Siyasi məhbusların bir çoxunun əfv sərəncamı ilə azadlığa buraxılması şübhəsiz müsbət hadisədir. Arzu edərdik onların həbsinə səbəb olan hadisələr də ortalıqdan qalxsın, nəhayət, ölkəmiz kommunizm-yapizm yolunda iri addımlarını davam etdirsin. İnşallah, şəxsən mən ümidvaram Formula-1 yarışı ərəfəsində qalan siyasi dustaqlar da ailələrinə qovuşar, ailəsi olmayanlar da ailə qurarlar, çünki bunun üçün ölkəmizdə hər cür münbit şərait yaradılmışdır, hətta türmədə bakirələrin doğması möcüzəsinə şahidik, görməyənlər nankordur.
Həbsə səbəb olan hadisələri nahaq yerə qeyd etmədim. Onlardan bəzisini vətənə xəyanətdə, bəzisini seçki saxtakarlığına etiraz etdiyi üçün, bir çoxunu isə hətta mitinqə çıxdıqlarına görə tutmuşdular. Bunlar həll olunubmu? Məncə yox. Vətənə yenə xəyanət imkanları qalır, hələ də seçki keçirilir, mitinqlər üçün meydanların isə hamısında millət istirahət üçün uzanmamışdır. Gərək cinayətkarlığa səbəb olan şeylərin kökünü qazıyasan.
O cümlədən, siyasi dustaqların azadlığa çıxması Azərbaycanın müstəqilliyini bir qədər azaltmışdır, şəxsən mən dünən axşam evin su çənini yoxlayanda müstəqilliyin də səviyyəsinə baxdım - bir neçə santimetr enmə gözə girirdi. Axı hər il bir neçə dəfə bayramqabağı əfv sərəncamı söhbəti düşəndə, Avropadan, Amerikadan, Afrika və Okeaniyadan-filandan siyasi dustaqları buraxmaq tələbləri səslənəndə hökumət nümayəndələri bəyan edirdilər: “Azərbaycan müstəqil siyasət yürüdür, bizə heç kim təzyiq edə bilməz”. Hətta 3 ay qabaq Yeni il münasibəti ilə əfv verildi, siyahıya qəsdən 1 damazlıq siyasi məhbus da salınmadı, çünki o ərəfədə ABŞ Konqresindən Smit soyadlı bir kişi hökumətimiz haqda ağzına gələni demişdi, siyasi dustaqları buraxmasaq, yapçılara embarqo qoymaqla hədələyirdi. Ondan sonra 4 ay hamı sakit durdu, cənab prezident də dedi, gedin yaşayın.
Ancaq indi bizim müstəqil siyasətimiz nədə görünəcək? İlqar Məmmədov, İlkin Rüstəmzadə, Seymur Həzi, Xədicə İsmayıl, İntiqam Əliyev və bir dəstə başqa siyasi məhbusları sağ olsunlar, nə yaxşı hələ zindanda qalıblar, müstəqilliyimizin qarantı rolunda çıxış edirlər. Hər bir güclü dövlətin əlinin altında belə məsuliyyətli vətəndaşlar olmalıdır ki, dövlətin müstəqil gücü görünsün. Elə bil lombarda siyasi dustaq girov qoyub müstəqillik götürürsən, bir müddət həmin müstəqilliyi xərcləyirsən.
Demokratiyanın belə mənfi cəhətləri də vardır, neyləmək olar. Elə ölkələr var orda siyasi dustaqları timsahlara yedizdirirlər, Novruz bayramında da camaat əfv gözləmir, gedib əzizləri yeyilən çayın qırağında hippopotama minib yarış keçirirlər. Çox asan müstəqillikdir, lakin bizim öz yolumuz vardır, bizim milli mentalitetimiz, əsrlərin dərinliyindən süzülüb gələn əxlaqımız və mənəviyyatımız tələb edir ki, dünyaya Günəş kimi doğaq!
Sözgəlişi, bəzi Avropa ölkələrində ağsaqqal evə girəndə astanada “ühü-ühü” eləmir. Nəticədə gəlin çatdırıb ətəyini aşağını çəkmir, namus-qeyrət əldən gedir. Hətta Almaniyada ata uşağı babasının gözü qabağında qucağına alır! Bu dərəcədə mənəviyyatsız, əxlaqsız, “lemsə köpəyoğlu” millətlər vardır.
Ancaq bizim xalqımız belə məsələlərdə çox həssasdır. Bir ara mən uzun saqqal saxlayırdım, hamı saqqalıma baxandan sonra dərhal şalvarımın balağına da baxırdı, çünki bilmək istəyirdilər bu tip bəlkə vəhhabidir, Suriyadan təzə gəlibdir. Bu cür körpə qəlbli, kövrək münasibətdən çox sıxılırdım, qəlbim riqqətə gəlirdi, ASAN-Xidmət mərkəzlərinə müraciət eləyib ağlamaq üçün müvəqqəti icazə, lisenziya alırdım. Axırda qərara gəldim saqqalı qırxım, çünki uca millətimizə nigarançılıq yaşatmaq bizə yaraşmaz.
Müstəqilliyin yerinin tezliklə dolması arzusuyla...
18.03.2016, 11:11
249 baxış
Zamin Hacı
Müstəqilliyin bir qədər azalması