “öz dərdim özümə bəsdir” deyirdi, ABŞ uzaqdaydı, SSRİ dəmir qapının bu üzündəydi. Türkiyə gündən-günə şaxələnən erməni terrorizmi ilə burun-buruna qalmışdı. Onlarla qanlı terror aktı törədiləndən, bu dövlətin diplomatları (bəzi hallarda ailələri ilə birlikdə) öldürüləndən sonra Türkiyə terrorçularla onların anladığı dildə danışdı, öz silahları ilə özlərini vurdu, terroçu ovuna çıxdı və bir neçə ilin içində ermənilərin terror şəbəkəsi dağıldı. Bir zamanlar İsrail də fələstinli terrorçuların qanlı həmlələri ilə sarsılırdı. Ərəfatın rəhbərliyi ilə milli-azadlıq mübarizəsi aparan fələstinliləri zaman-zaman günahsız, mülki, dinc insanları da hədəf alırdılar. SSRİ Ərəfatın təşkilatını terrorçu təşkilat saymırdı, Türkiyə bitərəf idi, İngiltərə qarışmırdı, Almaniya fələstinlilərə muxariyyat verilməsini istəyirdi, Fransa yaxasını kənara çəkirdi, ABŞ uzaqdaydı və tərəflər arasında danışıq-barışıq olmasına çalışırdı. Axırda İsrail kəşfiyyatı qisas əməliyyatlarına başladı, Vyanadan tutmuş Amsterdama qədər əlləri israillilərin qanına batmış bütün terrorçular bircə-bircə aşkarlandı, tapıldı, öldürüldü. Bəzilərini çimərlikdə gözəl qadınla aldadıb ələ keçirdilər, bəzilərini maşında yol gedərkən raketlə vurdular, bir neçəsini Avropa paytaxtlarına otellərdə ovladılar. Sonda FAT-ın silsilə terror aktları səngidi. 20 il öncə Rusiya milli-azadlıq mübarizəsi aparan və bir neçə il yarımmüstəqil dövlət olaraq yaşayan çeçenlərin siyasi mübarizədə terrora üstünlük vermələri faktı qarşısında rəzil günə düşmüşdü. Səhra komandirləri Rusiyanın dərinliklərinə keçir, girovlar götürür, öz şərtlərini diktə edirdilər. Bəzi dövlətlər açıq-aşkar, maddiyyatla, silah-sursatla çeçenləri dəstəkləyirdi. İngiltərə çeçenlərə rəğbət bəsləyirdi, Almaniya qarışmırdı, Fransa “mənə nə” deyirdi, Belçika “bu, Rusiyanın problemidir” düşüncəsindəydi, ABŞ uzaqdaydı, amma Rusiyanın bu terror qarşısında rəzil duruma düşməsindən məmnun idi. 2000-ci ildən sonra vəziyyət dəyişdi. Rusiyada hakimiyyətə yeni gələn Putin terrorçularla onların dilində danışmağı qərara aldı. Kreml Şimali Qafqazda antiterror müharibəsinə başladı və milli-azadlıq mübarizəsi aparan çeçenlər ərəb ölkələrindən maliyyələşdirilən terrorçu qruplara çevrildilər. Kreml onların üstünə qırıcılar, bombardmançılar, müasir tanklar göndərdi, üsyanı görünməmiş amansızlıqla yatırtdı. Nəticədə çeçen xalqının mühüm bir hissəsi qətliamların qurbanı oldu, bir xeylisi qonşu ölkələrə qaçıb dağıldı, Çeçenistanın özündə qalanlar isə sındırılmış, əzilmiş şəkildə Kremlin əlaltılarına çevrildilər. Ancaq ABŞ “əl-Kaidə”nin terror aktlarından zərbə alanda heç bir dövləti bitərəf qalmağa qoymadı. İsrail də ona dəstək verdi, Fransa da, İngiltərə də, Almaniya da, Belçika da, İtaliya da, Türkiyə də, hətta Rusiya və Pakistan da. Böyük antiterror koalisiyası yarandı. Nəticədə xeyli terrorçu, o cümlədən bin Laden öldürüldü, “əl-Kaidə”nin başqa liderləri, fəalları ələ keçirildi, təşkilat zəiflədildi. Son vaxtlar Türkiyə PKK terrorundan zərər görür, Avropa dövlətləri qarışmaq istəmirlər. Çünki PKK-nı milli-azadlıq mübarizəsi aparan təşkilat sayırlar. Lap tutaq ki, elədir, PKK sinfi mübarizə aparmır, kürd xalqının öz müqəddaratını təyin etməsi uğrunda mübarizə aparır, ancaq onun mübarizə üsulu terrorizmdir axı. Hazırda İŞİD-lə PKK-nın mübarizə üsulları eyniləşib. Hər ikisi dinc əhaliyə qarşı terrorçu-kamikadzelərdən istifadə edir, mühakiməsiz edamlar həyata keçirir. Ancaq baxın, İŞİD üzvləri bütün dünyada təqib olunduqları halda PKK-çılar Avropada iri şəhərlərin mərkəzində çadır qurub etiraz aksiyası keçirir, PKK bayrağı qaldırır, şüarlar səsləndirirlər. Şimali İrlandiya separatçıları İngiltərədən, basklar və ETA qruplaşması isə İspaniyadan ayrılmaq üçün tələfatsız partlayışlar törətdikləri zaman onları terorçu sayırdılar, amma PKK günahsız insanları qırıb-çataraq, guya ki, milli-azadlıq mübarizəsi aparır və tam olaraq terror təşkilatı sayılmır. Dünyada terrorizmi genişləndirən amil məhz budur: dövlətlər ona ikili standartla yanaşır. Hər dövlət özü hansısa terror təşkilatından zərbə almayınca, həmin təşkilatı qara siyahıya salmağa tələsmir. Zərbə dəyəndə isə vay-nöfsə qopur. Keçən ilə qədər Fransa və Belçika İŞİD-ə qarşı “tolerant” idilərsə, bu gün elə deyillər. Əvəzində bu gün İtaliya, Almaniya, İngiltərə hələlik İŞİD-ə qarşı od püskürmürlər, sabah Romada, Berlində, Londonda terakt olsa, onda onların fəryadı da ərşə qalxacaq. Əslində isə dünyanın harasında olmasından asılı olmayaraq, dinc, günahsız insanlara qarşı teraktlar törədərək öz siyasi məqsədlərinə çatmaq istəyən bütün təşkilatlar, eləcə də terroru dəstəkləyən dövlətlər birmənalı olaraq damğalanmalı, qanundankənar elan olunmalı və onların məhvinə dair fərman verilməlidir. Bir də qüdrətli dövlətlər terrorçu təşkilatları, dövlətləri müdafiə etməkdən birdəfəlik imtina etməlidirlər. Elə bir qüdrətli dövlət yoxdur ki, nə zamansa, yaxud da hazırda hansısa terrorçu dövləti və ya təşkilatı müdafiə, himayə etməsin. Zatən, beynəlxalq terrorizmi ayaqda saxlayan budur. İstənilən terrorçu təşkilat xaricdən güclü himayə görməsə, bir neçə ilin içində dağılıb gedər, sıradan çıxar. Ancaq ona yüklü miqdarda pul-para, silah-sursat verən varsa, döyüşlərdə, əməliyyatlarda qırılıb gedən terrorçuları yerini yeniləri ilə doldurması xeyli asanlaşır. Bir sözlə, terrorizm müasir müharibələrin gizli cəbhəsidir. Təəssüf ki, onun qurbanları əsasən məsum, mülki insanlar olur. Nəhayət, böyük dövlətlər anlamalıdırlar ki, terror bumeranq kimidir, əvvəl-axır sahibinin, himayədarının üstünə qayıdır.

Bizə qoşulun